Dayanıqlı İnkişaf Məqsədləri: qarşıda duran vəzifələr və tövsiyələr
04 Oct 2019
Oktyabrın 4-də Şirvan şəhərində AHİK-in təşkilatçılığı və Beynəlxalq Əmək Təşkilatının (BƏT) dəstəyi ilə “2019-cu ilin iyulunda Nyu-Yorkda keçirilən Dayanıqlı İnkişaf Məqsədləri üzrə yüksək səviyyəli forumun yekunu və qarşıda duran vəzifələr, tövsiyələr” mövzusunda seminar keçirilib.
Seminarı açan AHİK-in katibi – Aparat rəhbəri Həsən Cəfərov
seminarın məqsəd və vəzifələri haqqında iştirakçılara məlumat verib.
Həsən Cəfərov seminar iştirakçılarının nəzərinə çatdırıb
ki, hər kəs üçün inklüziv və davamlı iqtisadi inkişaf üçün imkanların
yaradılması və «heç kimin geridə qalmaması» prinsipi Azərbaycan üçün prioritetdir və respublikamız davamlı
inkişafa keçmək və milli inkişaf strategiyamızı DİM-lərə uyğunlaşdırmaqda qətiyyətli
addımlar atmışdır. Respublikada yaradılmış Dayanıqlı İnkişaf Məqsədləri üzrə
Milli Əlaqələndirmə Şurası Milli Könüllü hesabatı hazırlayarkən bütün maraqlı tərəflərlə
görüşlər keçirmiş, Şuranın işçi qrupları tərəfindən bir sıra təlimatlar
hazırlanmışdır. Azərbaycan hökuməti davamlı inkişaf modelinin yaradılması
istiqamətində əsas sektorların sosial və iqtisadi inkişafı üçün qısa müddətli
(2020-ci ilədək), orta müddətli (2025-ci ilədək) və uzunmüddətli (2025-ci ildən
sonraya) hədəfləri olan strateji yol xəritələrini təsdiqləmişdir. Azərbaycan
regionda bu məqsəd üçün yol xəritələrini təsdiqləyən ilk ölkədir. Məhz buna görə
də Azərbaycan Dünya Bankının 2018-ci il üçün Ticarətin Asanlığı Hesabatında top
10 ölkələr sırasına daxil olaraq, eyni zamanda 190 ölkə arasında əlverişli
investisiya hədəfi olan ölkələr sırasında 25-ci yeri tutur. Dayanıqlı İnkişaf Məqsədlərinin
əldə edilməsində fəal əmək bazarı siyasəti və sosial müdafiə mühüm rol oynayır.
Hər kəsin ictimai və sosial xidmətlərə bərabər çıxışını təmin edən Hökumət tərəfindən
«Davamlı və Əməliyyatlı Sosial Müdafiə Agentliyi» yaradılıb.
AHİK-in beynəlxalq əlaqələr şöbəsinin mütəxəssisi R.
Qarayeva BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri (DİM) üzrə yüksək səviyyəli
forumunda DİM üzrə Azərbaycan hökumətinin ikinci milli könüllü hesabatı-əsas
çağırışları barədə seminar iştirakçıları qarşısında çıxış edib. O, bildirib ki,
2015-ci ildə Birləşmiş Millətlər Təşkilatı beynəlxalq sistemin inkişafının əsas
istiqamətlərini müəyyən etmək məqsədilə Dayanıqlı İnkişaf Məqsədlərini təyin
etdi. Yeni gündəlik universal xarakter daşıyır və özündə 17 məqsəd və 169 hədəf
birləşdirir.
Dayanıqlı İnkişaf Məqsədlərinin qarşısında duran əsas məsələ
mövcud problemlərin ilk öncə milli səviyyədə həllinə nail olunmasıdır. Xüsusilə
bu gündəliyin əsas diqqət mərkəzində insan dayanır, sosial inkişafa daha çox önəm
verilir, bu sosial inkişaf da həmçinin ekoloji və iqtisadi inkişafı təşviq
edir. Gündəlik təkcə bugün üçün deyil, gələcək nəsillər üçün də bərabərlik tələb
edir ki, onlar da bizim və ya əvvəlki nəsillərin sahib olduqları iqtisadi,
ekoloji və sosial bərabər cəmiyyətə sahib olsunlar.
Cari ilin 15 iyul tarixində Birləşmiş Millətlər Təşkilatının
(BMT) Baş Qərargahında təşkil olunmuş Dayanıqlı İnkişafa dair Yüksək Səviyyəli
Siyasi Forumda Azərbaycan Respublikasının ikinci Könüllü Milli Hesabatı uğurla
təqdim olunub və iştirakçı ölkələrin nümayəndələri tərəfindən müsbət qiymətləndirilib.
Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsində əldə
edilən nailiyyətlər haqqında danışan AHİK-in şöbə müdiri N. Hüseynov qeyd edib ki,
qloballaşan dünyadakı tendensiyalar və problemlər Azərbaycandan da yan keçmir.
Ölkədə məqsədə müvafiq işlər həyata keçirilir. Belə bir şəraitdə tendensiyalara
və çağırışlara diqqət yetirmək, dünya birliyi və hökumətlərin gördüyü işlərə nəzər
salmaq və problemlə bağlı həmkarlar ittifaqlarının mövqeyini bildirmək, müzakirələr
aparmaq, düzgün qərarlar qəbul edib səmərəli fəaliyyət qurmaq vacib məsələlərdəndir.
Dayanıqlı İnkişaf Məqsədlərinin əksəriyyəti Azərbaycanda
müxtəlif sənədlərdə əks olunub və onlara çatmaq üçün davamlı iş aparılır. Ancaq
məqsədlər əhatəli olduğundan və görülən işlərdə davamlılıq tələb olunduğundan
bütün bu işlərin əlaqələndirilməsinə bütün ölkələrdə ehtiyac yaranıb.
N. Hüseynov bildirib ki, 2003-2018-ci illərdə ölkəmizdə 2
milyona yaxın yeni iş yeri açılıb. Yoxsulluq və işsizliyin səviyyəsi 5%-ə düşüb. Təkcə 2019-cu ilin yanvar-iyul aylarında Bakı
şəhərində şpris istehsalı zavodu, Qobustan rayonunda “Azərxalça” ASC-nin
filialı, Sumqayıt şəhərində “SOCAR karbamid” zavodu, Polietilen zavodu, Bakı şəhərində
140 yerlik məktəbəqədər təhsil müəssisəsi və 200 çarpayılıq xəstəxana, Naxçıvan
Muxtar Respublikasında 1170 şagird yerlik 2 ümumtəhsil məktəb binası, 200
yerlik məktəbəqədər təhsil müəssisəsi, bir növbədə gəlişlərin sayı 35 nəfər
olan 2 ambulatoriya-poliklinika müəssisəsi və digər sosial obyektlər istifadə verilib.
Tədbirdə AHİK-in təşkilat işləri və məlumat şöbəsinin
müdir müavini Əli Cəfərov çıxış edərək Dayanıqlı İnkişaf Məqsədlərinin həyata
keçirilməsində həmkarlar ittifaqlarının rəhbər işçilərinin və fəallarının
qarşısında duran əsas vəzifələri seminar iştirakçılarının nəzərinə çatdırıb. O
qeyd edib ki, biz həmkarlar ittifaqları olaraq Dayanıqlı İnkişaf Məqsədlərinin
həyata keçirilməsi ilə bağlı sosial məsələlərlə əlaqədar respublika rəhbərliyinin
son illərdə atdığı addımları çalışdığımız əmək kollektivlərində hər bir işçiyə
çatdırmağa borcluyuq. Cari ilin əvvəlində ölkə prezidenti tərəfindən qəbul edilmiş
sosial paketlər işçilərin, pensiyaçıların, əlillərin və digər kateqoriyadan
olan insanların maddi rifah halının yüksəldilməsi üçün xüsusi əhəmiyyət kəsb
edir.
Eyni zamanda kollektiv müqavilələrin layihələri
hazırlanarkən orada işçilərin sosial problemlərinin həlli ilə bağlı məsələlərə
üstünlük verilməsi və həmkarlar ittifaqı fəallarının təklif və iradlarının nəzərə
alınması və onların həlli üçün müvafiq icra orqanları qarşısında məsələlərin
qaldırılması da Daimi İnkişaf Məqsədlərinin həyata keçirilməsində mühüm əhəmiyət
daşıyır. Bu məsələlərin də təbliği bizim üçün önəm daşımalıdır.
Tədbirdə müzakirə olunan məsələlər ətrafında
diskussiyalar keçirilib.
Seminarın işində Şirvan şəhərinin və ətraf rayonların həmkarlar
ittifaqı fəalları iştirak edib.