AZ | RU | EN
AZ | EN | RU

Energetiklərin IV plenumu keçirilib

20 Dec 2019

Dekabrın 20-də Elektroenergetika və Elektrotexnika Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin IV plenumu keçirilib.

Plenumda “Sahə həmkarlar ittifaqının əhatə etdiyi müəssisələrdə əməyin mühafizəsinin vəziyyəti və qarşıda duran vəzifələr” mövzusunda məruzə ilə Respublika Komitəsinin baş texniki əmək müfəttişi Nazim Babayev çıxış edərək deyib ki, yerlərdə təhlükəsiz və sağlam əmək şəraitinin yaradılması AHİK-in daimi diqqətdə saxladığı prioritet məsələlərdəndir. Baş Kollektiv Sazişdə bu sahəyə xüsusi bölmə ayrılmışdır. Əməyin mühafizəsi Konfederasiyanın məclislərində müzakirə olunur, bununla bağlı tərəfdaşlar qarşısında tələblər və təkliflər irəli sürülür. Təbii ki, üzv təşkilat olaraq, biz də sahə tarif sazişində, kollektiv müqavilələrdə təhlükəsiz və sağlam iş şəraitinin konkret, daha geniş bölmələrdə əksini tapmasına səy göstəririk. Bu sənədlərə müvafiq olaraq həmkarlar ittifaqı təşkilatlarının nəzdində fəaliyyət göstərən əməyin mühafizəsi üzrə komissiyalar son 2 ildə sahənin əhatə etdiyi müəssisələrin 18-də Respublika Komitəsinin əmək müfəttişliyi müəssisə və həmkarlar ittifaqı komitələrinin əməyin mühafizəsi və sağlam əmək şəraitinin yaradılması sahəsində gördükləri işlərlə tanış olmuşlar.

 Məruzəçi bildirib ki, İstehsalat sahələrində yoxlamalar aparır, baxışlar keçirir. Aşkarlanmış çatışmazlıqlar HİK-in iclaslarında müzakirə edilir və ona əsasən qərarlar qəbul olunur. Qərarların vaxtında yerinə yetirilməsi nəzarətdə saxlanılır. Yoxlamalar göstərir ki, bütövlükdə sahə müəssisələrində “sağlam istehsalat” prinsipinə riayət olunur. Xüsusilə yeni açılan iş yerləri sanitar-gigiyenik normaların tələblərinə uyğun inşa edilmişdir. Buna misal olaraq Sumqayıt Texnologiyalar Parkını (STP) göstərmək olar. Bir neçə istehsalat sahəsini əhatə edən bu parkda bütün işçilər əmək funksiyalarını sağlam və təhlükəsiz şəraitdə yerinə yetirir. Enerjisistemdə istismarda olan elektrik avadanlıqlarının mürəkkəbliyini, onların dəqiq idarəetmə tələblərini nəzərə alaraq, müəssisə və təşkilatlarda əməyin mühafizəsinə, texniki təhlükəsizliyə, işçilər üçün sağlam və təhlükəsiz iş şəraitinin yaradılmasına xüsusi fikir verilir.
Xüsusən son illərdə işçilərin təhlükəsizliyinə, əməyin mühafizəsinə dair aparılan profilaktik tədbirlərin həyata keçirilməsi nəticəsində “Azərenerji” ASC-nin müəssisə və təşkilatlarında 2019-cu ilin 11 ayı ərzində ölümlə nəticələnən bədbəxt hadisə baş verməmişdir.
Mütəmadi olaraq təhlükəsizlik texnikası günlərinin keçirilməsi, işçilərin əmək və istehsalat intizamının yüksəldilməsi, kollektiv və fərdi mühafizə vasitələrilə, xüsusi geyimlə, yanğına qarşı mühafizə ləvazimatları ilə işçilərin təminatı, təlimatların yerinə yetirilməsi, əməliyyat və növbətçi heyətin iş rejiminin tənzimlənməsi və sair tədbirlər bədbəxt hadisələrin qarşısının alınması üçün əsas amillərdir.
 “Azərenerji” ASC-də, “Azenco” ASC-də və “STP” MMC-də işləyən bütün işçilər müəssisələrin hesabına bədbəxt hadisələrdən sığorta olunmuşlar.

Müəssisə və təşkilatlarda baş vermiş bədbəxt hadisələr Respublika Komitəsinin Rəyasət Heyətində müzakirə edilir, müəssisə rəhbərlərinə və həmkarlar ittifaqı komitələrinə müvafiq tövsiyələr verilir.
Son 2 il ərzində Respublika Komitəsinin Rəyasət Heyətində bu mövzuda 14 məsələ müzakirə edilib və müvafiq qərarlar qəbul olunub.
Məruzədə Şahdağ, Xaçmaz, Şəki elektrik stansiyaları bu sahədə nümunə kimi göstərilib.
 Sonda tövsiyə olunub ki, sahə həmkarlar ittifaqı sosial tərəfdaşlığın bərabərhüquqlu tərəfi olaraq əməyin mühafizəsi sahəsində qanunvericiliyə, qaydalara və normalara riayət edilməsi üzərində ictimai nəzarəti gücləndirməli, bu işdə işəgötürənlərlə, dövlət nəzarəti orqanları ilə sıx əməkdaşlıq əlaqələri qurmalı və məsələlərin həllində konstruktiv mövqe tutmalıdır.
Plenumda növbəti ildə görüləcək işlərin xülasəsi təqdim edilib və sahə həmkarlar ittifaqının 2020-ci il üçün büdcəsi təsdiq olunub.

FAYDALI KEÇİDLƏR