AZ | RU | EN

Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın dinc sakinlərinin qətlə yetirilməsi ilə bağlı AHİK İcraiyyə Komitəsinin Bəyanatı

07 Jul 2017

Ermənistan silahlı qüvvələrinin Füzuli rayonunun cəbhəyanı ərazidə yerləşən Alxanlı kəndini artilleriya qurğuları, minaatanlar və digər iriçaplı silahlardan intensiv atəşə tutması nəticəsində kənd sakinləri - 1967-ci il təvəllüdlü Allahverdiyeva Sahibə İdris qızının və 2015-ci il təvəllüdlü Quliyeva Zəhra Elnur qızının həlak olması və 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızının qəlpə yarası alması Ermənistanda terrorun dövlət siyasəti səviyyəsinə yüksəldiyini bir daha təsdiq edir.

Mülki əhalinin hədəfə alınması, qətlə yetirilməsi, onların məskunlaşdığı yaşayış məntəqələrinin dağıdılması müvafiq beynəlxalq konvensiyalara zidd olmaqla yanaşı, terrorçu Ermənistan rejiminin qaniçən mahiyyətini, şəxsən prezident SerjSarkisyanın Azərbaycan xalqına qarşı düşmənçilik münasibətini əyani şəkildə nümayiş etdirir.

Ermənistanın Azərbaycanın mülki əhalisinə və mülki obyektlərə birbaşa və qəsdən hücumları beynəlxalq humanitar hüququn və insan hüquqları ilə bağlı beynəlxalq təşkilatların qərar və konvensiyalarının ciddi şəkildə pozulmasıdır. Üstəlik Ermənistan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin – Azərbaycanın işğal olunmuş ərazilərinin «qeyd-şərtsiz boşaldılması, dinc əhalinin geri qaytarılması ilə bağlı tələbini nəinki yerinə yetirmir, əksinə öz işğalçılıq siyasətini dinc əhalini qətlə yetirməklə daha da möhkəmləndiməyə çalışır.

Ermənistanın hüquqa zidd əməllərinə görə bu günə qədər beynəlxalq təşkilatlar tərəfindən məsuliyyətə cəlb olunmaması onun cinayətkar əməllərini davam etdirməsinə şərait yaradır.
 
Buna görə də biz beynəlxalq birliyi, xüsusilə BMT və digər beynəlxalq təşkilatları Ermənistan silahlı qüvvələri tərəfindən törədilən beynəlxalq humanitar hüququn ciddi pozultularına hüquqi-siyasi qiymət verməyə, Ermənistan barəsində müvafiq sanksiyalar tətbiq etməyə, Ermənistanın təcavüzünə son qoyulması ilə bağlı zəruri addımlar atmağa, dinc sakinlərin, xüsusilə yaşlı insanların və uşaqların məqsədyönlü şəkildə öldürülməsinə laqeyd qalmamağa çağırırıq.
 
 
Azərbaycan Həmkarlar
 İttifaqları Konfederasiyasının İcraiyyə Komitəsi
 
                                                                           06 iyul 2017-ci il