FHN-in işçiləri həmkarlar ittifaqında ilin birinci yarısının yekunlarına dair hesabat yığıncağı keçirilib
31 Jul 2018
İyulun 31-də Fövqəladə Hallar Nazirliyinin (FHN) Bakı Regional Mərkəzinin akt zalında FHN işçilərinin həmkarlar ittifaqının 2018-ci ilin birinci yarısının yekunlarına həsr olunmuş hesabat yığıncağı keçirilib.
Hesabat yığıncağında nazirlik işçilərinin həmkarlar
ittifaqının sədri Mehman İsmayılov, nazirliyin qurumlarında və regional mərkəzlərində
fəaliyyət göstərən həmkarlar ittifaqı komitələrinin sədrləri iştirak ediblər.
Fövqəladə
Hallar Nazirliyi işçilərinin həmkarlar ittifaqının sədri Mehman İsmayılov tədbirdə
hesabat məruzəsi ilə çıxış edərək qurumun təşkilatçılığı ilə görülən işlər,
2018-ci ilin birinci yarısında nazirliyin əməkdaşlarının mədəni istirahəti,
müalicələri və asudə vaxtlarının mənalı təşkili istiqamətində həyata keçirilən
tədbirlər barədə məlumat verib.
Qeyd
edilib ki, nazirliyin əməkdaşlarının azyaşlı uşaqları üçün Dünya Azərbaycanlılarının
Həmrəylik Günü, Yeni il və Novruz bayramı münasibətilə şənliklər təşkil olunub,
onlara bayram hədiyyələri verilib. Eyni zamanda, əlamətdar gün və peşə
bayramlarında vəzifə borcunu layiqincə yerinə yetirməkdə xüsusi fərqlənən və
yubiley yaşı tamam olan ittifaq üzvləri fəxri fərman və qiymətli hədiyyələrlə
mükafatlandırılıblar.
M.İsmayılov
FHN-in təşkilatçılığı, Fövqəladə Hallar Nazirliyi işçilərinin həmkarlar
ittifaqının, Təhsil, Gənclər və İdman nazirliklərinin dəstəyi ilə Qəbələdə “Gənc
xilasedici” VI Beynəlxalq yarışının və “Gənc xilasedici və yanğınsöndürən” VII
Ümumrespublika birinciliyinin keçirildiyini, ittifaq üzvlərinin sağlamlığını
qorumaq və qurumlararası əlaqələri intensivləşdirmək məqsədilə İdman-sağlamlıq
klubu ilə birgə şahmat, çoxnövçülük, stolüstü tennis, minifutbol və beşnövçülük
üzrə çempionatların təşkil olunduğunu bildirib.
“Əvvəlki
illərdə olduğu kimi, ötən dövrdə də ittifaqın fəaliyyətində əsgərlərlə görüş
prioritet vəzifələrdən biri olub,” - deyən M.İsmayılov FHN Mülki Müdafiə
Qoşunlarının Quba, Qaradağ, Şirvan və Gəncədəki “N” saylı hərbi hissələrində
görüşlərin keçirildiyini, əsgərlərə xatirə hədiyyələrinin və bayram
sovqatlarının verildiyini söyləyib.
M.İsmayılov
deyib ki, FHN işçilərinin həmkarlar ittifaqı ulu öndər Heydər Əliyevin anadan
olmasının 95 illik yubileyi münasibətilə Ağdam rayonunda “Ümummilli lider Heydər
Əliyev və Dağlıq Qarabağ”, Gəncə Regional Mərkəzində “Ümummilli lider Heydər
Əliyev və Silahlı Qüvvələr” mövzusunda elmi-praktiki konfranslar keçirib.
Bundan başqa, Fövqəladə Hallar Nazirliyinin Aparatı, regional mərkəzləri və
qurumlarında fəaliyyət göstərən həmkarlar ittifaqları komitələri sədrlərinin
iştirakı ilə Naxçıvan Muxtar Respublikasına səfər təşkil edilib. Səfər çərçivəsində
Naxçıvanın tarixi yerləri, dini-mədəni abidələri ziyarət olunub. Həmçinin
Sumqayıt Regional Mərkəzində və FHN-in Tibb Mərkəzində görkəmli
oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın 95 illik yubileyinə həsr
olunan tədbirlər keçirilib.
Bildirilib
ki, həmkarlar ittifaqının təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin
yaranmasının 100 illik yubileyi münasibətilə silsilə tədbirlər reallaşdırılıb,
Azərbaycanlıların Soyqırımının 100-cü ildönümü ilə əlaqədar nazirliyin
qurumlarında fəaliyyət göstərən həmkarlar ittifaqı komitə sədrlərinin bir
qrupunun, gənc alim və tədqiqatçıların iştirakı ilə Quba Soyqırımı Memorial
Kompleksinə ziyarət təşkil edilib. Qubada “Azərbaycanlıların soyqırımı - 100
il” mövzusunda elmi-praktiki konfrans keçirilib.
Ötən
dövrdə ittifaq tərəfindən maddi durumu çətin olan və vəzifə borclarını yerinə
yetirərkən xəsarət almış əməkdaşlara maddi yardımın göstərildiyini bildirən
Mehman İsmayılov, eyni zamanda, həmkarlar ittifaqının bir qrup üzvünün ailələri
ilə birgə yay aylarında Nabranda yerləşən “Orman” istirahət mərkəzinə
yollayışlarla təmin edildiklərini, səhhətində problemləri olan üzvlərdən 70 nəfərə
məzuniyyət vaxtında sosial sığorta hesabına “Abşeron”, “Günəşli”, “Bilgəh”,
“Qaranquş”, “Şıx”, “Naftalan” və “Xəzər” sanatoriyalarında müalicə və istirahət
üçün dəyərinin 15 faizini ödəmək şərti ilə yollayış verildiyini diqqətə
çatdırıb. Vurğulanıb ki, Vətən qarşısında borcunu yerinə yetirərək döyüşmüş
veteran əməkdaşların və maddi imkanı az olan işçilərın yollayışlarla pulsuz təmin
olunublar. Bundan əlavə, təşkilatın büdcəsi hesabına ittifaqın altı üzvünə
“Naftalan” sanatoriyasına yollayış verilib.
Tədbirin
sonunda FHN işçilərinin həmkarlar ittifaqının Azərbaycan Həmkarlar İttifaqları
Konfederasiyası (AHİK) tərəfindən təltif olunmuş dörd üzvünə AHİK-in
yaradılmasının 25 illik yubiley döş nişanları təqdim edilib.