Birgə fəaliyyətin səmərəsi
28 Jun 2018
İyunun 28-də Quba rayonunda Kənd Təsərrüfatı Nazirliyi və Kənd Təsərrüfatı və Qida Sənayesi İşçiləri Həmkarlar İttifaqı Federasiyası (Kənd-Qida-İş) “Dayanıqlı İnkişaf Məqsədləri-iş yerlərində layiqli əməyin təminatı və bu sahədə həmkarlar ittifaqlarının təsərrüfat rəhbərləri ilə birgə fəaliyyəti” mövzusunda zona-seminarı keçirib.
Seminarı “Kənd-Qida-İş”Hİ Quba Rayon Komitəsinin sədri
Əli Məmmədov açıb.
Federasiyanın sədr müavini Təhmasib Əliyev məruzə ilə
çıxış edib. O, respublikamızda əmək münasibətlərinin təkmilləşdirilməsi, bu sahədə
işçilərin qanuni hüquq və mənafelərinin təmin edilməsi üçün Beynəlxalq Əmək Təşkilatı
ilə əməkdaşlıq əlaqələrinin get-gedə genişləndirildiyini bildirib. Ayrı-seçkiliyə
yol vermədən insanın azad, bərabər, təhlükəsiz və ləyaqətinə hörmət şəraitində əmək
hüquqlarına təminat verilməlidir.
T.Əliyev çıxışında həmçinin Azərbaycan hökuməti ilə Beynəlxalq
Əmək Təşkilatı arasında əməkdaşlıq çərçivəsində 2016-2020-ci illər üçün Layiqli
Əmək üzrə Ölkə Proqramının həyata keçirilməsində həmkarlar ittifaqlarının rolu,
vəzifələri və iştirakı haqqında məlumat verib.
Federasiyanın sosial-iqtisadi, müdafiə və mədəni-kütləvi
işlər üzrə şöbəsinin müdiri Vaqif Əliyevin “Kollektiv müqavilənin hazırlanması,
bağlanması və yerinə yetirilməsinin əsas prinsipləri”, baş texniki əmək müfəttişi
Anar Tağıyevin “Əməyin mühafizəsi: xüsusən həssas təbəqə gənc işçilər”, 12
saylı Region üzrə Dövlət Əmək Müfəttişliyinin baş əmək müfəttişi Tengiz Nəzərovun
“Qanunvericiliyin tətbiqi, əməyin mühafizəsi sahəsində zonada görülən işlər”
mövzularında çıxışları dinlənilib.
Quba Rayon Kənd Təsərrüfatı İdarəsinin məsul işçisi
Telman Balabəyov əməyin təminatı sahəsində həmkarlar ittifaqları ilə təsərrüfat
rəhbərlərinin birgə fəaliyyətinin vacibliyini diqqətə çatdırıb.Rayonumuzda belə
nümunə var. Gələcəkdə işəgötürənlərlə həmkarlar ittifaqları arasında əməkdaşlığın
daha da təkmilləşdirilməsi, inkişaf etdirilməsi bütövlükdə rayonumuzda kənd təsərrüfatının
tərəqqisinə və əhalimizin rifah halının yüksələn xətlə yaxşılaşmasına təsir
göstərəcək.
Seminarda sahə Hİ Quba, Qusar, Xaçmaz rayon təsərrüfat rəhbərləri,
fermerlər, həmkarlar ittifaqı fəalları və texniki təhlükəsizlik üzrə mütəxəssislər
də çıxış ediblər.
Sonda dinləyicilərin mövzulara və digər məsələlərə aid
suallarına mütəxəssislər tərəfindən ətraflı cavab verilib.