AZ | RU | EN
AZ | EN | RU

Daha bir normativ sənədin qəbul edilməsinə nail olundu

23 Dec 2017

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası daim olaraq hər bir həmkarlar ittifaqı üzvünün əməyinin mühafizəsi sahəsində ictimai nəzarəti həyata keçirməklə yanaşı, onların sağlamlığının da qayğısına qalmağı prioritet vəzifə kimi qəbul edir. Aparılan ardıcıl işlərin nəticəsi olaraq bu sahədə daha bir normativ sənədin AR Nazirlər Kabineti tərəfindən qəbul edilməsinə nail olunmuşdur. 

Belə ki, keçən ilin dekabr ayında AHİK sədri Səttar Möhbalıyev Səhiyyə nazirinə müraciət (məktub N-451/15 08.12.2016) edərək "İşçilərə pulsuz müalicə-profilaktik yeməklərin, süd və ona bərabər tutulan məhsulların verilməsi üçün zərərli, ağır və yeraltı əmək şəraitli istehsalatların Siyahısı”nın və "İşçilərə pulsuz müalicə-profilaktik yeməklərin, süd və ona bərabər tutulan məhsulların verilməsi Qaydaları”nın olmaması üzündən hələ də SSRİ Nazirlər Sovetinin 1987-ci il 16 dekabr tarixli Qərarına istinad edildiyini nəzərə çatdırmışdı. Məlumdur ki, SSRİ vaxtında verilmiş normativlər bu günün tələblərinə tam cavab verə bilməzdi və yeni Siyahının və Qaydaların təsdiqinə ehtiyac vardı. Azərbaycan Hökuməti, Sahibkarlar (işəgötürənlər) Təşkilatları Milli Konfederasiyası və AHİK arasında imzalanmış Baş Kollektiv Sazişlərdə (2008-dən bəri) bu sənədlərin yenidən işlənib təsdiq olunması nəzərdə tutulmuşdur.AHİK sədrinin müraciətindən sonra Səhiyyə nazirinin göstərişi ilə həmin sənədlər AHİK-in müvafiq şöbələrinin  iştirakı ilə yenidən hazırlanmış və AR Nazirlər Kabinetinin 14.12.2017-ci il tarixli, 550 nömrəli qərarı ilə təsdiq olunmuşdur. Onu da qeyd etmək lazımdır ki, təsdiq olunmuş "Qaydalar"ın 2.8. bəndində göstərildiyi kimi, "Bu normalar çərçivəsində işçilərə verilən pulsuz müalicə-profilaktik yeməklər, süd və ona bərabər tutulan məhsullarla bağlı xərclər buraxılan məhsulun və ya göstərilən xidmətin maya dəyəri xərclərinə aid edilir." (AR Vergi Məcəlləsi, 109.3). Kollektiv müqavilələrdə, kollektiv müqavilələrin bağlanmadığı hallarda isə əmək müqaviləsində və ya işəgötürənlə həmkarlar ittifaqları arasında razılaşmalarla bu Qaydalarla müəyyən olunmuş  normalardan yüksək miqdarda, habelə bu Qaydalar şamil edilməyən zərərli və ağır əmək şəraitli iş yerlərində çalışan işçilərə pulsuz müalicə-profilaktik yeməklərin, süd və ona bərabər tutulan məhsulların verilməsi nəzərdə tutularsa, normadan artıq xərclər məhsulun maya dəyərinə daxil edilmir və müəssisənin gəliri hesabına ödənilir.

"Ülfət" qəzeti
23.12.2017-ci il

FAYDALI KEÇİDLƏR