BVF-nin tövsiyələri uğur gətirmədi
06 Nov 2019
Həmkarlar ittifaqlarının iqtisadçılar şəbəkəsinin beynəlxalq maliyyə institutlarının siyasətinə cavab olaraq əməkhaqqı və sosial müdafiə üzrə strategiyasına dair Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyası və Beynəlxalq Əmək Təşkilatı ilə birgə seminar keçirmişdir.
Noyabrın 6-7-də Tbilisi şəhərində baş tutmuş bu tədbirdə
Rusiya, Ukrayna, Qazaxıstan, Azərbaycan, Özbəkistan, Qırğızıstan, Moldova və
Ermənistan həmkarlar ittifaqlarının iqtisadçıları iştirak etmişlər.
BHİK-in və BƏT-in mütəxəssisləri və ekspertləri çıxış edərək,
Beynəlxalq Valyuta Fondu və Dünya Bankı tərəfindən ayrılan maliyyə vəsaitinin və
məsləhətlərin bir sıra ölkələrin iqtisadiyyatına müsbət və mənfi təsirlərindən
danışdılar.
BHİK-in ekspertləri Leo Baunaxa, Lara Mezlinq və Anton
Leppik qeyd etdilər ki, Beynəlxalq Valyuta Fondunun tövsiyələrinə riayət edən
ölkələrdən heç biri uğur qazanmadı. Bir neçə ölkədə pensiya fondlarının özəlləşdirilməsi
haqqında Dünya Bankının irəli sürdüyü təşəbbüs də müsbət nəticə vermədi. Həmkarlar
ittifaqlarına təklif olundu ki, maliyyə institutları ilə əməkdaşlıq üçün özləri
müvafiq addımlar atmalıdır. Bu zaman nəzərə alınmalıdır ki, Dünya Bankı təmiz
enerji mənbələrinə keçid məsələlərində həmkarlar ittifaqları ilə əməkdaşlıq edəcək.
Daha sonra əməkhaqlarının müəyyən edilməsi, hazırda
regionda bununla bağlı vəziyyət və əməyin ödənilməsinə aid digər məsələlər
müzakirə olundu. Vurğulandı ki, bu məsələdə əsas diqqət minimum əməkhaqqının
yaşayış minimumundan artıq müəyyən edilməsinə yönəldilməlidir.
Azərbaycanda hər iki məsələ üzrə təqdim olunan məlumat
böyük maraqla qarşılandı.
Sonda şəbəkənin növbəti seminarı üçün gündəliyə salınmalı
olan problemlər təklif və müzakirə olundu.