İcraiyyə Komitəsinin növbəti iclası keçirilmişdir
07 Apr 2014
Mərasimi giriş sözü ilə AHİK sədri, millət vəkili Səttar Mehbalıyev açmış və qeyd etmişdir ki, idman və bədən tərbiyəsinin işçilər arasında təbliği və təşkili Azərbaycan həmkarlar ittifaqlarının fəaliyyətində mühüm yer tutur. Hər keçirilən spartakiadalara, yarışlara minlərlə Hİ üzvü cəlb olunur. Bu da onların fiziki cəhətdən daha sağlam olmalarına böyük təsir göstərir.
Sədr sonra vurğulamışdır ki, hazırda qaliblərinə mükafatlar təqdim etməyə hazırlaşdığımız sonuncu spartakiada isə təkcə fiziki sağlamlıq baxımından deyil, həm də mənəvi mahiyyətinə görə diqqətəlayiqdir. Biz bu böyük idman yarışını məhz həmkarlar ittifaqında uzun illər çalışmış, onun inkişafına töhfə vermiş görkəmli ictimai xadim Kamran Hüseynovun xatirəsinə həsr etməklə onun timsalında təşkilatımızın indiki səviyyəyə çatmasında xidmətləri olmuş insanlara ehtiramımızı bildirdik.
S. Mehbalıyev bildirmişdir ki, bütün sahə həmkarlar ittifaqları bu baxımdan diqqətli olmalıdırlar. Həyatının böyük hissəsini həmkarlar ittifaqının formalaşmasına, təşkilati baxımdan möhkəmlənməsinə həsr etmiş insanlar unudulmamalıdır. Dünyasını dəyişənlərin xatirəsi müxtəlif mədəni, idman tədbirləri ilə yad olunmalıdır. Yaşayanlarla isə görüşlər təşkil edilməlidir. Onlara diqqət göstərilməlidir. Qoy görsünlər ki, şərəfli, qayğıkeş bir qurumda çalışıblar. Həmin insanların övladları da valideynlərinin həyat seçimi ilə fəxr etsinlər.
Konfederasiya sədri spartakiadada ümumi komanda hesabında idmançıları ilk üç yerə sahib çıxmış sahə Hİ respublika komitələrinin nümayəndələrinə AHİK-in kubok və diplomlarını, fərqlənmiş 7 sahə Hİ Respublika Komitəsinə isə həvəsləndirici diplomlarını təqdim etdi. Məlumat üçün deyək ki, I yeri Rabitə İşçiləri Müstəqil Həmkarlar İttifaqının, II yeri Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının, III yeri isə Aviasiya İşçiləri Həmkarlar İttifaqının yığmaları tutmuşdular.
Sonra İcraiyyə Komitəsinin iclasının gündəliyində duran məsələlər müzakirə olunmuşdur. "Həmkarlar ittifaqı təşkilatlarının 2013-cü il üzrə statistik hesabatı dinlənilmiş və qeyd edilmişdir ki, ötən il qeyri-dövlət sektorunda 8089 nəfər üzvü birləşdirən 57 həmkarlar ittifaqı təşkilatı yaradılmışdır.
İqtisadiyyatda aparılan islahatlara bir çox sahələrdə işçilərin ixtisara salınmasına, həmkarlar ittifaqı təşkilatlarının ləğvinə, bəzi işəgötürənlər tərəfindən onların yaradılmasına, fəaliyyətinə göstərilən maneçiliklərə baxmayaraq, üzvlərin sayı sabit qalmışdır.
Kollektiv müqavilə bağlanmış ilk həmkarlar ittifaqı təşkilatlarının sayı əvvəlki illə müqayisədə ümumilikdə 6,8 faiz, qeyri-dövlət müəssisələrində 12,1 faiz artmışdır. Həmkarlar ittifaqına daxil olan ərizə və şikayətlərin 97,6 faizi müsbət həll edilmişdir.
İclasda "Həmkarlar ittifaqları kadr və fəallarının 2013-cü il üçün təhsil planının yerinə yetirilməsi və 2014-cü il üçün təhsil planı haqqında" məsələyə baxılmışdır.
Bildirilmişdir ki, həmkarlar ittifaqlarında təhsilləndirmə sistemi, proqramlar və tədris planları AHİK-in, Əmək və Sosial Münasibətlər Akademiyası və sahə həmkarlar ittifaqı birliklərinin mütəmadi əməkdaşlığı şəraitində ortaya çıxan təkliflər əsasında tərtib olunmuşdur. Eyni zamanda AHİK-in, sahə həmkarlar ittifaqı birliklərinin rəhbərləri müəllim-məşqçi qismində Akademiya ilə sıx əməkdaşlıq etmişlər.
Akademiyanın müvafiq strukturu 2013-cü ildə, həmkarlar ittifaqı kadrlarının təhsilləndirmə planına müvafiq olaraq, həmkarlar ittifaqı fəaliyyətinin əsas istiqamətlərindən sayılan həmkarlar ittifaqı hərəkatının əsasları, əməyin mühafizəsi, gənclərlə iş, gender bərabərliyi və digər mövzularda müxtəlif kateqoriyalı həmkarlar ittifaqı fəalları üçün 2, 3, 4, 5 və 10 günlük kurslar təşkil etmişdir.
Ümumilikdə Akademiyanın kurslarında 2013-cü tədris ilində 360 həmkarlar ittifaqı işçisi və fəalı təhsilləndirilmişdir. Akademiyanın kadr hazırlığı kurslarında 154 həmkarlar ittifaqı komitəsinin sədri, o cümlədən 75 nəfər ilk dəfə seçilənlər, 21 nəfər isə mühasib və xəzinədar iştirak etmişdir.
Bu gün dinləyici dairəsinin genişləndirilməsi, kadrların mütəmadi olaraq yenidən hazırlanması, həmkarlar ittifaqlarının fəaliyyətinin gücləndirilməsi, dinləyicilərin sahə həmkarlar ittifaqlarının yerli təşkilatlarından seçilməsi respublika komitələri qarşısında duran əsas vəzifələrdəndir.
2014-cü il ərzində Akademiyanın kurslarında 296 nəfər həmkarlar ittifaqı fəalı və kadrının iştirakı nəzərdə tutulmuşdur.
Gündəlikdə duran növbəti məsələ "Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üzrə ilin ən yaxşı müəssisəsi (təşkilatı)" devizi ilə keçirilən Respublika müsabiqəsinin 2013-cü il üzrə yekunları haqqında" məsələ idi. Məsələ barədə çıxışda deyilmişdir ki, İcraiyyə Komitəsinin 25 noyabr 2009-cu il (№ 6b. 32ə) tarixli qərarına əsasən, "Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üzrə ilin ən yaxşı müəssisəsi (təşkilatı)" çərçivəsində, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının IV qurultayına həsr olunmuş "Sağlam və təhlükəsiz iş şəraiti yaratmaq sahəsində ilin ən yaxşı müəssisəsi -2013" adı uğrunda keçirilən müsabiqədə 1500-dən artıq müəssisə və təşkilat iştirak etmişdir.
Müsabiqəyə 19 sahə həmkarlar ittifaqını təmsil edən 33 müəssisə, təşkilat, sex və sahənin materialları təqdim edilmişdir. Təşkilatlardan ən yaxşıları seçilmiş və sənədləri AHİK-in müvafiq komissiyasına göndərilmişdir.
2013-cü il ərzində 10382 işçini, o cümlədən 3799 qadın işçini təmsil edən 33 müəssisə və təşkilatda həmkarlar ittifaqı komitələri, əməyin mühafizəsi komissiyaları və ictimai müvəkkillər nəzarət-profilaktika işini yüksək səviyyədə təşkil etmiş, əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarına, maşın və mexanizmlərin, avadanlıqların istismarı zamanı təhlükəsizlik texnikasının tələblərinə əməl olunmasına, işçilərin sosial məişət şəraitinin yaxşılaşdırılmasına dair 459 yoxlama həyata keçirmişdir.
Bunun nəticəsində həmkarlar ittifaqı komitələri tərəfindən təhlükəsizlik tələblərinə cavab verməyən, işçilərin həyatına və sağlamlığına təhlükə törədən 233 dəzgah, avadanlıq aşkar olunmuş və sahənin işinin dayandırılması barədə məsələ müəssisə müdiriyyətinin müzakirəsinə verilmişdir. Əməyin mühafizəsi və əmək şəraitinin yaxşılaşdırılması üçün kollektiv müqavilələrin əməyin mühafizəsi bölməsinə sosial məsələlərə aid 284 adda bənd əlavə edilməsinə nail olunmuşdur.
Həmkarlar ittifaqı komitələrinin 83, əməyin mühafizəsi komissiyalarının 65 iclasının müzakirə mövzusu əməyin mühafizəsi və təhlükəsizlik texnikası məsələləri olmuşdur.
Bütün bu tədbirlər əməyin mühafizəsinin yaxşılaşdırılmasına ayrılan maliyyə vəsaitinin əvvəlki illə müqayisədə 17,2%, həmin vəsaitin hər işçiyə düşən hissəsinin 21,7% artırılmasına nail olunması ilə nəticələnmişdir.
Təklif olunmuş tədbirlərin yerinə yetirilməsinə və maliyyə vəsaitlərinin istifadəsinə nəzarətin həyata keçirilməsi nəticəsində müəssisələrdə əmək şəraitinin və mühafizəsinin yaxşılaşdırılmasına yönəlmiş 237 tədbir həyata keçirilmiş, attestasiya olunmuş iş yerlərinin sayı 81%-ə çatdırılmış, işçilərin 99%-i tibbi müayinədən keçirilmişdir.
İşçilər müəyyən olunmuş normalar daxilində ayaqqabı və digər fərdi mühafizə vasitələri ilə təmin olunmuşlar.
Sonda müzakirə olunan qərar layihələrinə AHİK sədri münasibət bildirmişdir. Əldə olunan nailiyyətləri dəyərləndirmiş, bir sıra nöqsanlara da toxunmuşdur. Sahə Hİ respublika komitələrinin rəhbərlərinə ixtisasartırma kursları ilə sıx əlaqədə olmağı tövsiyə etmişdir. Demişdir ki, bu kurslara kadrlar göndərərkən daha çox yeni seçilmiş təşkilat sədrlərinə üstünlük verilməlidir. Kurslara cəlb olunan HİK sədrləri, fəalları arasında bölgələrdə çalışanların sayı artırılmalıdır.
İcraiyyə Komitəsi müzakirə olunan bütün məsələlərin qərar layihəsini təsdiq edilmişdir.