Beynəlxalq təşkilatın mükafatı təqdim olunub
12 Nov 2017
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, millət vəkili Səttar Möhbalıyev Konfederasiyanın zəhmətkeşlərin mədəni-məişət problemləri üzrə analitik tədqiqat şöbəsinin müdiri Namiq Hüseynova Ümumhəmkarlar İttifaqları Konfederasiyasının 25 illik yubiley gümüş döş nişanını təqdim edib.
Deyib ki, Azərbaycan
həmkarlar ittifaqlarının fəaliyyəti beynəlxalq təşkilatlar tərəfindən diqqətlə
izlənilir, öyrənilir və layiq olduğu qədər qiymətləndirilir. Artıq
respublikamızdan onlarla həmkarlar ittifaqı lideri beynəlxalq təşkilatların
mükafatlarına layiq görülüb.
S.Möhbalıyev
bildirib ki, Azərbaycan həmkarlar ittifaqı dünya həmkarlar ittifaqının intellekt mərkəzinə
çevrilməkdədir. İşçilərin əmək və sosial hüquqlarının müdafiəsi, istirahətinin
təşkili, sağlamlığının mühafizəsi sahəsində qazandığımız uğurlar diqqətlə öyrənilib
paylaşılır. Dünya həmkarlar ittifaqı hərəkatının ən aktual məsələlərinə dair
konfranslar, seminarların məhz Bakıda keçirilməsi münasib sayılır.
AHİK sədri Namiq Hüseynovu
Azərbaycan həmkarlar ittifaqlarının uğurlarında payı olan əməkdaşlardan biri
kimi dəyərləndirərək
deyib ki, sizin əməyiniz Azərbaycanda da qiymətini alır.
Bizim təqdimat əsasında Azərbaycan Respublikasının Prezidenti cənab İlham
Əliyevin sərəncamı ilə "Əməkdar mədəniyyət işçisi" fəxri adına layiq
görülmüsünüz. Sizə gələcəkdə
də uğurlu fəaliyyət və cansağlığı arzulayırıq.
Namiq Hüseynov beynəlxalq mükafata təqdim
edildiyi və xoş sözlər üçün AHİK sədrinə təşəkkürünü bildirib.
Təqdimetmə mərasimində
AHİK-in Katibi-Aparat rəhbəri Həsən Cəfərov və AHİK-in Katibi-Maliyyə Şöbəsinin
müdiri Qalib Qəribov iştirak ediblər.