AZ | RU | EN
AZ | EN | RU

ƏMTKK-nın iclasında AHİK sədri, millət vəkili Səttar Möhbalıyevin çıxışı

25 Dec 2018

Biz bu gün komissiyanın iclasında “Azərbaycan Respublikasında qeyri-rəsmi məşğulluğun qarşısının alınmasına dair Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı və Sərəncamın icrası ilə əlaqədar qarşıda duran vəzifələr barədə cənab sədr, hörmətli Əli müəllimin çıxışını və müvafiq nazirliklərin işçi qruplarının rəhbərlərinin görülmüş işlərlə bağlı məruzələrini dinlədik.

Təbii ki, Tədbirlər Planında nəzərdə tutulan məsələlərin həyata keçirilməsi sahəsində görülmüş işlər təqdirəlayiqdir və onlar davam etdiriləcəkdir.
Eyni zamanda qeyd etmək istəyirəm ki, Tədbirlər Planının 1.2, 1.8, 1.9, 1.12, 4.5.  bəndlərində nəzərdə tutulan tədbirlərin icrası ilə bağlı, baxmayaraq ki, biz orada əsas icraçı qismində deyilik, komissiyanın, onun işçi qrupunun iclaslarında əməkdaşlarımız öz fikir və təkliflərini səsləndirmişlər.

Bildiyiniz kimi, bu gün dünyada heç bir ölkə iddia edə bilməz ki, orada qeyri-rəsmi məşğulluq tamamilə aradan qaldırılmışdır. Çünki bu problemin mövcudluğunda bəzi hallarda işçilərin özləri də maraqlıdırlar. Sirr deyil ki, qeyri-rəsmi iqtisadiyyatda əməkhaqqı rəsmi iqtisadiyyatın bəzi sahələri ilə müqayisədə daha yüksəkdir və digər tərəfdan, əmək bazarının gərginliyi də buna öz təsirini göstərir. Məhz bu baxımdan işaxtaranların bir hissəsi “günəmuzd” çalışaraq aldıqları əməkhaqqı ilə kifayətlənir, gələcəkdə sosial müdafiə məsələlərindən, sosial sığortadan məhrum ola biləcəklərinə göz yumur və ya bəzi hallarda rəsmi iqtisadiyyatda iş tapmaqda çətinlik çəkdiklərindən qeyri-rəsmi iqtisadiyyatda çalışmağa üstünlük verirlər.

Bildirmək istəyirəm ki, Azərbaycanda qeyri-rəsmi iqtisadiyyatdan rəsmi iqtisadiyyata keçidi ilə bağlı məsələ Azərbaycan Respublikası Sosial və İqtisadi Məsələlər üzrə Üçtərəfli Komissiyanın 11 may 2018-ci il tarixli yığıncağında müzakirə edilmişdir. Məsələ ilə bağlı BƏT-in eksperti, Seffild Universitetinin professoru Kolin Vilyams məruzə ilə çıxış etmişdir. İlk növbədə professor Azərbaycan Respublikası Prezidentinin 09 oktyabr 2017-ci il tarixli sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında qeyri-rəsmi məşğulluğun qarşısının alınmasına dair Tədbirlər Planı”nda bütün məsələlərin ətraflı əhatə olunduğunu xüsusi vurğuladı. Sonra məsələyə BƏT-in yanaşmasını izah etməklə, 204 saylı Tövsiyədə təsbit edilən iqtisadi fəaliyyət növləri barədə ətraflı məlumat verdi.

Ekspert qeyri-rəsmi iqtisadiyyatın azaldılmasında nəzarət və həvəsləndirmə tədbirlərinin həyata keçirilməsi məqsədilə elektron sistemlərin səmərəliliyinin artırılması üçün qabaqlayıcı   nəzarət tədbirinin xüsusi əhəmiyyətini vurğulamışdır.  Müzakirə olunan məsələ ilə əlaqədar təşviqat və maarifləndirmə işlərinin daha səmərəli olduğunu diqqətə çatdırmışdır.

Ekspertin Sosial və İqtisadi Məsələlər üzrə Üçtərəfli Komissiyaya tövsiyələri də olmuşdur. Onun fikrincə, Komissiyanın aidiyyəti nazirlik, komitə, sahə üçün sahələrarası strateji məqsəd və hədəflər işləyib hazırlaması bu qurumların qarşılıqlı əlaqəsinə böyük imkanlar açardı. Etiraf etdi ki, dünyanın az ölkəsində Azərbaycandakı kimi tərəfdaşların bu səviyyədə qarşılıqlı faydalı əməkdaşlığı mövcuddur ki, bu da çox təqdirəlayiqdir.
Azərbaycan həmkarlar ittifaqları qeyri-rəsmi iqtisadiyyatın azaldılması ilə bağlı maarifləndirməni vacib amil hesab edərək bu istiqamətdə fəal iş aparır.
Biz bu məsələdə öz potensialımızdan maksimum istifadə etməklə yanaşı, Beynəlxalq Əmək Təşkilatı və Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının imkanlarından da yararlanmağa çalışırıq. Son illərdə qeyri-rəsmi iqtisadiyyatın və qeyri-rəsmi məşğulluğun azaldılması sahəsində həmkarlar ittifaqının vəzifələri ilə bağlı 11 tədbir (seminar və konfrans) keçirilmişdir. Dinləyicilərin qarşısında sosial əməkdaşlarımızın nümayəndələri, həmkarlar ittifaqlarının rəhbərləri və fəalları ilə yanaşı, yerli və beynəlxalq təşkilatların ekspertləri də çıxış etmiş, təklif və tövsiyələrini vermişlər.

Bu istiqamətdə sonuncu tədbir AHİK-in BƏT-lə birlikdə oktyabrın 18-19-da 80 nəfərin iştirakı ilə “Qeyri-rəsmi sektorun rəsmiləşdirilməsi üzrə Azərbaycan Respublikasının tədbirlər və fəaliyyət planının yerinə yetirilməsində həmkarlar ittifaqlarının rolu” mövzusunda keçirilmişdir. Konfransda sosial əməkdaşlarımızın nümayəndələri ilə yanaşı, beynəlxalq ekspertlər (Azərbaycanda Avropa İttifaqının layihə rəhbərləri Audras Bitinas və Audra Mikalauskayt), müstəqil ekspert İlkin Nəzərov iştirak etmişlər. Dinləyicilər tərəfindən bir sıra təkliflər də irəli sürülmüşdür.

Mən istərdim səsləndirilən bu təklifləri Komissiya üzvlərinin nəzərinə çatdırım. Hesab edirəm ki, gələcəkdə onların reallaşdırılması istiqamətində müəyyən addımlar atmaq olar. Bu da Tədbirlər Planının icrasının təmin edilməsinə öz müsbət təsirini göstərə bilər.
Bu təkliflər aşağıdakılardır:
- işçiləri əmək münasibətlərini rəsmiləşdirməyə stimullaşdırmaq (pensiya, müavinət, xəstəlik vərəqələri, iş vaxtına dəqiq riayət edilməsi və s.);
- əmək bazarında təklif və tələb arasındakı uyğunsuzluğun və işçilərin sahələr üzrə bölüşdürülməsində qeyri-mütənasibliyin aradan qaldırılması;
- qeyri-rəsmi əmək münasibətlərində olan işçilərin statistikasının dəqiqləşdirilməsi;
- qeyri-rəsmi iqtisadiyyatda çalışanların əmək və sosial müdafiə hüquqlarının tanınması, habelə işçilərin maraqlarını qoruyacaq nümayəndəli təşkilatların yaradılması imkanlarının öyrənilməsi;
- əmək bazarında diskriminasiyaya son qoyulmasına nail olunması;
-sosial partnyorlarla qarşılıqlı əməkdaşlıq çərçivəsində BƏT-in 204 saylı Qeyri-Rəsmi İqtisadiyyatdan Rəsmi İqtisadliyyata keçid Tövsiyəsinin təbliğ olunması və bu sahədə BƏT-lə əməkdaşlığın davam etdirilməsi.

Qeyd etmək lazımdır ki, bu gün respublikamızda bir sıra sahələrdə hələ də qeyri-rəsmi məşğulluğa şərait yaradan iri təsərrüfat müəssisələri mövcuddur. Bu yaxınlarda dövlət vergi orqanları tərəfindən özəl tibb müəssisələrində də külli miqdarda vergiyə cəlb olunmayan əməkhaqqı ödənişləri aşkar edilmişdir. Bütün bunlar bir daha bizim əvvəl də təklif etdiyimiz mobil monitorinq qruplarının yaradılmasını zəruri edir. Hesab edirik, komissiyanın işçi qrupu nəzdində mobil monitorinq qrupları yaradılmalıdır. Bununla biz qarşıya çıxan məsələlərə operativ yanaşmanı və onların həllinin tezləşdirilməsini təmin etmiş olarıq.
Diqqətinizə görə minnətdaram!

ПОЛЕЗНЫЕ ССЫЛКИ