AZ | RU | EN

Çernobıl əlillərinin sosial müdafiəsi dövlətin diqqət mərkəzindədir

15 Apr 2011

 

Tədbiri giriş sözü ilə açan AHİK sədrinin müavini Cavanşir Alxasov bildirmişdir ki, XX əsrin nəhəng texnogen və sosial fəlakətindən – Çernobıl atom elektrik stansiyasındakı (AES) qəzadan 25 il ötür. Qəza nəticəsində milyonlarla insan zərər çəkmiş, yüz minlərlə adam evsiz-eşiksiz qalmış, ətraf mühitə çox ciddi ziyan dəymişdir. Şüalanmadan uzun müddət keçməsinə baxmayaraq, qəzaya yaxın ərazilərdə məskunlaşmış əhali arasında hələ də onkoloji xəstəliklər əmələ gəlir. Vurğulanmışdır ki, qəzanın nəticələrinin aradan qaldırılmasında iştirak edən Azərbaycan vətəndaşlarının sağlamlığının bərpası üçün onların və ailə üzvlərinin sosial–məişət şəraitinin yaxşılaşdırılmasına yönəlmiş bir sıra hüquqi-normativ sənədlər qəbul olunmuşdur. Bütün bunlar həmin şəxslərin sosial müdafiəsinin gücləndirilməsinə, sanatoriya və kurort müəssisələrində müalicə kursu almalarına, kompensasiya və güzəştlərlə təmin edilməsinə böyük zəmin yaradır. AHİK Çernobıl əlillərinə 25 il ərzində yüzlərlə sanatoriya yollayışı vermiş, milyonlarla manat maddi yardım göstərmişdir. Çernobıl fəlakətindən zərər çəkən vətəndaşlarımız və onların ailə üzvləri daim dövlət qayğısı ilə əhatə olunmuşlar.

“Çernobıl Əlilləri İttifaqı”nın prezidenti Mirhəsən Həsənov 1986-cı il aprelin 26-da Çernobıl AES-də baş vermiş və bəşəriyyəti təlatümə gətirmiş qəza barədə ətraflı məlumat vermişdir. Qeyd etmişdir ki, AES-in partlamış 4-cü enerji blokunda fəsadların aradan qaldırılmasına respublikamızdan 7 min nəfər cəlb edilmişdir. Onlardan artıq 2 min 16 nəfəri dünyasını dəyişmiş, digərləri isə şüalanmadan hələ də əziyyət çəkirlər. Faciənin böyük miqyas almasının əsas səbəblərindən biri AES-də qəzanın qarşısını müəyyən qədər ala biləcək təhlükəsizlik tədbirlərinin görülməməsi idi. Ölkəmizdə Çernobıl əlillərinə münasibət heç də birmənalı olmamışdır. 1993-cü ilədək bu insanların sağlamlığı ilə bağlı problemlər respublika rəhbərliyi tərəfindən gizli saxlanılır, əlillərin problemlərinə biganəlik göstərilirdi.

Yalnız ulu öndərimiz Heydər Əliyevin Azərbaycanda hakimiyyətə qayıdışından sonra Çernobıl əlillərinə münasibət köklü surətdə dəyişmiş, onların sosial müdafiəsi istiqamətində bir sıra mühüm addımlar atılmışdır. Həmin ildən etibarən cəmiyyətin üzvləri dövlətin sosial sahədə həyata keçirdiyi heç bir proqramdan kənarda qalmır, onlar ömürlük əlillik dərəcəsi almışlar. Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə ehtiyacı olan Çernobıl əlilləri dövlət tərəfindən mənzil və maşınla təmin olunmuş, bu insanların sağlamlığını gücləndirmək məqsədi ilə tədbirlər bu gün də davam etdirilir.

“Dəyirmi masa”da, həmçinin “Çernobıl AES-də qəzanın nəticələrinin ləğvində iştirak etmiş Azərbaycan vətəndaşlarının tibbi yardımla təmini”, “Əlillərin sosial müdafiəsinin qurulmasında əmək pensiyalarının rolu”, “Nüvə enerjisinin dinc məqsədlərlə istifadəsi perspektivləri” və digər mövzularda məruzələr dinlənilmişdir.

 

cernobl2 cernobl3 cernobl4