AZ | RU | EN

“Dayanıqlı inkişafın məqsədlərinin həyata keçirilməsi üzrə həmkarlar ittifaqı təşkilatları üçün tövsiyələrin təqdimatı” mövzusunda beynəlxalq seminar keçirilib

20 Sep 2018

Sentyabrın 19-da Bakıda “Beynəlxalq Əmək Təşkilatının (BƏT) 205 saylı tövsiyəsi və onun əməli tətbiqi ilə əlaqədar həmkarlar ittifaqı liderlərinin maarifləndirilməsi” və “Dayanıqlı inkişafın məqsədlərinin həyata keçirilməsi üzrə həmkarlar ittifaqı təşkilatları üçün tövsiyələrin təqdimatı” mövzularında seminar keçirilib.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri (AHİK), Milli Məclisin deputatı Səttar Möhbalıyev ölkəmizdə keçirilən bu seminarların mühüm əhəmiyyətinə toxunub. Bildirib ki, Azərbaycan Respublikası ilə BƏT arasında əmək, əmək münasibətləri, məşğulluq, əmək qanunvericiliyinin təkmilləşdirilməsi sahəsində daim genişlənən fəal əlaqələr yaradılıb. Bu əməkdaşlıq nəticəsində Azərbaycan Respublikası tərəfindən BƏT-in 58 konvensiyası ratifikasiya olunub, milli əmək standartlarına uyğunlaşdırılıb. BƏT-lə səmərəli əməkdaşlıq əmək miqrasiyası, sosial müdafiə və digər sahələrdə həyata keçirilən birgə layihələr vasitəsilə həmin sahələrin inkişafına öz töhfəsini verməkdədir. Respublikamızda BƏT-in təşkilatçılığı ilə bir sıra beynəlxalq tədbirlər keçirilib, işçilərin əmək hüquqlarının qorunması, qanunvericiliyin beynəlxalq standartlara uyğunlaşdırılması və sosial tərəfdaşların fəallığının artırılması məsələləri müzakirə olunub. BƏT-in 2017-ci ildə qəbul olunmuş “Sülhün və qarşıdurmanın potensialının təmin edilməsi məqsədilə məşğulluq və layiqli əmək haqqında” 205 saylı tövsiyəsi xüsusi önəm daşıyır. Bu, konfliktli şəraitdə böhranlı vəziyyətlərdən çıxış yolu üçün tərəfdaşlarla birgə tədbirlərin hazırlanmasında yardımçı rolunu oynayacaq bir sənəddir. Tövsiyədə münaqişələr və fəlakətlər səbəbindən meydana çıxan böhranlı vəziyyətlər kontekstində sülhün təmin olunması və qarşılıqlı fəaliyyət potensialının bərpa edilməsi məqsədilə məşğulluğa və layiqli əməyə xüsusi diqqət yetirilir. Bunlarla əlaqədar görüləcək işlərə dair tövsiyə xarakterli istiqamətlər təqdim olunur.
AHİK sədri qeyd edib ki, BƏT-in bu tövsiyəsində böhranların aradan qaldırılması və nəticələrinin yumşaldılması üçün beynəlxalq əməkdaşlığın vacibliyi də önə çəkilir və təşkilat üzvlərinə beynəlxalq əməkdaşlığın genişləndirilməsi, o cümlədən sülhün möhkəmlənməsi naminə könüllü və sistematik informasiya mübadiləsi aparmaq qabaqcıl təcrübə və yenilikləri bölüşmək tövsiyə olunur. Tövsiyə respublikamız üçün də aktual olan konfliktli şəraitdə insanların sosial müdafiəsi və təhsili baxımından da mühüm əhəmiyyət kəsb edir. Keçən əsrin sonlarına yaxın erməni separatçılarının fitnəkar siyasəti nəticəsində müharibəyə cəlb olunmağımız, torpaqlarımızın iyirmi faizinin işğalı, yüz minlərlə insanın doğma yurd-yuvalarından qaçqın düşmələri həmkarlar ittifaqı təşkilatlarının da fəaliyyətinə təsirsiz ötüşmədi. Balansımızda olan sanatoriya və kurort müəssisələri binalarının əksəriyyətində qaçqın və məcburi köçkünlər yerləşdirildi, onların problemlərinin həllinə köməklik göstərildi. Tövsiyənin tələblərinə uyğun olaraq müharibə və münaqişə nəticəsində yurd-yuvalarından didərgin düşmüş qaçqın və məcburi köçkünlərin əmək və sosial hüquqlarının qorunması və müdafiə olunması üçün maarifləndirici tədbirləri davam etdirməli, ilk həmkarlar ittifaqı təşkilatlarının fəaliyyətlərinə köməklik göstərməli, üzvlərimizin bütün sosial-iqtisadi maraqlarının təmin olunmasına çalışmalıyıq.
“Müzakirə edəcəyimiz digər məsələ ilə əlaqədar deməliyəm ki, biz bu mövzuya həsr olunmuş bir çox tədbirlər keçirmişik. Onlardan ən mühümü may ayında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası və BƏT-in birgə təşkilatçılığı ilə keçirilən beynəlxalq konfransdır. Tədbirdə BƏT-in baş direktoru Qay Rayder də iştirak etmişdi. Olduqca səmərəli keçən bu konfransda baş direktor Dayanıqlı İnkişaf Məqsədlərinin bugünkü dünya üçün aktuallığından bəhs etmiş və Azərbaycanın bu məqsədlərin icrası üçün göstərdiyi səyləri dəstəklədiyini bildirmişdi. Sözsüz ki, hazırda bizim belə dəstəyə ehtiyacımız var. Elə buna görə də həmkarlar ittifaqı fəallarının BƏT-in Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsi üzrə həmkarlar ittifaqı təşkilatları üçün bu gün təqdim olunan tövsiyəsindən layiqincə istifadə etməsi məqsədəmüvafiqdir. “Azərbaycan Respublikasının 2016-2020-ci illər üçün Layiqli Əmək üzrə Ölkə Proqramı” Beynəlxalq Əmək Təşkilatı və sosial tərəfdaşlarımızın iştirakı ilə işlənib hazırlanıb və 2016-cı ilin sentyabrında qəbul edilib. Bundan dərhal sonra AHİK-in İcraiyyə Komitəsi “Azərbaycan Respublikasının 2016-2020-ci illər üçün Layiqli Əmək üzrə Ölkə Proqramı”nın həyata keçirilməsinə dair Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının Konsepsiyası”nı təsdiq edib. Konsepsiyada həmkarlar ittifaqlarının həyata keçirəcəyi tədbirlər və görəcəyi işlər səkkiz istiqamət üzrə müəyyənləşdirilib”, - deyə S.Möhbalıyev diqqətə çatdırıb.
AHİK sədri əlavə edib ki, sadalanan bütün məsələlərin məqsədi ölkədə dayanıqlı inkişafa dəstək vermək üçün sosial-iqtisadi siyasətin aparılmasının razılaşdırılmış ümumi prinsiplərini müəyyənləşdirmək, sosial-əmək münasibətlərini tənzimləmək, sosial stabilliyi qorumaq üçün sosial dialoqu inkişaf etdirmək olan Sosial və İqtisadi Məsələlər üzrə Üçtərəfli Komissiyanın fəaliyyətində öz əksini tapıb. Hər bir dövlət dayanıqlı inkişafın məqsədlərinin həyata keçirilməsi üçün qlobal miqyasda öz inkişaf səviyyəsinə və imkanlarına uyğun məqsədlər müəyyən edəcək. Biz də Azərbaycan həmkarlar ittifaqı olaraq beynəlxalq təşkilatlarla, özəl sektorla, vətəndaş cəmiyyəti, yerli hakimiyyət orqanları və digər maraqlı tərəflərlə əməkdaşlığa üstünlük verərək tövsiyələrdən maksimum bəhrələnməyə çalışacağıq.
BƏT-in zəhmətkeşlərlə iş üzrə Avropa Bürosu sektorunun rəhbəri Serqius Qlovaskas və digər çıxış edənlər tədbirin əhəmiyyətindən danışıblar.
Seminar işini sentyabrın 20-də davam etdirəcək.