“Ən yaxşı təqdimat” müsabiqəsinin qalibləri mükafatlandırılıb
07 May 2019
Mayın 7-də ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə təşkil olunmuş “Ən yaxşı təqdimat” müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.
Tədbirdən öncə rəhbər təhsil işçiləri Fəxri xiyabana gələrək
ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib, abidəsi önünə gül dəstələri
qoyublar. Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi
yad olunub, məzarı üzərinə gül dəstələri düzülüb.
“Ən yaxşı təqdimat” müsabiqəsi qaliblərinin
mükafatlandırılması mərasimində Prezident Administrasiyasının humanitar siyasət
məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva, Baş nazirin müavini, Yeni Azərbaycan
Partiyası sədrinin müavini-icra katibi Əli Əhmədov, Milli Məclisin sədr müavini
Bahar Muradova, digər dövlət rəsmiləri, deputatlar, təhsil müəssisələrinin,
media qurumlarının rəhbərləri, təhsil ekspertləri, müəllim və şagirdlər iştirak
ediblər.
Tədbir Azərbaycan Milli Konservatoriyasının tərkibində
Respublika İncəsənət Gimnaziyasının xor kollektivinin ifasında dövlət himninin
səsləndirilməsi ilə başlanıb.
Təhsil naziri Ceyhun Bayramov çıxış edərək bildirib ki,
ümummilli lider Heydər Əliyev təhsilin inkişafına daim böyük diqqət və qayğı
göstərib, təhsilin inkişafı hər zaman Ulu Öndərin genişmiqyaslı fəaliyyətində
prioritet sahə kimi mühüm yer tutub. Ümummilli Lider tərəfindən əsası qoyulan
inkişaf strategiyasının Prezident İlham Əliyev tərəfindən uğurla davam
etdirildiyini deyən nazir bu sahədə əhəmiyyətli işlərin görüldüyünü vurğulayıb.
“Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın
icrası istiqamətində əldə edilmiş nailiyyətləri diqqətə çatdıran Ceyhun
Bayramov qarşıda mühüm hədəflərin dayandığını da əlavə edib. Bildirib ki, peşə
təhsilinin əhatə dairəsinin genişləndirilməsi, məktəbəqədər təhsillə əhatəlilik
səviyyəsinin 90 faizə çatdırılması, ümumi təhsil müəssisələrinin
infrastrukturunun müasirləşdirilməsi istiqamətində tədbirlər davam etdiriləcək.
Ceyhun Bayramov qeyd edib ki, dövlət başçısı tərəfindən həyata
keçirilən ardıcıl siyasət nəticəsində ali təhsilin əlçatanlığının artırılması,
tələbələrin sosial müdafiəsinin yaxşılaşdırılması, ölkədə yüksəkixtisaslı, peşəkar
kadrlar hazırlanması, ali təhsildə rəqabət mühitinin formalaşdırılması sahəsində
əhəmiyyətli qərarlar qəbul olunub.
Təhsilin məzmununun gələcəyin çağırışlarına cavab verməsi
və innovativ inkişafın təmin edilməsi baxımından yenilənməsinin mühüm
prioritetlərdən olduğunu deyən nazirin sözlərinə görə, ümumi təhsildə təmayülləşmə
istiqamətlərinin artırılması, növbəti tədris ilində 20 məktəbdə peşəyönümü təmayüllü
siniflərin açılması hədəf kimi müəyyən edilib. Ceyhun Bayramov ümumi təhsil müəssisələrində
mənəvi-psixoloji mühitin yaxşılaşdırılması, tərbiyə işinin səmərəli təşkili, məktəb-ailə
münasibətlərinin düzgün qurulmasının ən vacib məsələlərdən olduğunu deyib.
Təhsil naziri bu müsabiqənin müstəqil Azərbaycan dövlətinin
qurucusu, dahi siyasətçi və qüdrətli dövlət xadimi Heydər Əliyevin zəngin
irsinin, şərəfli ömür yolunun və fəaliyyətinin gənc nəsil tərəfindən davamlı
olaraq öyrənilməsi məqsədilə keçirilən kütləvi və mühüm tədbirlərdən biri
olduğunu vurğulayıb, müsabiqənin qaliblərini təbrik edərək onlara uğurlar
arzulayıb.
Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının sədr
müavini-icra katibi Əli Əhmədov bildirib ki, bu gün ölkədə təhsilin inkişafına əhəmiyyətli
yer verilməsi, bu sahədə genişmiqyaslı islahatların həyata keçirilməsi Azərbaycanın
uğurlu gələcəyinin təminatına xidmət göstərir.
“Ən yaxşı təqdimat” müsabiqəsinin əhəmiyyətini qeyd edən
Əli Əhmədov ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı və dövləti üçün
göstərdiyi misilsiz xidmətlərdən danışıb. Qeyd edib ki, bu müsabiqə ulu öndər
Heydər Əliyevin zəngin irsinin mənimsənilməsi, gənclərin dövlətçilik məfkurəsinin
formalaşması baxımından əhəmiyyətli rol oynayır.
Daha sonra Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar
İttifaqı Respublika Komitəsinin sədri, Milli Məclisin deputatı Səttar
Möhbalıyev çıxış edərək müsabiqənin gənclərin bilik və bacarıqlarının
artırılmasına töhfə verdiyini bildirib. O, müsabiqə iştirakçılarının Komitə tərəfindən
mükafatlandırılacağını deyib.
Nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin
müavini Elmir Vəlizadə ənənəyə çevrilən bu müsabiqənin gənclərin milli-mənəvi və
ümumbəşəri dəyərlərə hörmətlə yanaşmasında xüsusi rol oynadığını qeyd edib.
Elmir Vəlizadə ölkəmizdə gənclərin inkişafının daim diqqət mərkəzində olduğunu
vurğulayıb.
Mərasimdə müsabiqə qaliblərinin təqdimatlarından ibarət
qısa videoçarx nümayiş olunub. Videoçarx Təhsil televiziyası tərəfindən
hazırlanıb.
Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin və Azərbaycan
Milli Konservatoriyasının tərkibində Respublika İncəsənət Gimnaziyası şagirdlərinin
ifasında musiqi əsərləri səsləndirilib.
“Ən yaxşı təqdimat” müsabiqəsinin nəticələrinə əsasən, 6
nəfər birinci, 11 nəfər ikinci, 18 nəfər üçüncü dərəcəli diplomla, 27 nəfər isə
tərifnamə ilə təltif olunub.
Qaliblərə diplomlar və qiymətli hədiyyələr təqdim edilib.
Ümumi
təhsil müəssisələrinin IX-XI sinif şagirdləri arasında keçirilən müsabiqə Təhsil
Nazirliyi, Heydər Əliyev Fondu, Yeni Azərbaycan Partiyası, Nəqliyyat, Rabitə və
Yüksək Texnologiyalar Nazirliyi, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar
İttifaqı Respublika Komitəsi tərəfindən təşkil olunub.