Beynəlxalq Birliyin XV Konqresinin iştirakçılarının AHİK rəhbərliyi ilə görüşü olmuşdur
24 Jun 2013
Nümayəndə heyətinin üzvlərini salamlayan Konfederasiyanın sədri Beynəlxalq Birliyin XV Konqresinin Bakıda keçirilməsindən məmnunluq ifadə edərək, Konqres iştirakçılarına öz işlərində uğurlar arzulamışdır. Bakının beynəlxalq səviyyələrdə keçirilən müxtəlif tədbirlərə ev sahibliyi etməsini razılıq hissi ilə vurğulayan S.Mehbalıyev bunu Azərbaycanın beynəlxalq aləmdə gündən-günə artan nüfuzunun real göstəricisi olduğunu bildirdirmşdir. Bu qəbildən olan tədbirlərin, görüşlərin müxtəlif ölkələrin həmkarlar ittifaqlarının, eləcə də beynəlxalq həmkarlar ittifaqları mərkəzlərinin də iştirakı ilə vaxtaşırı Azərbaycanda təşkil olunması Azərbaycan Həmkarlar İttifaqlarının beynəlxalq həmkarlar ittifaqları mərkəzləri ilə sıx əlaqələrə malik olmasından, səmərəli əməkdaşlığından xəbər verir. Müdafiə Sənayesi İşçiləri Həmkarlar İttifaqları Beynəlxalq Birliyinin XV Konqresinin də Bakıda keçirilməsi deyilənlərə bir daha sübutdur.
AHİK sədri qonaqlara Azərbaycan Həmkarlar İttifaqlarının ötən dövrlərdən bəri keçdiyi inkişaf yollarından, fəaliyyətindən danışmış, görülən işlərdən, qazanılan uğurlardan söhbət açmışdır. Respublika Həmkarlar İttifaqı Təşkilatının bu yaxınlarda keçirilmiş IV qurultayının nəticələri barədə qonaqlara məlumat verən Konfederasiya sədri bildirmişdir ki, sıralarında 1 milyon 600 min həmkarlar ittifaqı üzvünü birləşdirən Azərbaycan Həmkarlar İttifaqları ötən qurultaydan bəri öz fəaliyyətində bir çox uğurlara imza atmış, ölkənin ictimai-siyasi həyatında yaxından iştirak edərək vətəndaş cəmiyyətinin formalaşması proseslərinə öz töhfəsini vermişdir.
AHİK sədri çıxışının sonunda ölkələrimizin həmkarlar ittifaqları arasındakı əlaqələrin bundan sonra da inkişaf edəcəyinə və bu əlaqələrin beynəlxalq həmkarlar ittifaqı hərəkatınnın daha da möhkəmlənməsində əhəmiyyətli rol oynayacağına əminliyini ifadə etmişdir.
Görüşdə çıxış edən nümayəndə heyətinin üzvləri səmim qəbul üçün öz dərin təşəkkürlərini bildirmiş, Bakıda toplanan XV Konqresin işinin səmərələ təşkil olunmasında layiqli əmək sərf etdiklərinə görə ev sahiblərinə minnətdarlıqlarını ifadə etmişlər.