Əsas məqsədimiz yeni təşkilatların yaradılması, üzvlərimizin sayının artırılmasıdır
25 Sep 2017
Sentyabrın 25-də "İnşaat-İş" Həmkarlar İttifaqının ( Hİ) VI qurultayı keçirilib. İttifaqın sədri Umud Hüseynov hesabat məruzəsi ilə çıxış edib.
Bildirib ki, ötən qurultayda qəbul edilmiş qərarlarda əsas
məqsədimiz yeni təşkilatların yaradılması, üzvlərimizin sayının artırılması
olub. Buna uyğun olaraq iş planı tərtib edilib və müəyyən tədbirlər həyata
keçirilib.
U.Hüseynov diqqətə çatdırıb ki, dünyada baş verən qlobal
böhran ölkəmizdə tikinti sahəsinə də öz təsirini göstərib. Belə ki, tikinti
sektorunda iş zəifləyib, bəzi təşkilatlarda isə tamamilə dayanıb. Bütün bunlar
isə "İnşaat-İş" Hİ-nin də fəaliyyətinə təsirsiz ötüşməyib. Son 5 ildə
sahə həmkarlar ittifaqının xidmətində olan 48 təşkilat ləğv edilib ki, onların
da sıralarında 5130 nəfər üzv birləşirdi. Yeni yaradılan və fəaliyyəti bərpa
edilən müəssisələrin sayı isə 30, 2114 nəfər üzv olub. Hazıda üzv təşkilatlarımızın
sayı 81, üzvlərimizin sayı 4923 nəfərdir.
2016-cı ildə yaradılan Mənzil İnşaatı Dövlət Agentliyinin
sosial mənzillərin tikintisinə başlaması ilə tikinti və tikinti materialları
istehsalı sahəsində yeni canlanma müşahidə olunur. Hazırda bu tikinti təşkilatlarında
həmkarlar ittifaqı komitələrinin yaradılması üçün çalışırıq.
Hesabat dövründə sahə həmkarlar ittifaqının əsas səyləri
Baş Kollektiv Sazişin müddəalarının yerinə yetirilməsinə, sahə tarif sazişinin
və kollektiv müqavilələrin bağlanması və yerinə yetirilməsinə yönəlib.
Sədr deyib ki, ittifaqımız xarici əlaqələrin genişləndirilməsinə
də xüsusi diqqət ayırır. Sahə həmkarlar ittifaqı Rusiya Federasiyası,
Qazaxıstan, Ukrayna, Belarus, Moldova, Tacikistan, Qırğızıstan, Türkiyə
inşaatçıları həmkarlar ittifaqları ilə əməkdaşlıq edir. Onların bəziləri ilə əmək
miqrantlarının hüquqlarının təmin olunması üzərində ictimai nəzarəti həyata
keçirmək barədə müqavilələr bağlanmışdır. Bu gün Azərbaycanda 4975 nəfər əmək
miqrantı inşaat sahəsində çalışır. Çox təəssüflə qeyd olunmalıdır ki, xarici əmək
miqrantları ilə bir sahədə çalışan və eyni işləri görən yerli işçilərin əməkhaqları
onlardan qat-qat azdır.
Hesabat dövrü ərzində üzv müəssisə və təşkilatlarda əməyin
mühafizəsi və təhlükəsizlik texnikası norma və qaydalarına əməl olunması, işçilərin
xüsusi geyim və mühafizə vasitələri ilə təmin olunmaları vəziyyəti yoxlanılıb, aşkar olunan pozuntular
aradan qaldırılıb.
Məruzədə
ittifaqın fəaliyyətinin digər istiqamətləri haqqında da ətraflı məlumat
verilib.
AHİK
sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev çıxış edərək qurultayda səslənən
məsələlərə münasibət bildirib. Deyib ki, AHİK beynəlxalq həmkarlar
ittifaqları tərəfindən güclü səlahiyyətə malik olan bir təşkilat kimi tanınır.
Bu qiymət isə gördüyümüz işlər və qazandığımız uğurlara görə verilib.
Bizim bir sıra sahələrdə uğurlu nəticələrimiz var.
Son
illərdə həmkarlar ittifaqlarının təklifləri ilə Əmək Məcəlləsinə, İnzibati Xətalar
Məcəlləsinə, "Həmkarlar ittifaqları haqqında" və digər qanunlara
100-dən çox əlavə və dəyişikliklər edilib. Bütün bu dəyişikliklər işçilərin
hüquqlarının qorunmasına xidmət edir.
Bizim
təşəbbüsümüzlə edilən dəyişikliklərdən biri həmkarlar ittifaqı təşkilatının
icazəsi olmadan işçinin işdən çıxarılmaması ilə bağlıdır. Həmkarlar ittifaqının
üzvü olan işçinin işdən azad edilməsi zamanı həmkarlar ittifaqı təşkilatına
yazılı müraciət olunmalı və işəgötürənlərə də yazılı cavab verilməlidir. Bu dəyişiklik
gələcəkdə üzvlərimizin say artımına təsir göstərən amillərdən biridir.
Qanuna
edilən əlavələrdən biri də üzvlük haqqı ilə bağlıdır. Bu qanunun qəbulundan
sonra müəssisənin, idarənin, təşkilatın mülkiyyət formasından asılı olmayaraq
işəgötürən öz mühasibatlığı vasitəsilə üzvlük haqlarının tutulmasını təmin
edir və 4 iş günü ərzində həmkarlar ittifaqı təşkilatının hesabına köçürür. Əks
təqdirdə üzvlük haqlarının həmkarlar ittifaqı təşkilatının hesabına vaxtında
köçürülmədiyi halda vəzifəli şəxslər 1000 manatdan 1500 manatadək cərimə
olunurlar.
AHİK
sədri kollektiv müqavilələrdə nəzərdə tutulan öhdəliklərin yerinə yetirilməsinə
xüsusi diqqət olunmasının vacibliyini vurğulayıb. Həmkarlar ittifaqlarının fəaliyyəti
ilə bağlı maarifləndirmənin hər zaman aparılmasını qeyd edib.
S.Möhbalıyev
sanatoriyaların, istirahət mərkəzlərinin tikilməsinə, təmirinə vəsait
ayrılmasının da vacib amillərdən biri olduğunu deyib: "İstirahət mərkəzlərimiz,
sanatoriyalarımız vaxtaşırı əsaslı təmir olunur, müasir avadanlıqlarla təchiz
edilir. Üzvlərimizin mənalı istirahətinə hər cür şərait yaradılır".
AHİK
sədri problemlərdən də danışıb. Onların həlli yollarını göstərib, öz tövsiyələrini
verib.
Sonda
təşkilati məsələyə baxılıb. Umud Hüseynov "İnşaat-İş" Hİ-nin sədri
seçilib.
Qurultay
yekdilliklə Səttar Möhbalıyevin AHİK-in V qurultayında yenidən AHİK sədri vəzifəsinə
namizədliyinin irəli sürülüb müdafiə olunması barədə qərar qəbul edib.