Daimi iş yerlərinin yaradılmasına səy göstərilməlidir
10 Apr 2019
Aprelin 10-da “İnşaat-İş” Həmkarlar İttifaqinda “İnşaatçılar Günü”nə həsr olunmuş yığıncaq keçirilib. Tədbiri “İnşaat-İş” Həmkarlar İttifaqının sədri Umud Hüseynov açaraq bu bayram münasibətilə tədbir iştirakçılarını təbrik edib.
Son illərdə ölkəmizdə aparılan tikinti-quruculuq işlərindən
danışaraq deyib ki, bu sahədə çalışan
insanların əmək və sosial hüquqlarının qorunması həmişə həmkarlar
ittifaqlarının diqqətində olub.
Müəssisə və təşkilatların rəhbərləri ilə kollektiv müqavilələr
bağlanarkən güzəşt və imtiyazlara geniş yer verilib. Peşə xəstəliklərinin
qarşısının alınması, iş yerlərinin və sanitar-məişət otaqlarının, eləcə də
istismar olunan avadanlıqların, texnoloji proseslərin əməyin mühafizəsi və
texniki təhlükəsizliyin tələblərinə uyğun olması, zərərli və təhlükəli işlərdə
çalışan işçilərin vaxtaşırı təlimatlandırılması, tibbi müayinədən keçirilməsi,
işçilərin bədbəxt hadisələrdən və peşə xəstəliklərindən sosial sıgorta edilməsi
struktur təşkilatlarımızın daimi nəzarətində saxlanılıb.
U.Hüseynov çıxışının sonunda tikintidə qeyri-formal məşğulluğun
azaldılması məsələsinə də toxunaraq öz təkliflərini səsləndirib. Deyib ki, ilk
növbədə əmək münasibətləri tənzimlənməlidir. Daimi iş yerlərində müddətli əmək
müqavilələrinin bağlanılması, müddətsiz əmək müqavilələrinin müddətli müqavilələrlə
əvəzlənməsi və digər qeyrı-qanuni faktların üzə çıxarılması məqsədilə həmkarlar
ittifaqı komitələri daha səylə çalışmalidır.
Tədbirdə “Akkord” Sənaye Tikinti İnvestisiya
Korporasiyası” ASC-nin Həmkarlar İttifaqı Komitəsinin sədri S.Ağayev, “Dəmir-Beton-8”
ASC-nin HİK sədrinin müavini K.Hüseynov, “Korgöz” ASC Həmkarlar İttifaqı
Komitəsinin sədri A.Şıxıyev və başqaları çıxış ediblər.
Sonda bir qrup qabaqcıl inşaatçıya AHİK-in və sahə Hİ-nin
Fəxri fərmanları təqdim olunub.