AZ | RU | EN

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl bayramı münasibətilə gənclərin tədbiri keçirilmişdir

28 Dec 2011

 

 

Tədbirdə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Mehbalıyev çıxış edərək ölkəmizdə həyata keçirilən uğurlu dövlət gənclər siyasətindən, onlara göstərilən diqqət və qayğıdan, Prezident İlham Əliyevin gənclərlə görüşlərinin əhəmiyyətindən danışmış, bayramlar münasibətilə gəncləri təbrik etmişdir.

S.Mehbalıyev bildirmişdir ki, ümummilli lider Heydər Əliyev həmişə gənclərə diqqət və qayğı ilə yanaşmışdır. Hələ sovet dövründə ulu öndər Azərbaycan gənclərini Rusiyanın aparıcı universitetlərində təhsil almağa göndərirdi. Həmin kadrlar bu gün də ölkəmizin inkişafına töhfə verirlər. Hazırda bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu gün Prezident İlham Əliyevin səyləri ilə istedadlı gənclərimiz Avropanın aparıcı universitetlərində təhsil alırlar. Ölkənin bütün regionlarında gənclərin sağlam ruhda böyüməsinə töhfə olaraq olimpiya-idman kompleksləri istifadəyə verilir.

Ölkə başçısının Sərəncamı ilə təsdiqlənmiş “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramında gənclərin inkişafı, təhsil alması, işlə təmin olunması və sağlam böyüməsi üçün bütün məsələlərin yer aldığını vurğulayan S.Mehbalıyev Gənclər və İdman Nazirliyinin tərkibində yaradılacaq Gənclər Fondunun əhəmiyyətini yüksək qiymətləndirmişdir.

Azərbaycanda gənclərin sosial problemlərinin həlli, onların ictimai-siyasi fəallığının artırılması məsələlərinin dövlətin daim diqqət mərkəzində olduğunu vurğulayan S.Mehbalıyev AHİK-in də bu istiqamətdə həyata keçirdiyi tədbirlərdən danışmışdır. Vurğulamışdır ki, bu məqsədlə AHİK tərəfindən orta məktəblərin əlaçı şagirdlərinə və tələbələrə təqaüdlər verilir. Bundan əlavə, AHİK ödənişli təhsil alan 38 yoxsul tələbənin təhsil haqlarının 30 faizinin ödənilməsi ilə bağlı qərar qəbul etmişdir.

Sonra Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Gənclər Şurasının sədri İrfan İsgəndərov çıxış edərək ölkədə gənclərə göstərilən diqqət və qayğıdan, həyata keçirilən tədbirlərdən, rəhbərlik etdiyi qurumun fəaliyyətindən danışmışdır. O, gənclərin Prezident İlham Əliyevin daxili və xarici siyasətini dəstəklədiklərini və onun ətrafında sıx birləşdiklərini diqqətə çatdırmışdır.

 Tədbir ziyafət və konsert proqramı ilə davam etdirilmişdir.