Əməyin gələcəyi ilə bağlı aktual məsələlər müzakirə olundu
29 Mar 2017
Azərbaycanda Beynəlxalq Əmək Təşkilatının (BƏT) “Əməyin gələcəyi” təşəbbüsünə uyğun olaraq əməyin gələcəyi ilə bağlı aktual məsələlərə həsr olunmuş milli dialoqun yekunlarına dair konfrans keçirilib.
Konfransı giriş sözü ilə açan əmək və əhalinin sosial
müdafiəsi naziri Səlim Müslümov bildirib ki, bu gün dünyada müşahidə olunan
ictimai, siyasi və sosial ziddiyyətlər, işsizlərin sayının 200 milyonu aşması,
ekoloji və təbii resursların istifadəsi və tükənməsi problemləri fonunda insan
həyatı üçün yarana biləcək təhdidlərin qarşısının alınması ideyası bəşəriyyətin
gələcək konsepsiyasının əsasını təşkil edir: “Bu baxımdan BƏT-in Baş direktoru
cənab Qay Rayder tərəfindən BƏT-in 104-cü sessiyasında irəli sürülmüş “Əməyin gələcəyi”
təşəbbüsü və bu təşəbbüs ətrafında qlobal müzakirələrin aparılması çağırışı
böyük əhəmiyyət kəsb edir. Əminliklə qeyd etmək olar ki, yeni əsrdə əmək
sferası böyük dəyişikliklərə məruz qalır. Məlumdur ki, robot texnikasının
inkişafı, istehsalın avtomatlaşdırılması və yeni texnologiyaların tətbiqi əmək
bazarının inkişafında həlledici rol oynayır. Dəyişikliklər prosesi elə sürətlə
və elə miqyasda baş verir ki, artıq əmək sferasının da transformasiyasına səbəb
olur. Həm də, təəssüf ki, bu transformasiya, BƏT-in Baş katibinin məruzəsində
qeyd edildiyi kimi, dəyişikliklərin vektorunun sosial ədaləti təmin etmək tərəfə
deyil, əks istiqamətə yönəldiyi bir şəraitdə baş verir”. «Əməyin gələcəyi» təşəbbüsü
üzrə BƏT tərəfindən müzakirə üçün təklif olunan mövzular (“Əmək sferası və cəmiyyət”,
“Əməyin və istehsalın təşkili”, “Hamı üçün layiqli iş yerləri” və “Əmək
sferasının idarə olunması”) yeni texnologiyaların inkişafı, demoqrafik
perspektivlər, miqrasiya prosesləri, təhsil imkanlarının genişləndirilməsi
kontekstində əmək sferasına daha geniş bucaq altında nəzər salmaq və bu sahədə
baş verə biləcək dəyişikliklərə öz baxışımızı formalaşdırmaq imkanı yaradır.
S.Müslümov nəzərə çatdırıb ki, Azərbaycanda “Əməyin gələcəyi” təşəbbüsü ilk
növbədə Sosial və İqtisadi Məsələlər üzrə Üçtərəfli Komissiyada müzakirə
olunub. Komissiyada həmin təşəbbüs üzrə geniş müzakirələrin keçirilməsi üçün
milli prioritetlər əsasında 4 mövzu (“Demoqrafik vəziyyət və miqrasiya proseslərinin
əmək bazarına təsiri”, “Texnoloji inkişafın əmək bazarına və məşğulluğa təsiri”,
“Layiqli əməyin cəmiyyətin rifahında rolu” və “Təhsilin və təlimin əmək
bazarının inkişafında rolu”) müəyyən olunub. Aidiyyəti dövlət orqanlarının,
sosial tərəfdaşların, elm və təhsil ocaqlarının, vətəndaş cəmiyyətinin və beynəlxalq
təşkilatların nümayəndələrinin iştirakı ilə həmin mövzularda Azərbaycanda əmək
sferasının gələcək perspektivləri ətrafında müzakirələr aparılıb
. Tədbirdə Milli Məclisin Əmək və Sosial Siyasət
Komitəsinin sədri Hadi Rəcəbli əməyin gələcək sferasında baş verə biləcək dəyişikliklərin
qlobal miqyasda əsas müzakirə mövzularından olduğunu qeyd edib. Komitə sədri bu
gün Azərbaycanda uzunmüddətli sosial-iqtisadi inkişafın təmin olunması üçün
aparılan siyasətin eyni zamanda əmək bazarının gələcək inkişafına yönəldiyini
bildirib.
Azərbaycan Həmkarlar İttifaqları
Konfederasiyasının sədri, millət vəkili Səttar Möhbalıyev əməyin gələcək
sferası ilə bağlı ölkəmizdə milli dialoq çərçivəsində aparılan müzakirələrin əhəmiyyətindən
bəhs edib. Əvvəlcə
onu diqqətə çatdırıb ki, respublikamızda əmək münasibətlərinin təkmilləşdirilməsi,
bu sahədə insanların qanuni hüquq və mənafelərinin təmin edilməsi naminə Beynəlxalq
Əmək Təşkilatı (BƏT) ilə əməkdaşlıq get-gedə genişlənməkdədir. BƏT-in təşəbbüsü
ilə ona üzv olan dövlətlərdə milli dialoqun, sosial partnyorları, vətəndaş cəmiyyəti
institutlarını və elmi dairələri cəlb edilməklə, inkişafı üzrə atılan addımlar
təqdir olunmalıdır. S.Möhbalıyev BƏT-in müəyyənləşdirdiyi 8 əsas istiqamətdən həmkarlar
ittifaqı üçün prioritet olan 4-nün konfransın müzakirəsinə çıxarılmasına görə
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə minnətdarlığını bildirib. Sonra
çıxışına davam edərək deyib, bəllidir ki, əmək sferasının problemlərini
texnoloji inqilablar, urbanizasiya, demoqrafik dəyişikliklər, miqrasiya,
qeyri-formal iqtisadiyyat, işsizlik kimi hallar şərtləndirir. Burada
texnologiyanın təkmilləşdirilməsi ilə bağlı problemləri xüsusilə qeyd etmək
lazımdır. Texnoloji inkişaf sayəsində, təbii ki, yüksək məhsuldarlıq əldə edilir,
xərclərə qənaət olunur, risklər azaldılır. Bu və başqa nailiyyətlərlə yanaşı,
eyni zamanda çoxsaylı iş yerləri ləğv edilir, bir çox hallarda işçilər gərgin
iş şəraitində işləməli olurlar. Biz texnoloji inkişafın tərəfdarıyıq. Lakin
üzvlərimizin işlə təmin edilməsi, onların iş şəraitlərinin yaxşılaşdırılması,
sosial müdafiəsi bizim üçün daha önəmlidir. Bu baxımdan təbii resursların məhdudluğu,
demoqrafik dəyişikliklər, miqrasiya kimi problemlərin sosial-iqtisadi inkişafa,
işçilərin layiqli əməklə təminatına təsiri öyrənilməlidir. Bütün bunları nəzərə
alaraq müzakirəyə çıxarılan məsələləri aktual və vacib hesab edirik. Sonra Səttar
Möhbalıyev dedi, respublikamızda əhəmiyyətli sosial-iqtisadi dəyişikliklər baş
verir, əhalinin rifahının yaxşılaşdırılmasına yönəldilmiş genişmiqyaslı
islahatlar həyata keçirilir. Bazar iqtisadiyyatının təşəkkül tapması,
sahibkarlığın inkişafı üçün əlverişli mühitin yaradılması istiqamətində atılan
önəmli addımlar, layiqli əmək şəraiti əhalinin yaşayış səviyyəsinin yüksəlməsinə
geniş imkanlar açmışdır. Bildiyiniz kimi, ölkə Prezidenti tərəfindən 2017-ci il
martın 17-də «Əmək münasibətlərinin tənzimlənməsi və koordinasiyası»
komissiyasının yaradılması barədə sərəncam imzalanmışdır. Bu komissiyanın məqsədləri
bütövlükdə həmkarlar ittifaqlarının istəklərinə tam cavab verir, hər bir
işçinin əmək hüquqlarının müdafiəsini təmin edir. Bunlara görə ölkə başçısına dərin
təşəkkürümüzü bildiririk. Əminəm ki, komissiyanın fəaliyyəti bu gün müzakirə
etdiyimiz məsələlərin də həllində mühüm rol oynayacaqdır. Sözsüz ki,
2016-2020-ci illər üçün Azərbaycan Respublikasında Layiqli Əmək üzrə Ölkə
Proqramının qəbulu cəmiyyətdə sosial ədalət prinsiplərinə əməl edilməsinə, əmək
münasibətlərinin tənzimlənməsinə güclü təkan verəcəkdir. Beynəlxalq Əmək Təşkilatı
layiqli əmək anlayışını «Azadlıq, bərabərlik, təhlükəsizliyin təmin olunduğu və
insan ləyaqətinin uca tutulduğu şəraitdə qadın və kişilər üçün layiqli və məhsuldar
əməyin əldə edilməsi imkanları» kimi dəyərləndirir. AHİK bu dəyərləndirməni tam
dəstəkləyir və fəaliyyətimizin vacib istiqamətlərindən biri hesab edir. Təsadüfi
deyil ki, Baş Kollektiv Sazişdə tərəflər, üzərlərinə Beynəlxalq Əmək Təşkilatı
ilə əməkdaşlıq çərçivəsində, Layiqli Əmək üzrə Ölkə Proqramının icrasını təmin
etmək öhdəliyini götürmüşlər. Bu öhdəliyi yerinə yetirmək üçün AHİK-in İcraiyyə
Komitəsi 2016-2017-ci illər üçün sahə (tarif) sazişləri və kollektiv müqavilələr
bağlanarkən həmkarlar ittifaqının mövqeyini əks etdirən tövsiyələr qəbul
etmişdir. Həmin sənəddə həmkarlar ittifaqı təşkilatlarına səylərini ilk növbədə
əməkhaqqı siyasətinin və əməyin ödənilməsi üzrə qanunvericiliyin təkmilləşdirilməsinə,
orta aylıq əməkhaqlarının artırılmasına yönəltmələri tövsiyə olunmuşdur.
S.Möhbalıyev daha sonra dedi, Beynəlxalq Əmək Təşkilatının «Yüzilliyin dialoqu»
layihəsi çərçivəsində ölkəmizdə keçirilən «Milli dialoq» üçün bir sıra
prioritetlər müəyyən edilmişdir. Diversifikasiyanın köməyi ilə iqtisadiyyatın,
texniki modernizasiyanın və innovasiya fəaliyyətinin səmərəliliyinin yüksəldilməsi,
layiqli iş yerlərinin yaradılması, sahibkarlıq, o cümlədən kiçik və orta
sahibkarlığın inkişaf etdirilməsi bu prioritetlər sırasındadır. Səttar müəllim
prioritet vəzifələrlə yanaşı, həmkarlar ittifaqının həlli ilə məşğul olduğu digər
problemləri də diqqətə çatdırdı. Bildirdi ki, iqtisadi inkişafın ətraf mühitə mənfi
təsir göstərməsinin qarşısı alınmalıdır. Kişilərin, qadınların, gənclər və əlillərin
tam və məhsuldar məşğulluqla, layiqli işlə təmin olunmalarına səy göstərilməlidir.
Məcburi əmək ləğv edilməlidir. Müasir quldarlıq, insan alveri, uşaq əməyinin
istismarını aradan qaldırılmalıdır. Stabil iş yeri olmayan işçilər, o cümlədən
miqrantlar, xüsusilə qadın-miqrantlar, eləcə də bütün işləyənlər təhlükəsiz iş
yerləri ilə təmin edilməlidir. Onların əmək hüquqlarının qorunması, iş yerlərinin
yaradılmasına vəsilə olan daimi turizmin inkişafı, əhalinin maliyyə xidmətlərindən
bəhrələnmək imkanının genişləndirilməsi də qarşımızda duran mühüm vəzifələrdəndir.
Ümid edirəm ki, bu yaxınlarda yaradılmış Milli Üçtərəfli Komissiya «Milli
dialoq» çərçivəsində müəyyən edilmiş məsələləri öz iclaslarında müzakirəyə
çıxaracaq və gələcəyin əmək sferasına dair problemləri sosial tərəfdaşlarla sıx
əməkdaşlıq çərçivəsində həll etməyə çalışacaqdır. Digər tərəfdən, hesab edirəm
ki, bugünkü müzakirələrin yekunu olaraq tərəfdaşlarımızın vahid mövqeyi ortaya
qoyulacaq və onun əsasında prioritet məsələlərin həlli, birgə layihələrin və
proqramların hazırlanıb yerinə yetirilməsi üçün bütün imkanlar səfərbər ediləcəkdir.
Bu məsələlərin daha geniş müzakirəsinə nail olmaq üçün müvafiq struktur bölmələrimizin
bu işə cəlb edilməsi məqsədyönlü olardı. Çünki Azərbaycan həmkarlar ittifaqları
dünya təcrübəsindən yararlanaraq öz üzvlərinin sosial və iqtisadi hüquqlarının
müdafiəsinin təşkilini sosial tərəfdaşlarımız – Azərbaycan Hökuməti və
Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası ilə konstruktiv əməkdaşlıqda
görür. İnanıram ki, tədbirimiz uğurla yekunlaşacaq və bu sahədə mühüm irəliləyişlər
əldə olunmasına şərait yaradılacaqdır.
Azərbaycan
Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının sədri Məmməd
Musayev müasir texnologiyaların iqtisadiyyatda geniş tətbiqinin işçi qüvvəsinin
də rəqabət qabiliyyətinin artırılması tələbini getdikcə gücləndirdiyini
vurğulayıb. BƏT-in
Avropa və Mərkəzi Asiya üzrə regional direktoru Haynts Köler Azərbaycanda “Əməyin
gələcəyi” təşəbbüsünə uyğun keçirilən tədbirləri, habelə müzakirə üçün müəyyən
edilmiş mövzuları yüksək dəyərləndirib. Tədbirdə AHİK-in Katibi-Aparat rəhbəri
Həsən Cəfərovun «Layiqli Əməyin təmin olunmasında həmkarlar ittifaqının rolu»
mövzusunda çıxışı dinlənildi. Dedi ki, AHİK-in İcraiyyə Komitəsi 2017-ci il
martın 14-də «Azərbaycan Respublikası 2016-2020-ci illər üçün Layiqli Əmək üzvə
Ölkə Proqramı»nın həyata keçirilməsinə dair Konsepsiya» qəbul edib.
Konsepsiyada Ölkə Proqramının həyata keçirilməsi və layiqli əməyin təmin edilməsi
üçün həmkarlar ittifaqlarının əsas prioritetləri – layiqli əməkhaqqı,
qadınların diskriminasiya hallarına qarşı mübarizə, gənclərin məşğulluğu, işçilərin
əməyinin və sağlamlığının mühafizəsi, sosial əməkdaşlarla dialoqun inkişafı, həmkarlar
ittifaqına üzvlüyün motivasiyası, mülkiyyət münasibətlərindən asılı olmayaraq
bütün müəssisə, təşkilat, firma, şirkətlərdə, o cümlədən transmilli şirkətlərdə
həmkarlar ittifaqı təşkilatlarının yaradılması və digər məsələlər qarşıda duran
vəzifələr kimi müəyyənləşdirilib. Konfransda BƏT-in Avropa və Mərkəzi Asiya ölkələri
üzrə Moskva Bürosunun məşğulluq üzrə baş mütəxəssisi Mixail Puşkin “Gələcəyin əmək
sferası”, BƏT-in baş təlimçisi Azad Rəhimov “Məşğulluq və inkişaf təlimçilərinin
peşəkar qurumunun yaradılması” təqdimatları ilə çıxış ediblər. Tədbirdə həmçinin
“Demoqrafik vəziyyət və miqrasiya proseslərinin əmək bazarına təsiri”
mövzusunda panel müzakirələrin nəticələri təqdim edilib.
Tədbirdə AHİK-in Katibi-Aparat rəhbəri Həsən Cəfərovun "Layiqli əməyin təmin olunmasında həmkarlar ittifaqının rolu" mövzusunda çıxışı dinlənildi. H. Cəfərov dedi ki, AHİK-in İcraiyyə Komitəsi 2017-ci il martın 14-də "Azərbaycan Respublikası 2016-2020-ci illər üçün Layiqli Əmək üzvə Ölkə Proqramı"nın həyata keçirilməsinə dair Konsepsiya" qəbul edib. Konsepsiyada Ölkə Proqramının həyata keçirilməsi və layiqli əməyin təmin edilməsi üçün həmkarlar ittifaqlarının əsas prioritetləri - layiqli əməkhaqqı, qadınların diskriminasiya hallarına qarşı mübarizə, gənclərin məşğulluğu, işçilərin əməyinin və sağlamlığının mühafizəsi, sosial əməkdaşlarla dialoqun inkişafı, həmkarlar ittifaqına üzvlüyün motivasiyası, mülkiyyət münasibətlərindən asılı olmayaraq bütün müəssisə, təşkilat, firma, şirkətlərdə, o cümlədən transmilli şirkətlərdə həmkarlar ittifaqı təşkilatlarının yaradılması və digər məsələlər qarşıda duran vəzifələr kimi müəyyənləşdirilib.
Konfransda BƏT-in Avropa və Mərkəzi Asiya ölkələri üzrə Moskva Bürosunun məşğulluq üzrə baş mütəxəssisi Mixail Puşkin “Gələcəyin əmək sferası”, BƏT-in baş təlimçisi Azad Rəhimov “Məşğulluq və inkişaf təlimçilərinin peşəkar qurumunun yaradılması” təqdimatları ilə çıxış ediblər. Tədbirdə həmçinin “Demoqrafik vəziyyət və miqrasiya proseslərinin əmək bazarına təsiri” mövzusunda panel müzakirələrin nəticələri təqdim edilib. Konfrans yerli ekspert Emil Əsgərovun “Əməyin gələcəyi” mövzusunda təqdimatı, “Texnoloji inkişafın əmək bazarına və məşğulluğa təsiri”, “Layiqli əməyin təmin olunmasında həmkarlar təşkilatlarının rolu”, “Təhsilin və təlimin əmək bazarının inkişafında rolu” mövzularında panel müzakirələrin nəticələrinin təqdim olunması və müzakirələrlə davam edib.