"Biz bütün şəhərləri bərpa edəcəyik"
05 Oct 2020
Oktyabrın 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciət edib. Prezident İlham Əliyevin xalqa müraciəti
Cəbrayıl rayonunun və işğal olunmuş digər ərazilərin azad
edilməsində fəal iştirak etmiş bütün əsgər və zabitlərimizi ürəkdən təbrik edirəm.
Onların qəhrəmanlığı, şücaəti nəticəsində bu gün bizim doğma torpaqlarımız bizə
qayıdıb. Bu qanlı döyüşlərdə həlak olmuş bütün şəhidlərimizə Allahdan rəhmət
diləyirəm, yaralı hərbçilərimizə Allahdan şəfa diləyirəm.
Uzun illərdən sonra Cəbrayıl şəhəri azad edildi. Cəbrayıl
bizimdir!
Dörd il bundan əvvəl Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi
yenidən qurulmağa başlamışdır. Uğurlu əməliyyat nəticəsində azad edilmiş yüksəkliklər
imkan verdi ki, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə sakinlər qayıtsınlar.
Gözəl qəsəbə saldıq. Qəsəbənin açılışında demişdim ki, Cocuq Mərcanlı bizim
yenilməz iradəmizin rəmzidir. Cocuq Mərcanlı onu göstərir ki, heç vaxt Azərbaycan
xalqı işğalla barışmayacaq və bizim işğal edilmiş digər torpaqlara qayıdışımız
məhz Cocuq Mərcanlıdan başlamışdır. Hesab edirəm ki, bu gün Cəbrayıl rayonunun
böyük hissəsinin və Cəbrayıl şəhərinin azad edilməsi xüsusi əhəmiyyət daşıyır.
Bilirsiniz, bir həftədir ki, Azərbaycan öz ərazi
bütövlüyünün bərpası uğrunda mübarizə aparır. Döyüş meydanında əsgər və zabitlərimiz
qəhrəmanlıq göstərir, düşmənə sarsıdıcı zərbələr endirir, düşməni yerinə
oturdur, düşməni torpaqlarımızdan qovur, canı-qanı bahasına. Bu şərəfli missiya
tarixdə öz yerini tapacaqdır.
Biz bu gün xalqımızın və dövlətimizin yeni tarixini
yazırıq, şanlı tarixini yazırıq. Biz bu gün tarixi ədaləti bərpa edirik. Çünki
Qarabağ torpağı bizim əzəli tarixi torpağımızdır. Azərbaycan xalqı əsrlər boyu
bu torpaqlarda yaşayıb, yaradıb, qurub, tikib. Ancaq uzun illər ərzində - 30 ilə
yaxındır ki, erməni cəlladları torpağımızı işğal edib, bizim bütün tarixi,
dini, mədəni abidələrimizi darmadağın edib dağıdıblar.
Biz bütün şəhərləri bərpa edəcəyik. Ermənilər tərəfindən
dağıdılmış bütün məscidlərimizi bərpa edəcəyik. Bu bölgələrə həyat qayıdacaq.
Biz ermənilər tərəfindən bizim tarixi adlarımızı dəyişdirib tarixi
saxtalaşdırmaq, eyni zamanda, Azərbaycan xalqının tarixi-mədəni irsini silmək cəhdlərinə
son qoyduq. Bizim yaşayış məntəqələrinin tarixi adları bərpa edilir və bərpa
ediləcəkdir.
Biz öz torpağımızda döyüşürük, vuruşuruq. Bizim ərazi
bütövlüyümüz bərpa edilməlidir və biz haqq yolundayıq. Bizim əsgərimiz xilaskar
əsgərdir. Çünki öz doğma dədə-baba torpağını işğalçılardan azad edir.
Bu gün cəbrayıllılar, əlbəttə ki, sevinc içindədirlər,
necə ki, bütün Azərbaycan xalqı. Dünən bizim qədim yaşayış yerimiz – Suqovuşan
qəsəbəmiz işğaldan azad edildi. Bütün Azərbaycan xalqı bu tarixi hadisəni qeyd
edirdi, bir-birini təbrik edirdi, göz yaşlarını saxlaya bilmirdi. Bu, sevinc
göz yaşlarıdır. 1990-cı illərin əvvəllərində də Azərbaycan göz yaşlarını töküb.
Ancaq o, məğlubiyyət göz yaşları idi, o, faciə göz yaşları idi.
Bu gün Azərbaycan xalqı sevinc içindədir. Cəbrayıllılara
və bütün Azərbaycan xalqına bu gün azad edilmiş yaşayış məntəqələrinin adlarını
sadalamaq istərdim. Bu gün şanlı Azərbaycan Ordusu aşağıdakı yaşayış məntəqələrini
azad edib: Cəbrayıl şəhəri, Karxulu kəndi, Şükürbəyli kəndi, Yuxarı Maralyan kəndi,
Çərəkən kəndi, Daşkəsən kəndi, Horovlu kəndi, Decal kəndi, Mahmudlu kəndi, Cəfərabad
kəndi.
Bu kəndlərin sakinləri, sizə müraciət edirəm, sizin həsrətinizə
son qoyulur və bizim digər bütün qaçqın, köçkün soydaşlarımız bilsinlər ki, biz
onları da onların dədə-baba torpaqlarına qaytaracağıq. Güc yolu ilə! Biz istəyirdik
ki, bu məsələ danışıqlar yolu ilə həll olunsun, səbir göstərirdik. Danışıqlarda
həmişə ədalətli mövqedə olmuşuq, bizə mənsub olanı istəmişik. Başqasının
torpağında heç vaxt gözümüz olmayıb. Amma demişik ki, bu, bizimdir,
xalqımızındır, millətimizindir, bizə qayıtmalıdır, danışıqlar yolu ilə
qayıtmalıdır. Amma bu danışıqlar faktiki olaraq münaqişənin dondurulmasına gətirib
çıxarmışdır. Yəni, buna hesablanmışdır. Otuz il ərzində danışıqlar gedə bilərmi?!
Otuz il ərzində Azərbaycan xalqını belə vəziyyətdə saxlamaq olarmı?! Otuz il ərzində
biz ümidlə yaşayırdıq ki, beynəlxalq birlik bu məsələni həll edəcək. Bu məsələnin
həlli ilə məşğul olan ölkələr, beynəlxalq təşkilatlar öz sözünü deyəcək.
Dünyanın ən ali beynəlxalq orqanı – BMT Təhlükəsizlik Şurası öz qətnamələrinin
yerinə yetirilməsi üçün səy göstərəcək. Bu qətnamələr 27 ildir kağız üzərindədir.
İyirmi yeddi il ərzində biz bütün dövrlərdə - danışıqların bütün dövrlərində
konstruktiv mövqe göstərmişdik, ədalətli mövqe göstərmişdik. Ancaq bunun
müqabilində nə gördük? Təcavüzkar daha da azğınlaşıb. Təcavüzkarın tamahı daha
da böyüyüb, bizim dədə-baba torpağımıza göz dikib. Nəticədə işğal edilmiş bütün
torpaqları qondarma “Dağlıq Qarabağ respublikası”na aid edib, yeni xəritələr dərc
edib və bu xəritələrdə işğal edilmiş bütün ərazilər Dağlıq Qarabağ kimi təqdim
edilir. Ondan sonra nə oldu? Ondan sonra bəyan etdilər ki, bir qarış torpağı Azərbaycana
qaytarmayacağıq.
Biz demişdik ki, axı bu, danışıqlar predmetinə zidd olan
məsələdir. Axı danışıqlarda bizim əsas ümidverici məqamımız o idi və orada göstərilirdi
ki, işğal edilmiş torpaqlar mərhələli yollarla Azərbaycana qaytarılacaq. Biz də
buna razılıq vermişdik ki, mərhələli yollarla qaytarılsın, sülh yolu ilə
qaytarılsın. Bir mərhələdə 5 rayon qaytarılsın, ikinci mərhələdə 2 rayon
qaytarılsın, sonra azərbaycanlılar Dağlıq Qarabağa qayıtsınlar, Şuşaya
qayıtsınlar, ondan sonra Azərbaycan və erməni xalqları birlikdə yaşasınlar, necə
ki, vaxtilə biz yaşamışıq. Bu, ədalətli mövqedir. Bu, beynəlxalq hüququn bütün
normalarına uyğun olan bir mövqedir. Biz nə istəmişik ki? Bunu istəmişik və
buna haqqımız çatırdı və çatır. Amma nə gördük?! Gördük ki, Azərbaycan xalqının
iradəsini sındırmaq istəyirlər. Gördük ki, bizə qarşı yeni müharibə açılır,
bizi yeni müharibə ilə hədələyirlər. Gördük ki, iyul ayında heç bir səbəb
olmadan bizim Tovuz şəhərimiz və digər yaşayış məntəqələrimiz atəşə tutuldu, hərbçilərimiz
həlak oldu, mülki vətəndaş həlak oldu. Gördük ki, avqust ayında diversiya qrupu
göndərildi və o diversiya qrupunun başçısı zərərsizləşdirildi, saxlanıldı. İndi
ifadələr verir, deyir göndərilib ki, terror aktları törətsin. Budurmu
danışıqlar prosesinə sadiqlik?! Sonra isə, Ermənistanın baş naziri cəfəng
fikirlər ortaya atır, tarixi saxtalaşdırır, öz xalqını, beynəlxalq ictimaiyyəti
aldatmağa çalışır. Bir il bundan əvvəl o, “Qarabağ Ermənistandır və nöqtə” deməklə
bütün danışıqlar prosesinə zərbə vurdu, onu mənasız etdi. Danışıqların
formatını dəyişdirmək cəhdləri – “Qondarma, oyuncaq xunta rejimi ilə Azərbaycan
danışıqlar aparmalıdır” sözləri danışıqlar prosesinə tamamilə ziddir. Adekvat
cavab aldımı? Mən Minsk qrupunun həmsədr ölkələrinə, həmsədr olan səfirlərə,
digər beynəlxalq təşkilatlara, Avropa İttifaqının nümayəndələrinə dəfələrlə
demişdim ki, Ermənistana təsir edin, sanksiyalar tətbiq edin, təzyiq edin. Belə
olmaz. Əgər güclü təsir olmasa, Ermənistan daha da azğınlaşacaq, daha da
quduracaq, yeni iddialar ortaya atacaq. Eşitmədilər məni. Mən istəyirdim bu məsələ
sülh yolu ilə həll olunsun. Eşitmədilər. Hesab edirdilər ki, Azərbaycan xalqı və
mən – Azərbaycan Prezidenti bu vəziyyətlə barışacağam?! Hesab edirdilər ki,
bizim müqəddəs şəhərimiz olan Şuşa erməni tapdağında qalacaq, mən bununla
barışacağam?! Azərbaycan xalqının tarixinə zərbə vuran erməni cəlladları ilə
biz danışıqlarmı aparmalıyıq? Azərbaycan xalqı təhqir edildi, Şuşada qondarma
rejimin başçısı özünə “andiçmə mərasimi” keçirmişdir. Baxım görüm, indi andiçmə
mərasimi harada keçiriləcək, yas mərasimini keçirəcək! İndi qaçıb siçan kimi
gizlənib. Çıxsın ortalığa! Ermənistanın baş naziri gedib Şuşada, Cıdır düzündə
rəqs edir, hesab edir ki, biz bununla barışacağıq?! Səhv edir! Heç vaxt biz
bununla barışmayacağıq. Qondarma “Dağlıq Qarabağ respublikası”nın parlamentinin
Şuşaya köçürülməsi nə deməkdir?! Yenə də Azərbaycan xalqını təhqir etmək cəhdidir.
Cəbrayıla Ermənistandan yeni yolun çəkilməsi nə deməkdir?! O deməkdir ki, orada
qanunsuz məskunlaşma aparılacaq. Artıq Livandan, başqa yerlərdən erməniləri gətirirlər,
köçürürlər bizim qədim şəhərimizə, Şuşada yerləşdirirlər, televiziyada göstərirlər,
beynəlxalq konvensiyaları pozurlar, Cenevrə Konvensiyasını tapdalayırlar.
Bunlara söz deyən var?! Tapşırıq vermişəm bütün bizim xarici diplomatik
orqanlara – məsələ qaldırın, BMT-də, ATƏT-də, Avropa İttifaqında, başqa təşkilatlara,
deyin ki, bu, qanunsuzdur! Qanunsuz məskunlaşma cinayətdir! Buna reaksiya
oldu?! Minsk qrupu bir açıqlama verdimi?! Vermədi! Avropa İttifaqı verdimi?!
Vermədi! Dedi ki, bu, bizi maraqlandırmır. Maraqlandırmırsa, indi də
maraqlandırmasın. İndi nə əl-ayağa düşmüsünüz? İndi nə hoqqalardan çıxırsınız?
Azərbaycana qarşı iftiralar irəli sürülür, bəzi ölkələr, Avropa ölkələri bizi
ittiham edirlər. Getsinlər güzgüyə baxsınlar. Bu ittihamların heç bir əsası
yoxdur ki, kimsə imkan verməz Azərbaycan Dağlıq Qarabağı fəth etsin. Dağlıq
Qarabağ bizimdir, bizim torpağımızdır, biz oraya qayıtmalıyıq, qayıdırıq və
qayıdacağıq!
Ona görə indiki vəziyyətdə birinci günahkar Ermənistan rəhbərliyidir.
Eyni zamanda, bu məsələyə biganə yanaşan və daim Ermənistanın tərəfini saxlayan
və bu işğalı əbədi etmək istəyən bəzi ölkələrin dairələridir. Azərbaycan özü bu
məsələni həll edir və mən 27 sentyabr hadisələrindən əvvəl Ermənistana
demişdim, gəl, təkbətək vuruşaq. Baxaq kim-kimdir! İndi nə oldu? Paşinyan hər
gün bir dünya liderinə zəng edir. Hər gün! Mən heç kimə zəng etməmişəm, heç bir
liderə zəng etməmişəm. Təmaslarım olub, mənə zəng ediblər. Amma o, adam
qalmayıb ki, zəng etməsin, yalvarmasın, emissar göndərməsin, ağlamasın, onların
ayağına yıxılmasın. Bax budur bunun sonu. Əgər bizimlə normal dildə danışsaydı,
bizim müqəddəs şəhərimizi mundarlamasaydı, əlbəttə, biz ümidlərlə yaşayıb
çalışardıq ki, bu məsələ danışıqlar yolu ilə həll olunsun. Amma hər addım təxribat,
hər addım təhqir və hesab edir ki, biz bununla barışacağıq?! İndi biz göstərdik
kim-kimdir. İti qovan kimi qovuruq onları! Azərbaycan əsgəri onları iti qovan
kimi qovur! İşğal edilmiş torpaqlarda Azərbaycan bayrağı qaldırılır! Onların səngərlərində
Azərbaycan əsgəri dayanır! Onların postları bizim əlimizdədir! Onların tanklarını
biz sürürük! Onların digər silahlı texnikaları bizim əlimizdədir, yük maşınları
bizim əlimizdədir! Biz xilaskar missiyamızı icra edirik və edəcəyik!
Ermənistan rəhbərliyi yaxşı düşünsün, hələ ki, gec deyil.
Bizə yeddi şərt irəli sürür. Sən kimsən ki, bizə şərt qoyasan?! İndi baxım
görüm nə şərt qoyursan bizə! Yıxılıb diz çöküb yalvarırsan ki, atəşkəs bərpa
olunsun. Atəşkəs Ermənistanın baş nazirinin xahişi ilə 2 il ərzində bərpa
olunmuşdu. Məndən xahiş etmişdi ki, daxildə vəziyyət ağırdır, oradan-buradan məni
sıxırlar, mənə vaxt verin, mən bu məsələni həll edəcəyəm, mən yeni fikirlərlə gəlmişəm.
Mən keçmişdə nə olub hamısının üstündən xətt çəkmişəm, imkan verin, vaxt verin.
Dedim yaxşı. Nə oldu? Bir ildən sonra çıxış edib deyir ki, “Qarabağ Ermənistandır”.
İndi desin “Qarabağ Ermənistandır”. İndi mənə olan zənglər və zənglər əsnasında
gedən söhbətlər əlbəttə ki, konfidensial xarakter daşıyır və bəzi hallarda indi
soruşurlar bəs, sizin şərtiniz nədir? Mənim şərtim birdir - çıxsın bizim
torpaqlarımızdan, çıxsın, qarşıdurma dayansın. Amma sözdə yox, əməldə. Desin
ki, mən Azərbaycanın ərazi bütövlüyünü tanıyıram, necə ki, baza prinsiplərində
bu, təsbit edilib. Desin ki, mən işğal edilmiş torpaqlardan qoşunlarımızı
çıxaracağam, necə ki, baza prinsiplərində bu, təsbit edilib. Desin ki, mən Azərbaycan
xalqından üzr istəyirəm və desin ki, Qarabağ Ermənistan deyil. Sonuncu şərt
budur ki, qrafik versin, işğal edilmiş torpaqlardan erməni silahlı qüvvələrinin
çıxarılması cədvəli verilsin bizə. Onda biz əlbəttə ki, atəşkəs rejimini bərpa
edəcəyik. Halbuki indi şiddətli döyüşlər getdiyi zaman bunu etmək çətindir.
Çünki biz dayansaq, onlar dayanmayacaq. Amma hər halda, bunun üzərində işləmək
olar. Yoxsa ki, siz dayanın, onlara vaxt verin. Nəyə vaxt verək? Vaxt verək ki,
güc toplasınlar? Vaxt verək ki, yenə də adam toplasınlar bizə hücum etsinlər?
Bizi belə sadəlövh sayırlar bunlar? Vaxt verin ki, bunlar gəlsinlər
danışıqlara. Mən nə lazımdır dedim, vəssalam.
Bu gün Cəbrayılın işğaldan azad edilməsi Ermənistana,
onun havadarlarına dərs olmalıdır. Mən hadisələrdən əvvəl demişdim. Orada təxribat
törətdi, dərs verdik, dərs olmadı. Burada təxribat törətdi, dərs verdik, dərs
olmadı. Nəhayət, bu dəfə təxribat törətdi, dərs verdik, indi dərs oldu.
Biz haqq-ədalət tərəfindəyik. Biz tarixin ən şərəfli
anlarını yaşayırıq. Azərbaycan xalqı qədim xalqdır. Bizim tariximizdə bir çox şərəfli
anlar olub, hadisələr olub, qələbələr olub. Onların sırasında bugünkü hadisələr
xüsusi yerdədir. Biz ədaləti bərpa edirik, ərazi bütövlüyümüzü bərpa edirik, Azərbaycan
xalqının ümidlərini doğrulduruq və bundan sonra da doğruldacağıq. Biz haqlıyıq,
biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!