İdeyaları əbədi yaşayan lider
06 Dec 2017
Azərbaycanın taleyində ümummilli lider Heydər Əliyevin xidmətləri getdikcə daha aydın, parlaq görünməkdədir.
Zaman ötdükcə biz o müqəddəs şəxsiyyətin xatirəsi önündə
ehtiramla baş əyir, onun həyata keçirdiyi tədbirləri, islahatların yaratdığı
xariqələrin nəhəngliyini bir daha dərk edirik.
Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonra
Heydər Əliyev ölkəmizi vahid azərbaycançılıq ideologiyası ətrafında birləşdirməyi
bacardı. Ulu öndər bununla da respubilkamızda müasir dövlətçilik fəlsəfəsinin də
əsaslarını qoydu. Heydər Əliyev tarixi keçmişimizi dürüst və dərindən təhlil edərərk,
bir çox mətləbləri bizə anlatdı və bu istiqamətdə mühüm addımlar atdı. Ulu öndər
Heydər Əliyevin “fəxr edirəm ki, mən azərbaycanlıyam” kəlamı respublikamızda
yaşayan bütün xalqların vahid bir ideya, bir dövlət ətrafında birləşməsi üçün
stimula çevrildi. Bu gün əminliklə deyə bilərik ki, tolerantlıqda nümunəyə
çevrilən müasir Azərbaycan modeli bütün dünya ölkələri tərəfindən maraqla izlənilir
və öyrənilir. Ölkəmizin tolerantlıq baxımından nümunə göstərilməsi gerçəkliyinin
kökündə məhz Heydər Əliyevin təməlini qoyduğu ideyalar dayanır.
Azərbaycan elə bir coğrafi məkanda yerləşir ki, ölkəmizdə
mədəniyyətlərarası dialoqun yaranmasını zəruri edir. Həmçinin Heydər Əliyev hər
zaman Azərbaycanın istər Şərq, istərsə də Qərb mədəniyyətinə və dəyərlərinə
inteqrasiyasının zəruriliyini gündəmə gətirirdi. Heydər Əliyev mühüm bir məsələni
də tövsiyə və tələb edirdi ki, hər bir azərbycanlı öz milli simasını itirməməlidir.
Adət -ənənəsini bilməklə yanaşı, dünyəvi dəyərlərə də malik olmalıdır.
Bəlli faktdır ki, 1993-cü ildə hakimiyyəti ələ keçirmiş səriştəsiz
insanların xəyanətkar əməllərinin məntiqi nəticəsi olan hakimiyyət böhranı həmin
ilin iyununda kuliminasiya həddinə çatmışdı. Ölkədə xaos və anarxiya vətəndaş
müharibəsi dərəcəsinə yüksəlmiş, qarşıdurma baş alıb gedirdi. Məhz Heydər
Əliyev bu dönəmdə bir xilaskar kimi özünü xalqının, Vətəninin harayına yetirdi.
Respubilkamızı parçalanmaqdan, dağılmaqdan xilas etdi. Ancaq bu zaman baş verən
ziddiyətli, təlatümlü vəziyyəti yalnız Heydər Əliyev kimi bir şəxsiyyət sahmana
sala bilərdi. Ümummilli liderin qayıdışı ilə hakimiyyətsizliyə son qoyuldu,
separatçı qüvvələr zərərsizləşdirildi, vətəndaş müharibəsi təhlükəsinin qarşısı
alındı, ölkəmizin müstəqilliyinə və ərazi bütövlüyünə qəsdlər hazırlayan cinayətkar
ünsürlər cəmiyyətdən təcrid edildi, nizami silahlı qüvvələr yaradıldı. Həmçinin
dövlətin və xalqın maraqlarına cavab verən iqtisadi sistem quruldu. Milli
liderin uzaqgörən siyasəti sayəsində Azərbaycanın dövlət müstəqilliyi faktiki təmin
olundu.
Fenomen şəxsiyyət, fitri idarəçilik keyfiyyətlərinə malik
Heydər Əliyev qarşıya qoyduğu böyük hədəflərə doğru irəliləyərkən təkcə daxili
inamına, iti fəhminə, yüksək intellektinə, parlaq zəkasına deyil, həm də
ictimai etimada əsaslanmış, ən böyük dəstəyi xalqdan almışdır. Xalqın taleyini
düşünmək, onu bəlalardan xilas etmək ideyası Heydər Əliyevin fəaliyyəti boyu əsas
fəaliyyət istiqamətlərindən biri idi. Ən kiçik məsləhətindən genişmiqyaslı işlərinə
qədər bütün məramında Azərbaycanı qorumaq, onu daha da nüfuzlu, şöhrətli etmək
üçün yorulmaq bilmədən çalışmaq və bütün vətəndaşların da bu ideya uğrunda
yumruq kimi birləşməsini təmin etmək. Məhz bu qeyri-adi xüsusiyyəti sayəsində
dahi şəxsiyyət həm də idarəçilikdə böyük uğurlara imza atmış, cəmiyyətin həlledici
hissəsini arxasınca apara bilmişdir. Bu çətin, amma şərəfli missiyanı ləyaqətlə
yerinə yetirməyi bacaran Heydər Əliyev canından artıq sevdiyi xalqının həm
etimadını, sevgisini, həm də inamını qazanmaqla ümummilli lider zirvəsinə yüksəldi.
Beləliklə o, Azərbaycanda yaşayan xalqların yolgöstərəni, istiqamətverəni, həqiqi
rəhbəri oldu. Özünəməxsus liderlik keyfiyyətləri, siyasi prosesləri yönəltmək məharəti,
cəmiyyətin maraq və mənafelərini ümumi nöqtədə birləşdirmək bacarığı ilə bütün
fəaliyyəti boyu sonsuz rəğbət və ehtiram qazandı.
Böyük siyasi liderlər üçün səciyyəvi cəhətlərdən biri də
siyasi intuisiya və uzaqgörənlik, hadisələrin gedişinə təsir göstərmək və ya
onu qabaqlamaq bacarığıdır. Heydər Əliyev bu cür mənəvi keyfiyyətlərə, dərin zəkaya
malik elə bir siyasət xadimi idi ki, məhz onun uzaqgörənliyi nəticəsində hələ
sağlığında fenomen səxsiyyət kimi şöhrətləndi. Xarizmatik liderə çevrilməsində
həyatı üçün heç bir riskdən çəkinməməsi, sözünü məqamında deməyi bacarması,
milli ideallar uğrunda mübarizədə yüksək qətiyyət göstərməsi kimi xarakterik
xüsusiyyətləri mühüm rol oynamışdır. Ulu öndər harada olursa-olsun, hadisələrin
fövqünə qalxmış, idarəçilik qabiliyyətini reallaşdırmış, qalib lider imicini
qorumuşdur. Liderlik onun xarakterindən, fitrətindən, dünyagörüşündən,
yaradıcılıq enerjisindən, qurub-yaratmaq həvəsindən mayalanmışdır.
Heydər Əliyev çalışırdı ki, etimad göstərdiyi kadrlar məhz
sadə , düzgün, vicdanlı, ləyaqətli, torpaqsevər, fədakar, mərhəmətli, mərd və sədaqətli
olsunlar. Öz təbiətində olan mənəvi keyfiyyətləri hər bir məmurda görmək istəyən
ulu öndər prinsipial, sərt, məsuliyyətli olduğu qədər də, humanist, haqqa, ədalətə
böyük önəm verən, nəcib və xeyirxah şəxsiyyət kimi milyonlarla azərbaycanlının
qəlbində yaşayır, həmişə də ehtiramla anılır.
Heydər Əliyev həm də novator və praqmatik rəhbər
idi. Bu səbəbdən də siyasi arenada nüfuzu getdikçə artırdı. Ona bütün dünyada bənzərsiz
lider kimi hörmət edirdilər. Yeniliyi sevirdi, amma klassikaya da məhəbbət və
hörmətlə yanaşırdı. “Dünəni bilmədən sabaha uğurla getmək mümkün deyil”–
fikrini həmişə gənclərə aşılayırdı. Ümummilli lider xalqın milli xüsusiyyətlərinin,
özünəməxsusluğunun saxlanılması və gələcək nəsillərə çatdırılması məsələsində nə
qədər mühafizəkar idisə, elmi-texniki tərəqqiyə xidmət edən proqram və
konsepsiyaların həyata keçirilməsində, informasiya-kommunikasiya
texnologiyalarının geniş tətbiqində bir o qədər islahatçı olmuşdur.
Məlumdur ki, Heydər Əliyev gənc yaşlarında dövlət təhlükəsizlik
orqanlarında çalışıb. Bu fakt onun xarakterinin necə möhkəm, mətin və cəsarətli
olduğunu təsdiqləyir. Şübhəsiz, şəxsiyyətə pərəstiş dövründə dövlət təhlükəsizliyi
orqanları əməkdaşlarının hansı diktə altında işləməsi məlumdur. Bir tərəfdən də,
həyatlarının hansı təhlükə altında olması bəllidir. Buna baxmayaraq, Heydər
Əliyev həmişə öz cəsarəti ilə seçilmiş, hətta quruluşun qadağalarına
baxmayaraq, xalqının mənafeyi naminə çalışmış, milli ruhlu, vətənpərvər
insanları həbslərdən, zindanlara düşməkdən qorumuşdur. Heydər Əliyevin
xeyirxahlıq etdiyi, daha doğrusu, qoruduğu şəxsiyyətlər sonralar bunu öz
etiraflarında da təsdiqləyirdilər. Xalq şairi Bəxtiyar Vahabzadə təkcə
“Gülüstan” poemasına görə repressiyanın hədəfinə tuş gəlirdi. Hətta onu
partiyadan və işdən də çıxartmışdılar. Amma onu bu bəladan xilas edən, daha da
gözəl əsərlər yaratması üçün şərait yaradan məhz Heydər Əliyev oldu.
Heydər Əliyev siyasi hakimiyyətə qayıtdıqdan sonra
da ölkədə ictimai-siyasi sabitliyi tam təmin etdi. Güclü iqtisadiyyat, müstəqil
xarici siyasət, demokratik imic, mənəvi yüksəliş nəticəsində qüdrətli bir dövlət
quruldu. Bu gün fəxr ediyimiz müasir Azərbaycan dövləti!
Ulu öndər demokratik inkişafa məhz insanların daxili
azadlığını, mənəvi ucalığını, qanunçuluğa riayət etməsini şərtləndirən mühüm
vasitə kimi yanaşaraq bildirirdi: “Yolumuz demokratiya yoludur. Müstəqil Azərbaycanda
demokratik, hüquqi, dövlət qurulmalıdır. Azərbaycan dövləti demokratik prinsiplər
əsasında fəaliyyət göstərməlidir, öz tarixi ənənələrindən, milli ənənələrindən
bəhrələnərək, dünya demokratiyasından, ümumbəşəri dəyərlərdən səmərəli istifadə
edərək demokratik dövlət quruculuğu yolu ilə getməlidir.”
Heydər Əliyev hakimiyyətdə olduğu müddətdə Azərbaycan cəmiyyətinin
vahidliyinin, bütövlüyünün təmin olunmasını da özünün strateji vəzifəsi
saymışdır. Azərbaycanda bütün xalqların birliyini təmin edərək, onun müxtəlif
istiqamətlər – sosial bərabərsizlik, regional faktor, dini və milli mənsubiyyət
amili baxımından parçalanmasına imkan verməmişdir. Həmin seçimin Azərbaycan
dövlətçiliyinin yaşaması, inkişaf etməsi baxımından düzgün olduğunu illər də təsdiqlədi.
Ulu öndər çıxışlarında bir məsələni də diqqətə
çatdırardı. Deyərdi ki , hər bir xalqın milli-mənəvi dəyərlərinin qorunması
müasir zamanın ən aktual məsələlərindən birinə çevrilib. Problemi
aktuallaşdıran başlıca amil də budur ki, qloballaşma prosesinin və çoxqütblü
inteqrasiyanın diktələri bir çox hallarda milli-mənəvi dəyərlərə, adət-ənənələrə
qarşı yönəlir. Heydər Əliyev Vətəninə, xalqına, milli irs və ənənələrə bağlı və
bu yolda daim mübarizə aparan fədai idi. O sinəsini əsl sərkərdə kimi sipərə
çevirərək, bütövlükdə millətimizin mənəviyyatı keşiyində dayanırdı. Bu dahi şəxsiyyət
Azərbaycanın min illərin sınağından çıxmış mədəniyyətinə, tarixinə, ənənəsinə həddən
artıq bağlı olmaqla yanaşı, onların olduğu kimi xalqa qaytarılması üçün müxtəlif
tədbirlərin keçirilməsini təmin edirdi.
Heydər Əliyevi bu gün həm də müstəqil Azərbaycanın milli
sosial-iqtisadi inkişaf modelinin banisi kimi ehtiramla yad edirik. Dahi siyasətçi
iqtisadi islahatların sistemli şəkildə aparılması üçün ilk növbədə yeni mərhələnin
tələblərinə uyğun olaraq dövlət mülkiyyətinin özəlləşdirilməsini vacib saydı.
Əlbəttə, bu prosesin təbii olaraq keçid dövrü ilə bağlı müəyyən çətinlikləri
oldu, amma milli liderin uzaqgörənliyi öz bəhrəsini verdi. Nəhayət, keçid dövrü
uğurla başa çatdırıldı. Heydər Əliyev yaxşı bilirdi ki, dövlət mülkiyyətinin
xalqın mənafeyinə uyğun formada özəlləşdirilməsi sərbəst bazar rəqabəti
prinsiplərinin, xüsusi mülkiyyətçiliyin bərqərar olması, eləcə də milli
iqtisadiyyatın dünya iqtisadi sisteminə inteqrasiyası, insanların şüurunda, həyat
tərzində əsaslı dəyişiklik deməkdir. Beləliklə, respubilkada uğurla həyata
keçirilmiş özəlləşdirmə prosesinin məqsədi də məhz hər bir vətəndaşın marağını
təmin etmək, əhalinin həyat tərzini yaxşılaşdırmaq, sağlam rəqabətə əsaslanan
istehsal üçün şərait yaratmaq olmuşdur. Nəticədə ölkənin xarici iqtisadi əlaqələrinin
möhkəmlənməsində ciddi dönüş yarandı. Respublikamızda iqtisadiyyatın bütün sahələrində
sürətli inkişafa nail ötəri özəlləşdirmə prosesi struktur islahatları ilə
paralel həyata keçirildi. Yerli və xarici investisiyaların , müasir
texnologiyaların , idarəetmə təcrübəsini tətbiq etməklə infrastrukturun yeniləşməsinə,
yeni iş yerlərinin açılmasına nail olundu. İqtisadiyyatın keyfiyyətcə yeni mərhələsində
məhz özəl sektoru sosial-iqtisadi inkişafın başlıca təminatçısı kimi dəyərləndirmiş,
güclü sahibkarlar təbəqəsinin formalaşmasına, onların cəmiyyətdəki mövqelərinin
güclənməsinə təkan verildi. Etiraf edək ki, Azərbaycanın bütün sahələrində baş
verən islahatlar, uğurlu nəticələr – bütün bunların hamısı Azərbaycan vətəndaşların
firavan yaşayışı üçün hesablanıb. Bütün bu iqtisadi islahatların, təkamülün
yaradıcısı və banisi məhz Heydər Əliyevdir.
Azərbaycanda elə bir inkişaf mərhələsi, insan həyatı
üçün vacib olan maddi və mənəvi sahə yoxdur ki, onun tərəqqisində ilkinliyə
imza atan məhz Heydər Əliyev olmasın. Hərdən heyrətə gəlirsən, bir insan nə qədər
dərin düşüncəyə, məlumata, dürüst təklif vermək qabiliyyətinə malik ola bilər
ki, hər bir sahənin dərin bilicisi kimi iş görə bilsin. Heydər Əliyev siyasətçini,
iqtisadçını, tarixçini, hətta mənəvi sahələrin rəhbərlərini də təəccübləndirirdi.
Onunla söhbət edəndə çalışırdın ki, sözünü, fikrini ehtiyatla dilə gətirəsən.
Çünki qarşında bütün sahələrdən xəbərdar olan nəhəng şəxsiyyət dayanmışdır.
İctimai təşkilatların, partiyaların, xeyriyyə cəmiyyətlərinin, yaradıcılıq
birliklərinin, yardım komitələrinin, bir sözlə, insanın həyat səviyyəsinə müsbət
mənada təsir etmək üçün fəaliyyət qurumların işini mükəmməl bilən, yol göstərən
Heydər Əliyev böyük ürək sahibi idi.
Qürur və fərəhlə xatırlayıram ki, Azərbaycanda Həmkarlar
İttifaqları Konfederasiyasının (AHİK) müstəqil qurum kimi formalaşması da məhz
ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Onun şəxsi təşəbbüsü və nəzarəti
altında keçmiş postsovet məkanında ilk dəfə olaraq Azərbaycanda həmkarlar
ittifaqları haqqında qanun qəbul edildi. Bununla da təşkilatımızın normal fəaliyyətinə
şərait yaradıldı. Mən bunu heç zaman unutmaram ki, 1993-cü ilin yayında
respublikada vəziyyət necə gərgin idi. 4 iyun hadisələri onsuz da bərbad olan vəziyyəti
daha da ağırlaşdırmışdı. Ölkəmiz parcalanmaq, dövlətimiz məhv olmaq təhlükəsi
ilə üz-üzə qalmışdı. Belə bir qara bulud həmkarlar ittifaqının da başının
üstünü almışdı. Heydər Əliyev bu fəlakətin qarşısını məharətlə, daha dəqiq desək,
qan tökülmədən aldı.
Heydər Əliyevin respublikanın bütövlüyünü, dövlətçiliyini
qorumaq sahəsində yeritdiyi siyasəti müdafiə edən AHİK-in “Azərbaycan
Respublikasının cənub regionunda yaranmış ictimai-siyasi vəziyyətlə əlaqədar bəyanat”ında
deyilirdi: “AHİK, bu çoxsaylı təşkilatın minlərlə üzvü respublikanın cənubunda
gedən hadisələri böyük təşviş və həyəcan hissi ilə izləyir. Qeyd edirik ki, son
vaxtlar Azərbaycanda bir sıra qüvvələr öz siyasi məqsədlərini həyata keçirmək
üçün vətəndaşların sosial-iqtisadi hüquqlarını qorumaq bəhanəsi altında millətçi,
separatçı hərəkata başlamışlar. Azərbaycan həmkarlar ittifaqları birmənalı qeyd
edir ki, bu cür hərəkat siyasi avantüralardan başqa bir şey olmayıb, vətəndaşların
sosial-iqtisadi hüquqlarının daha da pozulmasına, Azərbaycanda həmkarlar
ittifaqları qüvvələrinin parçalanmasına, zəhmətkeşləri öz haqlı tələblərini
müdafiə etmək yolundan yayındırmağa aparır.”
Ümumiyyətlə, həmkarlar ittifaqları hər zaman ümummilli
liderin qayğısını öz üzərində hiss edib və bu diqqəti də həmişə qədirbilənliklə
qiymətləndirib. Ölkəmizdə ilk dəfə olaraq məhz həmkarlar ittifaqları özünün I və
II qurultaylarında ümummilli liderin prezidentliyə namizədliyini irəli
sürmüşdü.
Heydər Əliyev 1994-cü il fevralın 24-də “Həmkarlar
ittifaqları haqqında” Qanunu təsdiq etmişdir . Qanunun qəbulu qurumun cəmiyyətimizdəki
fəaliyyətinin yeni prinsiplər əsasında tənzimlənməsi və vətəndaşlarımızın
sosial-iqtisadi mənafelərinin qorunmasında fəal iştirakı üçün hüquqi baza
yaratdı. Bu qanundakı maddələrə görə, təkcə ölkə daxilində deyil, hətta MDB məkanında
bir çoxlarına demokratiyanı sözdə yox, işdə dəstəkləməyin parlaq nümunəsi oldu.
Heydər Əliyevin prezidentliyi illərində əməkçilərin sosial müdafiəsinə yönəlmiş
çoxsaylı digər hüquqi-normativ aktlar qəbul olundu. Beynəlxalq Əmək Təşkilatının
əsas konvensiyaları Milli Məclisdə ratifikasiya edildi. Heydər Əliyevin AHİK-in
1998-ci ildə keçirilmiş birinci qurultayının iştirakçılarına müraciətində
deyilirdi: “Əmin olduğumu bildirmək istəyirəm ki, həmkarlar təşkilatları öz
işini yeniləşən cəmiyyətimizin tələblərinə uyğun quracaq, Azərbaycanda müstəqil,
demokratik, dünyəvi dövlət quruculuğunda yaxından iştirak edəcəkdir”.
Ümummilli lider AHİK-in fəaliyyətini yüksək qiymətləndirərək
respubilkada demokratik, azad cəmiyyətin, insanların firavan həyatının bərqərar
olması yolunda gələcəkdə də ön sıralarda addımlayacağını söyləyirdi. Unudulmaz
Heydər Əliyevin bizə göstərdiyi qayğının, inamın yeni təzahürünü bu gün cənab
Prezdentimiz İlham Əliyevin diqqətində hiss edirik. Prezidentimizin şəxsiyyət və
lider kimi böyüklüyü onun ideyalarının inteqrativ birləşdirici mahiyyətindən,
ilk növbədə hər bir vətəndaşın maraqlarına hesablanmasından irəli gəlir. Ölkə
başçısının insana qayğı və hörmət prinsipinə əsaslanan siyasəti sayəsində bu
gün hər bir vətəndaşın əmək hüququ da yüksək səviyyədə qorunur.
Cəmiyyətin inkişafında həmişə təkamül yolunu vacib amil
kimi dəyərləndirən Prezident İlham Əliyev həmkarlar ittifaqı təşkilatlarının
roluna yüksək önəm verir və milli iqtisadiyyatın sürətli yüksəliş mərhələsində əmək
münasibətlərinin hüquqi çərçivədə tənzimlənməsini vacib sayır. Həmkarlar
ittifaqı təşkilatlarının cəmiyyətdəki rolunun artırılması məqsədilə verdiyi bir
sıra mühüm fərman və sərəncamlar da bunu bir daha təsdiqləyir. Müxtəlif illərdə
əməkdaşlarımızın bir qisminin Azərbaycan Prezidenti tərəfindən təltif olunması
da yüksək diqqət və qayğının əyani təzahürüdür.
Bir önəmli məsələni də mütləq etiraf etmək lazımdır ki, hər
bir liderin dövlət idarəçiliyində qazandığı uğur və nailiyyətləri şərtləndirən
başlıca amil siyasi varislik ənənələrinin qorunmasıdır. Söhbət ölkənin və dövlətin
sabit, dinamik inkişafının təkamül yolu ilə davam etdirilməsi xəttinin etibarlı
şəkildə qorunmasından gedir. Bu baxımdan ulu öndərin nəhəngliyi həm də ondadır
ki, güclü dövlət yaratmaqla yanaşı, onu özündən sonra inamla idarə edəcək,
çoxşaxəli mütərəqqi islahatların varisliyini uğurla təmin edəcək peşəkar lider,
layiqli davamçı yetişdirmişdir. Xalqımızın xoşbəxtliyidir ki, ulu öndərdən
sonra da dövlətimizin sükanı etibarlı əllərdədir. Bu gün cənab İlham Əliyevin
necə dövlət başçısı olması dünyanın diqqət mərkəzindədir.
Ötən ilin Aprel hadisələri bir daha ordumuzun və Ali Baş
Komandan İlham Əliyevin şücaətini, dəyanətini, məqsədini təsdiqlədi. Xalqa əyan
oldu ki, ulu öndər Heydər Əliyevin torpaqlarımızın işğaldan azad edilməsi yolundakı
məramını İlham Əliyev yaşadır və bu müqəddəs missiyanı həyata keçirmək üçün qətiyyətlə
çalışır. O günün uzaqda olmamasına inanırıq. İdeyaları yaşayan Lider isə əbədidir!
Səttar MÖHBALIYEV,
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri,
Milli Məclisin deputatı
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri,
Milli Məclisin deputatı
"Xalq qəzeti"
06.12.2017