AZ | RU | EN
AZ | EN | RU

Elektroenergetika İşçiləri Həmkarlar İttifaqı Beynəlxalq Birliyi nümayəndələri arasında işgüzar görüş keçirilib

22 Oct 2019

Oktyabrın 21-25-də Bakıda Elektroenergetika, Elektrotexnika və Yanacaq Sənayesi İşçiləri həmkarlar ittifaqlarının regional komitələri və sahə şuraları sədrlərinin, mərkəzi orqanlarının rəhbərlərinin işgüzar görüşü keçirilib. .

Tədbirdə əsas müzakirə mövzusu “MDB ölkələrində fəaliyyət göstərən elektroenergetika, elektrotexnika və yanacaq sənayesində sosial dialoq sistemi (sosial partnyorluq) və onun təkmilləşdirilməsi yolları” olub. 
Qonaqları salamlayan Elektroenergetika və Elektrotexnika Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Rafiq İldarov ölkəmiz və təmsil etdiyi həmkarlar ittifaqı təşkilatı haqqında iştirakçılara məlumat verib. Bildirib ki, Azərbaycan Respublikası ikinci dəfə müstəqillik əldə etdikdən sonra Qarabağ münaqişəsi, ərazilərimizin bir hissəsinin qonşu dövlətin ordusu tərəfindən işğal edilməsi, çoxsaylı insan tələfatı, bir milyona yaxın qaçqın və məcburi köçkün axını və eləcə də digər iqtisadi problemlərlə üzləşib. Təəssüflər olsun ki, Qarabağ konflikti hələ də həll olunmayıb və münaqişə davam etməkdədir.
 
Bütün bu çətinliklərə baxmayaraq, son 15-20 ildə Azərbaycan iqtisadiyyatında inkişafa doğru ciddi irəliləyişlər olub. Azərbaycan BMT-nin Minilliyin İnkişaf Məqsədlərinin reallaşdırılması sahəsində məqsədyönlü strategiyaya və uğurlu iş təcrübəsinə malikdir. Yoxsulluq səviyyəsinin azaldılması istiqamətində sosial-iqtisadi tərəqqiyə hesablanan mühüm dövlət proqramları həyata keçirilir. Azərbaycan neft ölkəsidir. Neft və qaz idxalından əldə olunan gəlir qeyri-neft sənayesinin inkişafına, ölkənin infrastrukturunun yaxşılaşıdırılmasına, sosial məsələlərin həllinə sərf olunur. Turizm sektoru inkişaf etməkdədir. Sənayeyə investisiyaların cəlb olunması məqsədilə əlverişli iqtisadi mühit yaradılıb. Dövlət siyasətinin əsas istiqamətlərindən biri sosial sahədə həyata keçirilən uğurlu islahatlardır. Bu il çox ciddi və böyük sosial paket reallaşdı, pensiyalar, əməkhaqları, müavinətlər artırıldı. Minimum pensiyanın alıcılıq qabiliyyətinin səviyyəsinə görə Azərbaycan bu gün MDB məkanında birinci yerdədir. Orta aylıq pensiyanın həcminə görə isə üçüncü yerdədir.
Azərbaycanda həmkarlar ittifaqı hərəkatının formalaşma tarixi 19-cu əsrin 90-cı illərinə təsadüf edir. 1904-cü ildə ilk dəfə Bakı neftçiləri ilə işəgötürənlər arasında imzalanan kollektiv müqavilə ilə neft sənayesində həmkarlar ittifaqlarının əsası qoyulub.  Elektroenergetika İşçiləri Həmkarlar İttifaqı 100 ildən çoxdur ki, fəaliyyət göstərir. Təşkilatımız Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına daxildir, Elektroenergetika İşçiləri Həmkarlar İttifaqı Beynəlxalq Birliyinin və İndustri ALL Qlobal İttifaqının üzvüdür. Sıralarımıza elektroenergetika və elektrotexnika sənayesi müəssisə və təşkilatlarının işçiləri daxildir. Ölkəmizdə əmək münasibətləri sahəsində yaxşı hüquqi baza mövcuddur. Ölkə qanunvericiliyinə, eləcə də Əmək Məcəlləsinə edilən mütərəqqi dəyişikliklər həmkarlar ittifaqlarına imkan verir ki, işçilərin hüquqlarını daha effektiv şəkildə müdafiə etsinlər.
 
Respublikamızda sosial partnyorluq çərçivəsində iqtisadi və sosial məsələlər üzrə üçtərəfli komissiya fəaliyyət göstərir.  Məlumdur ki, AHİK-in sədri Səttar Möhbalıyev həm Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının, eləcə də Pan Avropa Regional Şurasının vitse-prezidentidir. O həmçinin Azərbaycan Milli Məclisinin deputatıdır.
R. İldarov diqqətə çatdırıb ki, işçilərin hüquqlarının müdafiə olunmasına imkan verən əsas sənəd kollektiv saziş və müqavilələrdir. “Azərenerji” ASC ilə imzalanan kollektiv müqavilədə müəssisələrin işçiləri üçün bir sıra sosial güzəştlər də əksini tapıb. Deyib ki, həmkarlar ittifaqı lideri və fəalı iqtisadi, hüquqi, psixoloji və siyasi sahədə biliklərə malik olmalıdır. Ona görə ki, onlar insanlarla işləyir, onların problemlərini həll etməyə çalışırlar. 
İşgüzar görüşdə Elektroenergetika İşçiləri Həmkarlar İttifaqı Beynəlxalq Birliyinin sədri Vasiliy Bondarev və digər nümayəndələr çıxış ediblər.
Tədbirdə AHİK sədrinin müavini Cavanşir Alxasov da iştirak edib.

FAYDALI KEÇİDLƏR