Əməkdaşlıq müqaviləsi imzalandı
26 Apr 2016
Aprelin 26-da Türkiyə Dövlət Qulluqçuları Həmkarlar İttifaqları Konfederasiyasının və Təhsil İşçiləri Həmkarlar İttifaqının sədri Ali Yalçının AHİK sədri, millət vəkili, BHİK-in vitse-prezidenti Səttar Mehbalıyev ilə görüşü olub.
Konfederasiyanın sədri Səttar
Mehbalıyev qonaqları salamlayaraq ölkələrimizin həmkarlar ittifaqı mərkəzləri
arasındakı əlaqələrin və səmərəli əməkdaşlığın genişlənməsindən məmnunluğunu
ifadə edib, Azərbaycan və Türkiyə həmkarlar ittifaqları arasında mütəmadi
olaraq keçirilən görüşlərin və təcrübə mübadiləsinin əhəmiyyətindən danışıb.
AHİK sədri Səttar Mehbalıyev Azərbaycan
ilə Türkiyə arasında sıx dostluq və qardaşlıq münasibətlərinin tarixi ənənələrə
söykəndiyini, bu ölkələrin, ulu öndər Heydər Əliyevin dediyi kimi, bir millətin
iki dövləti olduğunu qeyd etdi.
Qonaqlara Azərbaycan Həmkarlar
İttifaqlarının fəaliyyəti, 180-dən artıq beynəlxalq həmkarlar ittifaqı mərkəzi
ilə sıx əməkdaşlıq əlaqələri haqqında məlumat verən AHİK sədri daha sonra
Azərbaycanda gedən geniş abadlıq-quruculuq işlərindən, regionların
sosial-iqtisadi inkişafından, səhiyyə, idman və digər sosial sahələrdə aparılan
işlərdən söhbət açıb.
AHİK
sədri bildirib ki, iki qardaş ölkə arasındakı münasibətlərin bütün sahələrdəki
inkişafı Azərbaycan və Türkiyə həmkarlar ittifaqlarının sıx əməkdaşlıq və
işgüzar əlaqələrinin möhkəmlənməsini şərtləndirir və qarşımızda duran ümdə vəzifələrdən
biri də bu əlaqələrin daha da möhkəmlənməsini təmin etməkdir.
Türkiyə
Dövlət Qulluqçuları Həmkarlar İttifaqları Konfederasiyasının və Təhsil İşçiləri
Həmkarlar İttifaqının sədri Ali Yalçın ölkəmizə səfərləri zamanı göstərilən
səmimi münasibətə və qonaqpərvərliyə görə AHİK sədrinə öz təşəkkürünü
bildirib.
Ermənistan Azərbaycan münasibətlərinə toxunan qonaq ermənilərin
işğalçı siyasətini pislədiklərini
və bu münaqişədə hər zaman qardaş Azərbaycanın yanında olduqlarını bildirib. O qeyd edib ki, rəhbərlik
etdiyi qurumun üzv təşkilatlarında Dağlıq Qarabağ ətrafında baş verən hadisələrlə
bağlı "İşğala DUR!" devizi ilə tədbirlər təşkil olunur. Bu tədbirləri bundan sonra da
davam etdiriləcək.
Daha sonra rəhbərlik etdiyi qurum
haqqında məlumat verən qonaq vurğulayıb ki, Dövlət Qulluqçuları Həmkarlar
İttifaqlarının 950 mindən artıq üzvü var. Üzvlərin sayına görə təşkilat Türkiyənin
ən böyük həmkarlar ittifaqı təşkilatıdır və bu göstəricinin 1 milyonu keçməsi
üçün çalışırıq.
Sonra iki ölkənin həmkarlar
ittifaqları arasında Əməkdaşlıq Müqaviləsi imzalanıb.
Müqaviləyə əsasən tərəflər
aşağıdaki öhdəlikləri götüblər: İş həyatı və həmkarlar ittifaqlarının fəaliyyəti haqqında qarşılıqlı təcrübələri
bölüşmək və istifadə etmək məqsədilə nümayəndə heyətlərinin göndərilməsi; Dövlətlər,
xalqlar və konfederasiyalar arasında qarşılıqlı münasibətlərin inkişafı üçün
möhkəm əlaqələrin qurulması; İş həyatı və konfederasiyaların fəaliyyətləri
haqqında məlumat mübadiləsi üçün qəzet, jurnal, broşür, kitab kimi
materialların qarşılıqlı dövriyyəsi; Tərəflər
arasında; mütəxəsislərin yetişdirilməsi üçün ölkələr və konfederasiyalar üzrə təşkil
edilmiş tədris proqramlarında məsləhət xarakterli xidmətlərin göstərilməsi; Qarşılıqlı təcrübə və məlumat mübadiləsi məqsədilə
mütəxəssis, işçi və təmsilçi kimi fərqli üzvlər üçün tədris proqramlarının təşkil
edilməsi; İctimai təhlükəsizlik kimi iş həyatıyla
bağlı sahələrdə yaşanmış son dəyişikliklər haqqında davamlı məlumatlandırılmanın
təşkili.