AZ | RU | EN

“Cari ildə qeyri-formal məşğul əhalinin sayında əhəmiyyətli azalma müşahidə edilib”

25 Dec 2018

Ölkə üzrə, Naxçıvan Muxtar Respublikası daxil olmaqla, 2018-ci ilin 11 ayı ərzində Əmək Müqavilələri Bildirişi Elektron İnformasiya Sistemində əmək müqavilələrinin sayında 92 min 750 artım müşahidə olunub. İlin sonunadək bu rəqəmin yüz mindən çox olması gözlənilir.

Bu barədə dekabrın 25-də Nazirlər Kabinetində keçirilən Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyasının (ƏMTKK) altıncı iclasında Baş nazirin müavini, Komissiyanın sədri Əli Əhmədov deyib.
İclasda 2018-ci ildə reallaşdırılan tədbirlər, əldə edilən nəticələr və qarşıda duran vəzifələr müzakirə edilib.

Əli Əhmədov bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı ilə qeyri-rəsmi məşğulluqla mübarizə bundan sonra da qətiyyətlə davam etdiriləcək. Komissiyanın səmərəli fəaliyyəti nəticəsində ölkə üzrə əmək müqavilələri bildirişlərinin və fiziki şəxs olan aktiv fərdi sahibkarların sayında əhəmiyyətli artım müşahidə edilib. Ümumilikdə komissiyaya üzv olan aidiyyəti qurumların fəaliyyəti nəticəsində və yerlərdə məşğulluğa kömək göstərən əlaqələndirmə komitələrinin dəstəyi ilə cari ildə qeyri-formal məşğul əhalinin sayında əhəmiyyətli azalma müşahidə olunub. Cari ilin 9 ayında, həmçinin fiziki şəxs olan fərdi sahibkarların da sayında artım olub. Belə ki, ilin əvvəlindən fərdi sahibkarların sayı 23 min 63 artaraq 351 min 607 təşkil edib. İlin sonuna qədər bu rəqəmin bir qədər də artması ehtimal olunur.

Tədbirdə digər çıxışlar da dinlənilib. Növbəti ildə qeyri-rəsmi məşğulluğun aradan qaldırılması istiqamətində aparılacaq işlərin daha uğurlu nəticələr verməsi üçün atılacaq addımlar barədə fikirlər səsləndirilib. İclasda Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin üzvü Səttar Möhbalıyev də çıxış edərək gündəlikdə duran məsələyə münasibət bildirib, təkliflər irəli sürüb.