AZ | RU | EN

Dövlətimizin xilaskarı, memarı və qurucusu

12 Dec 2017

Yeni Azərbaycan tarixinin görkəmli siması olan Heydər Əliyev xalqımızın qəlbində özünə abidə qurmuş şəxsiyyətdir. Azərbaycanın yeni tarixi məhz ulu öndərin liderliyi və müəllifliyi ilə yaranıb. 

Bu dahi insan dövlət idarəçiliyinin hər bir mərhələsində vətəninə, xalqına sonsuz məhəbbət və sədaqət hissi ilə yanaşıb, milli ideallara daxilən bağlı olub. Azərbaycanın məşhur isimlərinin malik olduğu ali keyfiyyətlər küll halında Heydər Əliyev dühasının kamil şəxsiyyətində təcəssümünü tapır. Ümummilli lider unikal bir siyasi məktəbin, mükəmməl dövlətçilik və idarəçilik sisteminin banisi, milli inkişafı şərtləndirən ideoloji-siyasi irsin müəllifi kimi əbədiyaşarlıq qazanıb. 

Heydər Əliyevin ümummilli liderə çevrilməsini təmin edən başlıca amillər onun çətin və mürəkkəb siyasi şəraitdə xalqının, dövlətinin problemlərinə biganə qalmaması olub. Hələ 1969-cu ildə Azərbaycana rəhbərliyinin ilk günlərindən Heydər Əliyevin Azərbaycan Respublikasının və xalqımızın inkişafı istiqamətində gələcək fəaliyyətinin, atacağı addımların konturları aydın idi. 

1969-cu ildə Heydər Əliyevin ölkəmizdə hakimiyyətə gəlişi ilə iqtisadi inkişaf əldə edildi, elmi və ədəbi-mədəni intibahın əsası qoyuldu. Bu mənada həmin dövrdən başlayaraq Heydər Əliyevin rəhbərliyi altında respublikada həyata keçirilən genişmiqyaslı islahatlar iqtisadi potensialın formalaşdırılmasına, sosial-mədəni həyatın canlandırılmasına və milli-mənəvi dəyərlərin dirçəldilməsinə yönəldilərək gələcək müstəqilliyin təmin olunması üçün zəmin hazırladı. Beləliklə, respublikamızda milli müstəqilliyə etibarlı zəmin formalaşdıran sosial-iqtisadi, hüquqi və mənəvi-intellektual mühit yaradan ulu öndər məhz bu möhkəm bünövrə üzərində xalqın azadlıq, istiqlaliyyət və müstəqillik ideallarına qovuşmasını təmin etdi. Təsadüfi deyil ki, 1969-1982-ci illərdə həyatımızın bütün sahələrində baş vermiş köklü dəyişikliklər miqyasına görə Azərbaycanın şanlı inkişaf və quruculuq salnaməsinin ən dolğun, şərəfli səhifələrini təşkil edir. 

Müstəqilliyimizin ilk illərində hakimiyyətə yiyələnən qüvvələrin səriştəsizliyi ölkəmizi parçalanmaq, dövlətçiliyimizi itirmək təhlükəsi qarşısında qoymuşdu. Vətəndaş müharibəsi ərəfəsində olan respublikada amansız müharibə də arxa plana keçmişdi. Bu çətin dönəmdə vətəndaşlarımız müdrik qərar qəbul edərək Heydər Əliyevi hakimiyyətə dəvət etdi. Bu qayıdış dövlətçiliyin və müstəqilliyin qorunub saxlanmasının əsas faktoru oldu. Heydər Əliyevin 1993-cü ildə siyasi hakimiyyətə tarixi qayıdışı ilə Azərbaycan bir dövlət kimi məhvolmadan, dünya xəritəsindən silinməyin real təhlükəsindən xilas oldu. Müstəqilliyimiz əbədiliyə və dönməzliyə çevrildi. 

Heydər Əliyev 34 ildən artıq bir dövrü əhatə edən zəngin siyasi fəaliyyəti ilə Azərbaycan dövlətinin tarixində müstəsna rol oynamışdır. Məhz buna görə xalqımız ulu öndərin adını tarixə dövlətimizin xilaskarı, memarı və qurucusu kimi həkk etmişdir. Azərbaycanda dövlətçilik ənənələrinin XX əsrin sonlarında bərpa edilib zənginləşdirilməsi, müstəqilliyin möhkəmləndirilməsi, onun əbədi, dönməz xarakter alması, ölkəmizin dinamik iqtisadi inkişaf yolu ilə inamla irəliləməsi, beynəlxalq nüfuzunun sürətlə artması Heydər Əliyevin uzaqgörən və zəngin siyasi fəaliyyəti sayəsində mümkün olmuşdur. Azərbaycan Respublikasının hərtərəfli inkişafı üçün onun hazırladığı strateji istiqamətlər hələ uzun illər müstəqil dövlətimizin möhkəmləndirilməsi və gücləndirilməsi, iqtisadi qüdrətinin artırılması, xalqımızın layiq olduğu xoşbəxt həyata qovuşması işinə xidmət edəcək. 

Ulu öndərin milli maraqlara əsaslanmaqla həyata keçirdiyi çoxşaxəli inkişaf strategiyası bu gün onun layiqli varisi - Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən inamla davam etdirilir. Mütərəqqi idarəçilik prinsipləri ilə cəmiyyətdə böyük nüfuz sahibinə çevrilmiş İlham Əliyev dövlət başçısı kimi məsuliyyətli və şərəfli vəzifəni inamla icra edir. Ötən 14 il dövlət başçısının verdiyi bütün vədlərin əməli fəaliyyətə və praqmatizmə söykəndiyini, respublikanın gerçək potensialı ilə uzlaşdığını tamamilə təsdiqləmişdir. Azərbaycan Prezidenti İlham Əliyevin əzmkarlıqla həyata keçirdiyi çoxşaxəli islahatlar kursu respublika iqtisadiyyatında böyük uğurlara yol açmış, hər bir vətəndaşın həyatında irəliləyişlərə səbəb olmuşdur. Heydər Əliyev ideyalarının və Prezident İlham Əliyevin uzaqgörən siyasətinin nəticəsidir ki, bu gün Azərbaycan tək regionda deyil, dünyada sayılıb-seçilən ölkədir.

Ulu öndər Heydər Əliyev cismən aramızda olmasa da, ölkəmizi işıqlı sabahlara aparan bəşəri ideyaları ilə xalqımızın qəlbində yaşayır. İstər Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət, istər Birinci vitse-prezident Mehriban xanım Əliyevanın gördüyü işlər, rəhbərlik etdiyi Heydər Əliyev Fondunun fəaliyyəti ulu öndərin ideyalarının həyatda vəsiqə qazanmasıdır. Bəli, bu gün Azərbaycanın dinamik sosial-iqtisadi inkişafı, ölkəmizin dünya birliyində öz yerini daha da möhkəmləndirməsi məhz Heydər Əliyev ideyalarının yaşamasının, ümummilli liderin siyasi kursunun uğurla davam etdirilməsinin nəticəsidir.

Səttar MÖHBALIYEV,
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri,
Milli Məclisin deputatı
 
“Azərbaycan”
12.12.2017