Brüsseldə Pan Avropa Regional Şurasının Assambleyası keçirilmişdir
15 Dec 2011
İki ildən bir keçirilən Baş Assambleyada quruma üzv ölkələrin həmkarlar ittifaqları milli mərkəzlərinin sədrləri iştirak edirdi. Avropa Birliyinin İqtisadi və Sosial Şurasının konfrans zalında təşkil olunmuş tədbirin gündəliyinə ötən dövr ərzində görülmüş işlərin hesabatı, 2011-2015-ci illər üçün fəaliyyət proqramının təsdiqi, təşkilatın sədrinin və müavinlərinin seçilməsi, Avropa Sosial Xartiyasının 50 illiyi haqqında və digər məsələlər daxil edilmişdi.
Öncə PARŞ-ın sədri Mixail Şmakov qısa açılış nitqi ilə tədbir iştirakçılarını salamladı. O, PARŞ-ın yaradılması ilə regionda həmkarlar təşkilatları arasında əməkdaşlığın əsasının qoyulduğunu bildirdi. Baş katibin müavini Yap Vinen çıxışında qeyd etdi ki, bu təşkilat yaranmamışdan əvvəl qitənin şərqi və qərbi arasında sosial dialoq baxımından ciddi fərq mövcud idi. Biz bu təşkilatın timsalında bütün Avropada sosial dialoqun təmin olunmasında işçiləri təmsil edən bir qurum yaratdıq. Son dövrlərdə Avropada hökumətlər işçilərin maraqlarını deyil, büdcənin qorunmasının qayğısına qalır. İş yerləri bağlanır, işsizlik artır. Bütün bunları nəzərə alaraq biz milli, regional və beynəlxalq səviyyədə sosial dialoqun təmin olunmasına çalışmalıyıq. Son 4 ildə PARŞ imkanların məhdudluğuna baxmayaraq üzv təşkilatların dəstəklənməsi baxımından mühüm addımlar atmışdır.
Sonra PARŞ-ın Baş katibi Bernadet Sanyoel çıxış edərək bildirdi ki, regionumuzda bir çox çağırışlar var, təhdidlər var. Ona görə də, biz daha çox işəgötürənlərlə işləməliyik. Avropada bərabərlik yoxdur. Varlılarla kasıblar arasında uçurum böyükdür. 2008-ci ildə biz maliyyə böhranı yaşadıq, fikirləşdik ki, bu çox çəkməz. Lakin təəssüf ki, fikirləşdiyimizin əksinə oldu. Artıq böhran Avropanı cənginə alıb. Avropalı olaraq hər zaman fəxr edirdik ki, bizdə işlək Sosial Dialoq Modeli var. Amma indi başa düşürük ki, bu model təhlükə altındadır. Bir çox Avropa ölkələrində artıq sosial dialoq ciddi xarakter daşımır. Əsl sosial dialoq qarşı tərəfin fikirlərini eşitmək və nəzərə almaqdır. Biz konkret olaraq Macarıstandakı vəziyyətdən narahatıq. Hökumət öz öhdəliklərini təmin etmir. Bununla bağlı siyasi dairələrə təzyiqimizi artıracağıq. Bolqarıstan, Latviya, Slovakiya, Rumıniya və digər ölkələrdə bununla bağlı problemlər var. İtaliya, Portuqaliyada və Yunanıstanda baş verən hadisələr göz qabağındadır. Biz Avropada həmkarlar ittifaqı təşkilatlarını təmsil edən qurum olaraq Gürcüstanda və Belarusda həmkarlar ittifaqlarının vəziyyətindən çox narahatıq. Bunun üçün Beynəlxalq Əmək Təşkilatı ilə birlikdə bu təşkilatlara siyasi baxımdan kömək edəcəyik.
Sonra müzakirə olunan məsələlər ətrafında çıxışlar və müzakirələr başlandı.
«Hak-İş» Türkiyə İşçi Sendikaları Konfederasiyasının sədri Mahmut Arslan PARŞ-ın fəaliyyətini bəyənərək, qurumun regionda işçilərin maraqlarını uğurla təmsil etdiyini bildirdi. O, qurumun, xüsusən son dövrlərdə qadın və gənclər təşkilatlarının gücləndirilməsini əlamətdar hal kimi qeyd etdi.
Belarus Demokratik Həmkarlar İttifaqları Konfederasiyasının prezidenti Aleksandr Yaraşuk ölkəsindəki vəziyyətin pis olduğunu, həmkarlar təşkilatlarının işləməsi üçün heç bir şəraitin olmadığını diqqətə çatdırdı. Bildirdi ki, siyasi rejim həmkarları təqib edir və daim nəzarətdə saxlayır.
İtaliya Həmkarlar İttifaqları Konfederasiyasının sədri ölkədə sosial dialoqun olmadığını, bunun da nəticəsində əsasən pensiyaçıların əziyyət çəkdiyini, gənclərin işsizliklə üzləşdiyini bildirdi. Əhalinin 73%-nin mənzili yoxdur. Sosial problemlər artır. Hökumətlə dialoq alınmadığı üçün həmkarlar ittifaqları işçilərin kütləvi tətillərini təşkil edir.
Xorvatiya həmkarlar ittifaqlarının nümayəndəsi isə dedi ki, hökumətin başı Avropa Birliyi ilə əlaqə qurmağa qarışıb, sosial problemlər onlar üçün ikinci dərəcəli məsələdir.
AHİK sədri, millət vəkili Səttar Mehbalıyev region ölkələrinin həmkarlar ittifaqı milli mərkəzlərinin rəhbərlərinin daha tez-tez görüşməsinin vacibliyini qeyd etdi: Dedi ki, bu görüşlər bizə çox şey verir. Həm ölkələrimizdə baş verən prosesləri ilkin mənbədən dəqiq öyrənir, təcrübələrimizi bölüşür, həm də beynəlxalq tədbirlərdə vahid mövqedən çıxış etmək üçün mələhətləşmələr apara bilirik.
Sonra S.Mehbalıyev sözünə davam edərək bildirdi ki, bugünkü görüşümüzün əsas məqsədi odur ki, biz ötən dövr ərzində PARŞ-ın fəaliyyətinə bir növ qiymət verməliyik. Verəcəyimiz qiymətin real olması üçün ilk növbədə aşağıdakı suallara aydınlıq gətirməliyik: 2007-ci ildə bu qurumu yaradarkən nəzərdə tutduğumuz hədəflərə çatmışıqmı? Avropada sosial dialoqun inkişafının hansı regional şura töhfələri olub? Şura regionda əməyin və həmkarlar ittifaqları hüquqlarının müdafiə olunmasında iştirak edə bilirmi?
S. Mehbalıyev vurğuladı ki, Mixail Şmakovun çıxışında, eləcə də PARŞ-ın təqdim olunan təşkilatlarının hesabatında qeyd edildiyi kimi, təşkilat yuxarıda qeyd edilən məsələlərdə mühüm işlər görüb. Sevinirəm ki, təşkilatımız qısa zamanda özünü doğruldub. Lakin biz daha çox gələcəyi düşünməliyik və təşkilatımızı qorumaq üçün, zamanın ortaya çıxardığı sosial, iqtisadi problemlərlə mübarizə aparmalıyıq. Bunun üçün ilk növbədə təşkilatımızı hər cəhətdən gücləndirməliyik. İstər kadr potensialı, istərsə də maddi baxımdan. Əgər lazım olarsa üzvlük haqqı məsələləri bir daha nəzərdən keçirilməli və əlavə vəsait mənbələri axtarılmalıdır. Sözsüz ki, üzv dövlətlər müəyyən olunmuş üzvlük haqlarını vaxtlı-vaxtında ödəməlidirlər. Mən həmçinin istərdim ki, PARŞ-ın tədbirlərinin əksəriyyəti təkcə Brüsseldə deyil, müxtəlif ölkələrdə də keçirilsin. Belə olan halda yerli həmkarlar ittifaqı təşkilatının həm ölkədə nüfuzu artar, həm də PARŞ-ın üzərinə daha az öhdəlik düşər.
S.Mehbalıyev Azərbaycanda həmkarlar ittifaqlarının vəziyyəti ilə bağlı fikirlərini bölüşdü. Qeyd etdi ki, son illər Azərbaycan Respublikasının Əmək Məcəlləsinə, eləcə də «Həmkarlar ittifaqları haqqında» qanununa bir çox dəyişikliklər edilərək həmkarlar ittifaqlarına müəyyən hüquqlar verilib, həmkarlar ittifaqlarının daha yaxşı fəaliyyəti üçün hüquqi zəmin yaradılıb. Əmək Məcəlləsində yeni dəyişikliyə görə, heç bir işəgötürən həmkarlar ittifaqı təşkilatının yazılı razılığı olmadan işçini işdən çıxara bilməz. Üzvlük haqlarının həmkarlar ittifaqı təşkilatının hesabına vaxtında köçürülməməsi ilə bağlı işəgötürən İnzibati Xətalar Məcəlləsinə görə cərimə ödəməlidir. Bütün bu mütərəqqi dəyişikliklər həmkarlar ittifaqı təşkilatlarının fəaliyyətinə müsbət təsir edir. Ümumiyyətlə sosial əmək qanunvericiliyi Avropa Sosial Xartiyasına uyğunlaşdırılır.
AHİK sədri sözünə davam edərək bildirdi ki, Azərbaycanda iqtisadi proqramlar uğurla icra olunur. Respublika Prezidentinin rəhbərliyi ilə ölkədə ciddi iqtisadi nailiyyətlər əldə edilir. Bunun nəticəsində də ölkədə sosial problemlərin həll olunması üçün daha çox vəsait ayrılır. Yoxsulluq həddi qısa müddətdə 49%-dən 9%-ə enmişdir. Bir milyona yaxın yeni iş yeri açılmışdır. Ümumdünya qlobal böhranlar şəraitində belə ölkəmizdə əməkhaqları artırılır.
Çıxışının sonunda S.Mehbalıyev PARŞ-ın İcraiyyə Komitəsinə, rəhbərliyinə öz təşəkkürünü bildirərək dedi ki, onların gərgin əməyi olmasaydı, biz bu gün uğurlardan danışa bilməzdik. O, daha sonra PARŞ-ı və tədbir iştirakçılarını Gürcüstan həmkarlar ittifaqlarını mənəvi və maddi cəhətdən dəstəkləməyə çağırdı. «Unutmayaq ki, milli həmkarlar ittifaqları mərkəzləri nə qədər güclü olsa, PARŞ da bir o qədər güclü olar».
Gürcüstan Həmkarlar İttifaqları Konfederasiyasının sədri İrakli Petriaşvili çıxışına AHİK sədri
Üzv təşkilatların rəhbərlərinin çıxışlarından sonra müzakirələrə yekun vuruldu. 2011-2015-ci illər üçün fəaliyyət proqramı qəbul edildi. Sonra Şuranın rəhbər vəzifələrinə seçkilər keçirildi. Sədr vəzifəsinə Rusiya Müstəqil Həmkarlar İttifaqları Federasiyasının sədri Mixail Şmakovun namizədliyi yekdilliklə bəyənildi. Sədrin müavinləri vəzifəsinə isə Erik Foler (Avstriya), Marianna Kesner (Rumıniya) və Yohanna Şmolov (Polşa) seçildilər.
Sonda Avropa Sosial Xartiyasının qəbul olunmasının 50 illiyi ilə bağlı məruzə dinlənildi. Məruzədə xartiyanın Avropa sosial münasibətlər sistemində vacib qanunvericilik sənədi olduğu bildirildi. Bununla da Baş Assambleya öz işini başa vurdu.
Assambleyanın işində Azərbaycan Mədəniyyət İşçiləri Müstəqil Həmkarlar İttifaqları Respublika Komitəsinin sədri Cəmilə Səttarova və bu sətirlərin müəllifi də iştirak etmişlər.
Fuad Məmmədov
AHİK-in beynəlxalq əlaqələr şöbəsinin müdir müavini