BMT-nin biznes və insan hüquqları üzrə işçi qrupunun üzvlərinin AHİK-də qəbulu
19 Aug 2014
Belə görüşlərdən biri Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında baş tutub.
AHİK sədri, millət vəkili Səttar Mehbalıyev qonaqları salamlayaraq Azərbaycanda həmkarlar ittifaqının yaranma tarixindən danışıb. Bildirib ki, 1904-cü ildə neft sənayesi sahəsində çalışan işçilərlə sahibkarlar arasında bağlanan "Mazut müqaviləsi" həmkarların fəaliyyətinin başlanğıcı hesab olunur. Bu müqavilə ilə neft sahəsində çalışan fəhlələr bir sıra sosial məsələlərin həllində müəyyən güzəştlər qazandılar və az da olsa iqtisadi vəziyyətlərini düzəldə bildilər. 2004-cü ildə bu müqavilənin 100 illiyi tədbirində 70-dən çox ölkənin nümayəndəsi iştirak etdi.
Əsas məqsədimiz işçilərin əmək və sosial-iqtisadi hüquqlarının müdafiəsidir. Ölkəmiz müstəqillik əldə etdikdən sonra həmkarlar ittifaqları tam yeni formada fəaliyyət göstərməyə başladı. 1992-ci ildə Konfederasiya yaradıldı və bütün sahələrdə fəaliyyət göstərən təşkilatlar könüllü şəkildə burada birləşdilər.
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və onun üzv təşkilatları insan hüquq və azadlıqlarının səmərəli təmin edilməsi, hüquq pozuntularının qarşısının alınması, habelə pozulmuş hüquqların bərpası, bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi, həmçinin insan hüquqlarının daha etibarlı qorunması üçün bir sıra tədbirlər həyata keçirir. Bu tədbirlərdən biri də Azərbaycan Respublikası Nazirlər Kabineti, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası arasında hər iki ildən bir Baş Kollektiv Sazişin imzalanmasıdır. Bu Sazişdə insan və vətəndaş hüquqlarının qorunmasına dair müddəalar daha dolğun əks olunur. AHİK sədri daha sonra bildirdi ki, həmkarlar ittifaqı komitələrinin səyi ilə kollektiv müqavilələrdə işəgötürənin iqtisadi imkanları nəzərə alınaraq işçilər üçün Əmək Məcəlləsində və Baş Kollektiv Sazişdə nəzərdə tutulduğundan daha güzəştli əmək və sosial-iqtisadi şərtlər, sosial-məişət məsələləri əks olunur. Azərbaycan həmkarlar ittifaqları təşkilatları ilə işəgötürənlər arasında 13206 kollektiv müqavilə, 121 saziş imzalanmışdır.
Həmkarlar ittifaqları əmək hüquqlarının qorunmasına ictimai nəzarəti müxtəlif hüquqi əsaslarla həyata keçirir.
2013-cü ildə Respublika həmkarlar ittifaqlarına 151690 ərizə və şikayət daxil olmuş və onların 97,5%-i müsbət həllini tapmışdır. Ümumilikdə əmək qanunvericiliyinin tələblərinin pozulması ilə bağlı 4165 ərizədən 2855-i müsbət həll edilmişdir ki, bu da 70%-ə yaxın bir göstəricidir. İşçilərin ixtisarı, işdən çıxarılması və digər hüquqların pozulması ilə əlaqədar 2841 müraciət olmuşdur. AHİK və üzv təşkilatlarında işə bərpa ilə əlaqədar 345 müraciətdən 158 müraciət müsbət həll edilib. Məhkəmələrdə əmək mübahisəsinə aid 17 iddia qaldırılmış, bunlardan 9 iddia təmin olunmuşdur. İstər üzvlərimizin hüquqlarının müdafəsini, istərsə də həmkarlar ittifaqı hüquqlarının qorunmasını təmin edən norma yaradıcılığı ilə bağlı son 6-7 il ərzində 120-dən artıq normativ-hüquqi akt AHİK-də müzakirə olunmuş, irad və təkliflər verilmişdir. Belə ki, əvvəllər işəgötürənin təşəbbüsü ilə əmək müqaviləsinin ləğvi zamanı razılaşmaların aparılması həmin məsələnin kollektiv müqavilələrdə nəzərdə tutulmasından asılı idi. Bu isə təcrübədə özünü doğrultmurdu. Bu cür məsələnin kollektiv müqaviləyə salınmasında çətinlik yaranırdı. Əmək Məcəlləsinin 80-ci maddəsinə 10.10.2006-cı ildə dəyişiklik edilməsi ilə bu problemə son qoyuldu. Kollektiv müqavilədə nəzərdə tutulmasından asılı olmayaraq işəgötürənin təşəbbüsü ilə 70-ci maddədə nəzərdə tutulmuş 2 əsasla - işçilərin sayı və ştatların ixtisarı aparılarkən və həmkarlar ittifaqı üzvü özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, əmək vəzifələrini kobud şəkildə pozduqda həmkarlar ittifaqları ilə qabaqcadan razılaşma aparılması omperativ qaydada Məcəllədə öz əksini tapdı. İşdən çıxarma ilə bağlı işəgötürənin müraciətindən əgər 2012-ci ildə ümumi müraciətlərin 19%-nə etiraz edilmişdirsə, 2013-cü ildə bu rəqəm 49%-ə çatmışdır.
İşçi qrupunun üzvü Puvan Selvanatan üzvlük haqlarının necə yığılması ilə bağlı sualını AHİK sədri belə cavablandırdı: “Həmkarlar ittifaqı üzvlərindən tutulmuş üzvlük haqlarının vaxtında müəssisə həmkarlar ittifaqı təşkilatlarının xüsusi hesabına köçürülməsində olan çətinlik də öz həllini tapdı. Belə ki, 2012-ci ildə "Həmkarlar ittifaqları haqqında" qanunun 20-ci maddəsinə dəyişiklik edildi. Həmin dəyişikliyə görə, mülkiyyət formasından asılı olmayaraq işəgötürən işçilərin əməkhaqqından həmkarlar ittifaqına üzvlük haqqını mühasibatlıq vasitəsilə tutaraq 4 iş günü müddətində həmin müəssisənin həmkarlar ittifaqı təşkilatının xüsusi hesabına köçürməlidir. Bu normaya riayət etməyən işəgötürən vəzifəli şəxslər üçün 1000 manatdan 1500 manatadək cərimə nəzərdə tutulmuşdur.
Həmkarlar ittifaqlarının həmişə diqqət mərkəzində olan məsələlərdən biri də BƏT-in Respublikamız tərəfindən ratifikasiya olunan və BƏT tərəfindən qəbul olunmuş konvensiyalarında əks olunan əsas prinsiplərə və hüquqlara əməl olunmasıdır. Qeyd etmək lazımdır ki, BƏT-in konvensiyalarında nəzərdə tutulmuş tələblər Avropa Sosial Xartiyasında da öz əksini tapmışdır. Bundan sonra milli qanunvericiliyimiz bu beynəlxalq hüquq normalarına uyğunlaşdırıldı.
Bizi ən çox narahat edən məsələlərdən biri də işçilərin işə qəbulu vaxtı onlarla əmək müqavilələrinin bağlanmaması idi. Əmək müqaviləsinin bağlanmasında işçilərin daha diqqətli olması üçün onların maarifləndirilməsi məqsədi ilə AHİK tərəfindən "Sosial paket" adlı tövsiyə hazırlanmışdır.
Ötən ilin son günlərində Əmək Məcəlləsinə edilən dəyişikliklərlə bu neqativ hallara son qoyulmasına şərait yaradıldı.
Bu dəyişikliklərə əsasən, əmək müqavilələrinin bağlanması, onlara dəyişiklik edilməsi və əmək müqavilələrinə xitam verilməsi müvafiq əmək müqaviləsi bildirişinin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra qüvvəyə minir.
Yalnız bundan sonra işçi ilə işəgötürən arasında əmək münasibətləri yaranır. Əmək münasibətlərinin belə formada yaranması işçilərin, həm də işəgötürənlərin əmək hüquqlarının daha dolğun müdafiəsinə, işəgötürən-işçi münasibətlərinin rəsmiləşdirilməsində mövcud problemlərin aradan qaldırılmasına yönəldilmişdir.
Bütün yuxarıda göstərilən məsələlərin həllində, sözsüz ki, işçilərin maarifləndirilməsi xüsusi yer tutur. Bu məqsədlə həmkarlar ittifaqlarında genişmiqyaslı tədbirlər həyata keçirilir”.
Puvan Selvanatan bildirdi ki, transmilli şirkətlərlə hər bir ölkədə problemlər mövcuddur. Respublikanızda işçilərin hüquqlarının qorunması hansı səviyyədədir?
Səttar Mehbalıyev suala konkret cavab verdi: "Respublika ərazisində fəaliyyət göstərən transmilli şirkətlərdə yerli işçilərin hüquqlarının pozulması hallarının qarşısını almaq məqsədi ilə "MDB ölkələri ərazisindəki transmilli şirkətlərdə və maliyyə-sənaye qruplarında həmkarlar ittifaqı təşkilatlari strukturunun problemləri", "Milli səviyyədə layiqli əməyin təminatında transmilli şirkətlərin iştirakı" mövzularında beynəlxalq konfranslarda fəal iştirak etmiş, tələb və təkliflərlə çıxış edilmişdir. Buna baxmayaraq, transmilli şirkətlərdə həmkarlar ittifaqlarının yaradılması çətinliklərlə həyata keçirilir".
Azərbaycan həmkarlar ittifaqları işçilərin hüquqlarının müdafiəsi ilə yanaşı, eyni zamanda onların asudə vaxtlarının səmərəli keçirilməsi, sağlam həyat tərzinin geniş təbliğatı, insan alverinin qarşısının alınmasında iştirakı, miqrantların hüquqlarının qorunması kimi məsələlərin də həllində öz töhfələrini verməyə, bütün imkanlarından istifadə etməyə çalışır.
Görüşün sonunda BMT-nin İşçi Qrupunun üzvləri Səttar Mehbalıyevə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının gördüyü böyük işlərdən məmnunluğunu bildirdilər və AHİK sədrinin Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının vitse-prezidenti seçilməsi münasibətilə təbrik etdilər.