AMEA Azad Həmkarlar İttifaqının hesabat yığıncağı keçirilib
02 Jun 2015
İyunun 2-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) əsas binasında Azad Həmkarlar İttifaqının (AHİ) 2014-cü ildəki fəaliyyətinə dair hesabat yığıncağı keçirilib.
Yığıncağı giriş sözü ilə AMEA-nın prezidenti, akademik Akif Əlizadə açıb.
Sonra hesabatın təqdimatı üçün söz AMEA Azad Həmkarlar İttifaqının sədri, professor İsa Alıyevə verilib. İ.Alıyev öncə ölkə başçısı tərəfindən əhalinin məşğulluğunun təmin edilməsi, yeni iş yerlərinin açılması, vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində son illərdə həyata keçirilən işləri diqqətə çatdırıb.
Sədr deyib ki, hesabat dövrü ərzində ittifaq təşkilati baxımdan xeyli möhkəmlənmiş, üzvlərlə əlaqəni daha da gücləndirmişdir. İşçilərin əmək hüquqlarının qorunmasını başlıca vəzifəmiz saymışıq. Aztəminatlı ailələr diqqətimizdən kənarda qalmayıb. Hər bir ailəyə maddi yardım göstərilib. İnstitutların kollektivlərində çalışanlar vaxtaşırı mədəni-kütləvi tədbirlərin fəal iştirakçısı olublar. İ.Alıyev bütün bu istiqamətlərdə görülən işləri ətraflı, konkret fakt və rəqəmlərlə yığıncaq iştirakçılarının diqqətinə çatdırıb. Çıxışının sonunda deyib: 44 üzv təşkilatımız var. Əlbəttə, deyə bilmərik ki, bu təşkilatların hamısı öz missiyasını yüksək səviyyədə yerinə yetirir. Təbii ki, nöqsanlarımız, öhdəsindən tam gələ bilmədiyimiz problemlər də var. Növbəti hesabat ilində biz onların da həllinə nail olmağı qarşımıza məqsəd qoymuşuq.
Tədbirə qonaq qismində dəvət olunmuş AHİK sədri, millət vəkili Səttar Mehbalıyev çıxış edərək bildirib ki, Azərbaycan elminin inkişafında əməyi olan insanlar qarşısında çıxışı etmək çox fərəhli bir haldır. Konfederasiya yarandığı vaxtlardan alimlərimizə diqqətlə yanaşmışıq. AHİK-ə daxil olan 26 sahə həmkarlar ittifaqı arasında say tərkibinə görə AHİ aşağı sırada qərarlaşsa da, ən çox yollayış alan 7 komitədən biridir. İttifaqınıza təkcə keçən il 470 yollayış ayrılıb.
S.Mehbalıyev hələ də çoxlarının dəqiq bilmədiyi bir məsələyə toxunmağı lazım bildi. Dedi ki, əksər insanlar zənn edir ki, toplanan üzvlük haqları bütünlüklə AHİK-də qalır. Bu belə deyil. Yığılan vəsaitin böyük hissəsi yerlərdə üzv təşkilatların büdcəsində toplanır. Həmin vəsaitlər işçilərin sosial problemlərinin həllinə, mədəni-kütləvi tədbirlərin keçirilməsinə xərclənir. AHİK sədri S.Mehbalıyev dedi: "AHİK qanunların, normativ sənədlərin hazırlanması, yerlərdəki təşkilatlar isə onların yerinə yetirilməsi ilə məşğul olur. Həmkarlar ittifaqı təşkilatları güclü olmalıdır ki, işçilərin sosial, əmək hüquqlarını müdafiə edə bilsin. Təşkilatların yerlərdə səmərəli fəaliyyəti üçün onun kollektivi fəal olmalıdır. İdarə heyətinə savadlı liderlər seçilməlidir".
AHİK sədri sonra ölkəmizin son illər əldə etdiyi uğurlu iqtisadi nəticələr barədə məlumat verib. Neft sənayesi ilə yanaşı, qeyri-neft sektorunun inkişaf etdiyini diqqətə çatdırıb. Deyib ki, buna görə də neftin qiymətinin aşağı düşməsi ölkə iqtisadiyyatına ciddi təsir göstərə bilməyib. Dövlət Neft Fonduna yığılan vəsait insanların rifah halının yaxşılaşdırılmasına yönəlib. Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi neftdən asılılığı tədricən aradan qaldırır. İnsanların sosial vəziyyətinin yaxşılaşdırılması üçün uzun müddətə dövlət proqramları hazırlanıb icra edilir. Digər infrastruktur layihələr həyata keçirilir. Elm sahələrinə ayrılan vəsait artırılır. Gənclər siyasəti formalaşdırılır və dəstəklənir. İdmana xüsusi diqqət ayrılır. Bu gün birinci Avropa Oyunlarının Bakıda keçirilməsi elə-belə deyil, buna əvvəlcədən zəmin hazırlanılıb. Bu, ölkə başçısının apardığı idman siyasətinin nəticəsidir.
AHİK sədri Bakıda keçiriləcək birinci Avropa Oyunlarında Həmkarlar İttifaqı İdman Təşkilatları Assosiasiyasının yetirməsi olan 12 idmançının iştirak edəcəyini də nəzərə çatdırıb.
S.Mehbalıyev bildirib ki, AHİK-in mövqeyi Beynəxalq Həmkarlar İttifaqları Konfederasiyası, o cümlədən dünya həmkarlar ittifaqı təşkilatları arasında güclənməkdədir. Əlbəttə, bu, bizim demokratik islahatlar nəticəsində qısa müddət ərzində qazandığımız uğurdur. Ölkəmizdə həmkarlar ittifaqlarının üzvlərinin mənafeyinə xidmət edən bir sıra qanunlar qəbul olunub.
AHİK sədri sanatoriyalara verilən yollayışların sayının artırılması barədə göstəriş verəcəyini də qeyd edib. Bildirib ki, təşkilatın nəzdində olan bütün sanatoriyalar təmir olunub, istirahət üçün tam ideal vəziyyətdədir. Bundan əlavə, yeniləri tikilir, istifadəyə verilir. Bütün bu işlər AHİK-in öz vəsaiti hesabına görülür.
Millət vəkili həmçinin AHİK-in dəstəyi ilə təhsil müəssisələri arasında keçirilən müsabiqələri, yarışları da diqqətə çatdırıb. Deyib ki, əlaçı tələbələrə təqaüdlərin verilməsi və adlarının "Ülfət" qəzetində dərc olunması digərlərinə də fərqlənmək üçün stimul verir. Bundan başqa, sosial vəziyyəti ağır olan tələbələrə də maddi yardımlar göstərilir. Həmçinin mənzil probleminin həll olunması ilə bağlı AHİK də müəyyən səy göstərir. Elm haqqında qanunun qəbulu bir sıra problemlərin həll olunmasına kömək olacaq. Ümid edirəm ki, alimlərə dövlət qulluqçusu statusunun verilməsi də yaxın vaxtlarda öz həllini tapacaq.
Azad Həmkarlar İttifaqının sədr müavini, professor İsaxan Vəliyev, AMEA vitse-prezidenti İsa Həbibbəyli və başqaları da çıxış edərək AHİ-nin 2014-cü ildəki fəaliyyətinə münasibət bildiriblər. Çıxışlarda işçilərin əməkhaqlarının artırılması, gənclərin, eləcə də yaşı 60-65 arasında olan və hələ də kirayədə yaşayan alimlərin mənzillə təmin olunması, tibbi sığortanın tətbiqi, akademiya işçilərinə dövlət qulluqçusu statusunun verilməsi və sair təkliflər irəli sürülüb.
AMEA-nın prezidenti, akademik Akif Əlizadə sonda yekun sözü söyləyib, AHİ-nin fəaliyyətini yüksək qiymətləndirib. Akademiya əməkdaşlarının sosial-iqtisadi problemlərinin həllində ittifaqın yaxından iştirak etdiyini söyləyib.
AMEA prezidenti həmçinin səslənən təkliflərə öz münasibətini bildirib. Deyib ki, bu məsələlərin həlli üçün var qüvvəsi ilə çalışır. İlk öncə Akademiyanın 70 illiyinin möhtəşəm keçirilməsi bizim əsas vəzifəmizdir. Təbii ki, bu, noyabr ayında baş tutacaq. Bununla bağlı hazırlıqlarımız mərhələli şəkildə davam etdirilir. Həmçinin Akademiyada struktur dəyişiklikləri həyata keçirilir, nizam-intizam gücləndirilir. İnkişaf etmiş ölkələrin təcrübəsi öyrənilir. 70 il ərzində dövlət tərəfindən akademiyaya, onun institutlarına maliyyə vəsaiti ayrılıb və buna əsasən də bütün işlər həyata keçirilib. Biz bu sistemi dəyişmək fikrindəyik. Mənəvi iqlimi dəyişmək bizim uğurumuzun yarısıdır. Sosial məsələlərə gəldikdə onu demək lazımdır ki, AMEA-da poliklinikanın fəaliyyətə başlaması gerçəkləşmək üzrədir. Amma hələ də gənclər üçün mənzil almaq bir problem olaraq qalır. Əlbəttə, ilk növbədə istedadlı gənclərin mənzilə olan ehtiyacını ödəmək lazımdır ki, onlar rahat şəkildə öz yaradıcı fəaliyyətlərini davam etdirə bilsinlər. Pirallahı qəsəbəsində alimlər şəhərciyinin tikilməsi nəzərdə tutulub. Ümid edirik ki, bu layihə reallaşsın və mənzillə təminat problemi də öz həllini tapsın. Məvaciblərin artırılması həmişə diqqət mərkəzindədir. Dövlət qurumlarına bu barədə dəfələrlə müraciətlər olub, belə başa düşmək olar ki, bunun da icrasına az müddət qalıb. Lakin bununla belə gözləmək lazım deyil. Nə qədər çox innovativ nəticə olarsa, o qədər çox akademiya qazana bilər. Ona görə də institutlarımız, onların əməkdaşları fəal olmalı, mütərəqqi elmi nailiyyətlərdən bəhrələnməlidirlər. Əfsuslar olsun ki, hazırda respublikada elmi ekspedisiyalar, tədqiqatlar aparmaq üçün heç bir əsasnamə yoxdur, maliyyə vəsaitləri ayrılmır. Elm ekspedisiya olmadan inkişaf edə bilməz. İş prosesində müxtəlif peşə xəstəlikləri yarana bilər, bunların müalicəsi üçün tibbi sığorta çox vacibdir. Nizam-intizam qaydalarına əməl olunmalıdır. Həmkarlar ittifaqı təşkilatlarından xahiş edirəm ki alimlərimizin istirahətinin səmərəli təşkili üçün var qüvvəsi ilə çalışsınlar.
Yekunda qərar layihəsi oxundu, qənaətbəxş hesab olunaraq qəbul edildi.