Birgə fəaliyyətin üstünlüklərindən danışılıb
05 Jul 2018
“Bütün dünya, eləcə də Azərbaycan həmkarlar ittifaqı layiqli əmək uğrunda mübarizə aparır. Layiqli əmək dedikdə nə başa düşülür? Beynəlxalq Əmək Təşkilatı bu anlayış altında azad, bərabər, təhlükəsiz və insan ləyaqətinə hörmət əsasında yaradılmış məhsuldar əmək şəraitini nəzərdə tutur”.
Bu sözlər iyulun 5-də Yevlax rayonunda “Dayanıqlı İnkişaf
Məqsədləri: iş yerlərində layiqli əməyin təyinatı və bu sahədə həmkarlar
ittifaqlarının təsərrüfat rəhbərləri ilə birgə fəaliyyəti” mövzusunda
keçirilmiş zona seminarına məruzədə səslənib. Məruzə ilə çıxış edən “Kənd-Qida-İş”
Həmkarlar İttifaqı Federasiyasının sədr müavini Təhmasib Əliyev deyib ki,
layiqli əmək konsepsiyası işçilərin əmək hüququ, məşğulluq, sosial müdafiə və
sosial dialoq kimi dörd komponentə əsaslanır. O, bu komponentlərin hər biri barədə
geniş məlumat verib. Bildirib ki, iki il əvvəl sentyabr ayında Azərbaycan hökuməti
və Beynəlxalq Əmək Təşkilatı arasında əməkdaşlıq çərçivəsində 2016-2020-ci illər
üçün birgə fəaliyyət istiqamətlərini müəyyən edən Layiqli Əmək üzrə Ölkə
Proqramı qəbul olunub. Bu sənədin indikatorlarını mövcud beynəlxalq və milli
standartlar təşkil edir.
Natiq layiqli əməyin təmin olunmasından ötrü Proqramda
reallaşdırılması nəzərdə tutulmuş tədbirlərdən də söz açıb. Onu da diqqətə
çatdırıb ki, Proqramın hazırlanmasında həmkarlar ittifaqları da fəal iştirak ediblər.
Lakin təşkilatımızın işi bununla bitmir. Həmkarlar ittifaqı fəalları üzvlər
arasında əmək hüquqlarına dair maarifləndirmə işləri aparmalı, kiçik və orta
sahibkarlıqda, qeyri-formal iqtisadiyyatda məşğul olan həssas qrupların müdafiəsini
gücləndirməlidirlər.
Seminarda Federasiyanın şöbə müdiri Vaqif Əliyevin, baş
texniki əmək müfəttişi Anar Tağıyevin, Yevlax Rayon İcra Hakimiyyətinin məsul
işçisi Həsən Abdullayevin, 8 saylı Region üzrə Dövlət Əmək Müfəttişliyinin rəis
müavini Məmməd Bayramovun və başqalarının çıxışları dinlənilib. Onlar kollektiv
müqavilələrin hazırlanması, bağlanması və yerinə yetirilməsinin əsas prinsipləri,
iş yerlərində layiqli əməyin təminatı, əməyin mühafizəsində gənc işçilərin
problemləri, əmək qanunvericiliyinin tətbiqi və sair barədə danışıblar. Tədbir
dinləyicilərin suallarına cavablarla yekunlaşıb.
Kənd Təsərrüfatı Nazirliyi və “Kənd-Qida-İş” Həmkarlar
İttifaqı Federasiyasının birgə təşkil etdikləri seminarda Yevlax, Bərdə və
Ağdaş rayonlarının həmkarlar ittifaqı təşkilatı liderləri, fəalları, təsərrüfat
rəhbərləri, fermerlər iştirak ediblər.