AZ | RU | EN

Əməyin təhlükəsizliyinin və sağlamlığın idarə edilməsi məsələləri müzakirə olunmuşdur

21 Apr 2011

28 aprelAprelin 21-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK) 28 aprel - Dünya Əməyin Mühafizəsi Günü münasibətilə “Əməyin təhlükəsizliyinin və sağlamlığın idarə edilməsi sistemi: fasiləsiz təkmilləşmə yolları” mövzusunda tədbir keçirilmişdir.

 AzərTAc xəbər verir ki, AHİK-in sədri, Milli Məclisin deputatı Səttar Mehbalıyev son illərdə həmkarlar ittifaqlarının əməyin mühafizəsi və təhlükəsizlik məsələləri üzrə 20-dən artıq qanunverici və normativ aktların hazırlanmasında və təkmilləşdirilməsində iştirak etdiyini bildirmişdir.

Azərbaycan Respublikası Konstitusiyasının hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək hüququnu təsbit etdiyini diqqətə çatdıran S.Mehbalıyev həmkarlar ittifaqlarına dair qanuna, Əmək və Vergi Məcəllələrinə bir sıra düzəlişlərin edildiyini xatırlatmışdır.

Bildirilmişdir ki, sahə həmkarlar ittifaqı komitələrinə əməyin mühafizəsi məsələləri üzrə kollektiv müqavilə və sazişlərdə əksini tapan məsələlər üzrə tədbirlərin hazırlanmasına dair kömək göstərilmişdir. Görülmüş işlər nəticəsində son bir il ərzində əməyin mühafizəsi tədbirlərinin yerinə yetirilməsinə, o cümlədən əmək şəraitinin yaxşılaşdırılmasına, xüsusilə fərdi mühafizə vasitələrinin alınmasına xərclərin məbləği 50 faiz artmışdır. Təkcə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin idarə və müəssisələrində çalışanların sosial rifahının yaxşılaşdırılması məqsədi ilə 2007-2010-cu illər üçün ayrılmış 460,5 milyon manat vəsaitin təxminən 30 faizi işçilərin əmək şəraitinin və əməyin mühafizəsinin yaxşılaşdırılmasına sərf olunmuşdur. Azərbaycan Dəmir Yollarında işçilərin əməyin mühafizəsi və texniki təhlükəsizlik vəziyyətinin yaxşılaşdırılmasına 20 milyon manat xərclənmişdir.

Bir çox özəl və xarici şirkətlərində həmkarlar ittifaqı təşkilatlarının olmadığını vurğulayan S.Mehbalıyev böyük qurumlarda bu cür təsisatların yaranmasının problemə çevrildiyini bildirmişdir. İşçilərin öz hüquqlarını müdafiə etmələrindən ehtiyatlandıqları üçün işəgötürənin onlarla istədiyi kimi davrandığını qeyd edən sədr xarici şirkətlərdə çalışan Azərbaycan Respublikasının vətəndaşlarını daha da fəal olmağa çağırmışdır.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əmək müfəttişliyinin rəisi Rauf Tağıyev bildirmişdir ki, istehsalatda baş vermiş bədbəxt hadisələrin qarşısını almaq üçün ilk növbədə işəgötürənlərin məsuliyyətini artırmaq lazımdır. O, işəgötürənlərin “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəliklərindən icbari sığorta haqqında” Qanunun tələblərinə uyğun işçilərin sığortalanmasını icra etməsinin vacibliyini diqqətə çatdırmışdır.

Sonda “Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üzrə ilin ən yaxşı müəssisəsi” müsabiqəsinin qalibləri mükafatlandırılmışlar.

 

28 aprel3 28 aprel2
28 aprel1 28 aprel4