FHN İşçiləri HİK-nın təşkilatçılığı ilə 2 fevral - Gənclər günü ilə bağlı tədbir keçirilib
02 Feb 2015
FHN işçilərinin Həmkarlar İttifaqı Respublika Komitəsi tərəfindən keçirilən tədbirdə iştirak edən fövqəladə hallar nazirinin müavinləri - tibb xidməti general-leytenantı Faiq Tağızadə və general-leytenant Etibar Mirzəyev, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının, Gənclər və İdman Nazirliyinin, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının və FHN-in əməkdaşları əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin əziz xatirəsini dərin ehtiramla yad edərək abidəsi önünə gül dəstələri qoyublar.
Fövqəladə hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev FHN rəhbərliyinin təbrikini çatdırıb, ölkəmizdə gənc nəslə göstərilən yüksək dövlət qayğısından bəhs edib. O vurğulayıb ki, gənc nəsil torpaqlarımızın bütövlüyü və müstəqillik uğrunda canlarını fəda etmiş şəhidlərimizin qəhrəmanlığından nümunə götürməli, Vətənimizin müstəqilliyini qorumaq və gələcək nəsillərə çatdırmaq kimi müqəddəs amala xidmət etməlidir.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının, Gənclər və İdman Nazirliyinin nümayəndələri, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədr müavini Aqil Dadaşov gənclərə bayram təbriklərini çatdırıb, tədbirin təşkil olunmasını yüksək qiymətləndiriblər.
Çıxışlarda vurğulanıb ki, ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasətdə gənclərə qayğı mühüm yer tutur. Məhz dahi şəxsiyyətin təşəbbüsü ilə 2 fevral - Gənclər günü təsis olunub. Bu gün Azərbaycan gənclərinin qayğısız böyümələri, təhsil almaları və əmək fəaliyyəti üçün dövlətimiz tərəfindən hər cür şərait yaradılıb. Əsası Ulu Öndərimiz tərəfindən qoyulan uzaqgörən siyasət Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilir.
Çıxışlardan sonra Fövqəladə Hallar Nazirliyinin struktur bölmələrində çalışan, vəzifə borcunu layiqincə yerinə yetirərək xüsusi fərqlənmiş gənc əməkdaşlar fəxri fərman və qiymətli hədiyyələrlə mükafatlandırılıblar.
Tədbir incəsənət xadimlərinin ifasında konsert proqramı ilə başa çatıb.