AZ | RU | EN

Budapeşt şəhərində Pan Avropa Regional Şurasının on ikinci “Yay məktəbi” işə başladı

09 Jul 2019

İyulun 9-da Macarıstanın paytaxtı Budapeşt şəhərində Pan Avropa Regional Şurasının (PARŞ) on ikinci “Yay məktəbi” işə başladı. “Avropada, Mərkəzi Asiyada demokratiya və azadlıq” mövzusunda keçirilmiş tədbirin açılış mərasimində Şuranın və Gürcüstan Həmkarlar İttifaqları Konfederasiyasının prezidenti İrakli Petriaşvili, Macarıstan Həmkarlar İttifaqları Konfederasiyasının və Macarıstan Azad Həmkarlar İttifaqları Konfederasiyasının rəhbərləri salamlama nitqi söylədilər. Avropanın və digər üzv ölkələrin üzləşdiyi, həmkarlar ittifaqlarının da müzakirə mövzusu olan, problemlərə, artıq əngələ çevrilmiş ənənələrə toxundular.

Sonra tədbir sessiyalarla davam etdirildi. İlk sessiyada çıxış edən  Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının (BHİK) Baş katibinin müavini Oyen Tyudor, PARŞ-ın və Avropa Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) Baş katibi Luka Visentini təmsilçiləri olduqları qurumların qurultaylarının yekunları və qarşıya qoyulan vəzifələr barədə məlumat verdilər. L.Visentini bildirdi ki, əgər biz ədalətli Avropa qurmaq, demokratiyanı möhkəmlətmək istəyiriksə, kollektiv müqavilələrin miqyasını genişləndirməliyik. Həmkarlar ittifaqı ilə işəgötürən arasında razılaşmalar imzalanmalıdır. Sosial dialoq aktivləşdirilməlidir. Bu danışıqlarda işçilərin iştirakı təmin olunmalıdır. Qeyri-bərabərliyin inkişafı, təhlükəsiz və yüksək ödənişli iş yerlərinin olmaması, qloballaşma prosesinin nəzarətdən kənarda aparılması, Avropa Birliyinin miqrant və ekoloji problemlərə koordinasiyalı şəkildə yanaşmaması insanlarda inamsızlıq və qorxu hissləri yaradır. İqtisadiyyatın sərtləşməsi get-gedə işçilərin, pensiyaçıların və gənclərin həyat şəraitinin pisləşməsinə gətirib çıxarır ki, bu da Avropada millətçilərin, ifrat solçuların mövqelərini gücləndirir.

Natiq bildirib ki, həmkarlar ittifaqının təzyiqi ilə Avropa Birliyi yeni investisiya planı işləyib hazırlayıb, sosial hüquqların əsaslarını təsdiqləyib. Əmək şəraitinin yaxşılaşdırılmasına xidmət göstərən yeni təşəbbüslər irəli sürüb. Bunlar vacib dəyişikliklərdir. Amma gözlənilən dəyişikliklərin hamısı deyil. Avropa Birliyi daha irəli getməlidir. Elə bir sosial razılaşmaya nail olmalıdır ki, o hamı üçün real imkanlar yaratsın.

“Demokratiya və azadlıq: çağırışlar, ənənələr, həmkarlar ittifaqlarının fəaliyyəti. Avropa Birliyinə istiqamət götürmüş ölkələr (inteqrasiya və assosiasiya)” adlanan ikinci sessiyada AHİK-in xüsusi məsləhətçisi Yozef Nemets, “Avropa Birliyinə istiqamət götürmüş ölkələrdə (Mərkəzi Asiya da daxil olmaqla) çağırış, ənənələr və həmkarlar ittifaqlarının fəaliyyəti” adlanan üçüncü sessiyada isə PARŞ-ın icraçı katibi Anton Leppik məruzə söylədilər.

Həmin sessiyalarda qoyulan məsələlərə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədr müavini Aqil Dadaşov da öz münasibətini bildirdi. Azərbaycanda, xüsusilə son illərdə, əhalinin rifah halının daha da yaxşılaşdırılması naminə həyata keçirilən islahatlardan danışdı. Dedi ki, təkcə ötən ay ölkə başçısı tərəfindən imzalanmış 17 sərəncam bu və ya digər dərəcədə 2,1 milyon insanın həyat səviyyəsinin yüksəldilməsinə səbəb olmuşdur.

İmzalanmış sərəncamlara ayrı-ayrılıqda nəzər yetirsək görərik ki, minimum aylıq əməkhaqqı 180 manatdan 250 manata çatdırılmaqla dövlət qulluqçularının aylıq vəzifə maaşları 50% artırılıb, pensiyaların minimum məbləği 160 manatdan 200 manata qaldırılıb, hərbi və hüquq-mühafizə orqanlarının xüsusi rütbəli əməkdaşlarının və mülki işçilərinin əməkhaqları 40% artıb. Dövlət ümumi təhsil və peşə təhsil müəssisələrində çalışan və diaqnostik qiymətləndirmədən keçən müəllimlərin vahid aylıq vəzifə maaşları orta hesabla 20%, dövlət büdcəsindən maliyyələşən bir sıra digər təşkilatlarda çalışan şəxslərin aylıq vəzifə maaşları isə orta hesabla 40% artıb.

“Yay məktəbi”nin iyulun 10-da baş tutmuş növbəti sessiyalarında “Demokratiya və azadlıq: AB ölkələri”, “PARŞ-ın Baş Assambleyası: prioritetlər və hazırlıq”, “PARŞ-ın Baş Assambleyası: siyasi sənədlər və hazırlıq prosesi” və “Kollektiv danışıqlar və əməkhaqqı üzrə kampaniya” mövzularında çıxışlar dinlənildi.

“Yay məktəbi”nin sonuncu günü daha iki sessiya oldu. Beynəlxalq Əmək Təşkilatının (BƏT) Avropa və Mərkəzi Asiya üzrə sektor müdiri Serqius Qlovaskas BƏT-in fəaliyyətinin yekunları barədə məlumatları iştirakçıların nəzərinə çatdırdı. Bildirdi ki, insanların əmək hüquqlarının müdafiəsi naminə bu təşkilat ötən 100 ildə əvəzolunmaz işlər görüb. Təqdim etdiyi konvensiyalar, üzv dövlətlərdə ratifikasiya olunmaqla, əməyin ədalətli dəyərləndirilməsinə mühüm köməklik göstərib. BƏT daim öz fəaliyyətini təkmilləşdirib, zamanın tələblərinə uyğun qurub. Növbəti 100 ilin başlanğıcı üçün yeni yanaşmalar işlənib hazırlanır ki, onlar da üzv dövlətlərlə, həmkarlar ittifaqları ilə birlikdə qətiləşdiriləcək.

Sonuncu sessiyada cari məsələlərə baxıldı. “Yay məktəbi”nə yekun vuruldu.