Fövqəladə Hallar Nazirliyi İşçilərinin Həmkarlar İttifaqı şəhid Orxan Həmidovun iki övladını himayəyə götürüb
27 Aug 2020
Aprel döyüşləri zamanı şəhid olan kiçik gizir Orxan Həmidovun 2 övladı Fövqəladə Hallar Nazirliyi İşçilərinin Həmkarlar İttifaqı (FHN HİK) tərəfindən himayəyə götürülüb
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası İcraiyyə
Komitəsinin qərarına əsasən, 2016-cı ilin Aprel döyüşləri və 2020-ci ilin iyul
döyüşləri zamanı Vətən uğrunda şəhid olmuş hərbçilərin 18 yaşına qədər olan
övladları həmkarlar ittifaqları tərəfindən himayəyə götürülüb. Bu qərara əsasən
23 şəhidin 41 övladı himayəyə götürülmək üçün qeydə alınıb. Onlardan ikisi
Aprel döyüşləri zamanı şəhid olan kiçik gizir Həmidov Orxan İbrahim oğlunun
övladlarıdır. Orxan Həmidovun övladları – 2007-ci il təvəllüdlü Həmidli Vüsal və
2009-cu il təvəllüdlü Həmidli Fərid Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar
İttifaqı tərəfindən himayəyə götürülüb.
Avqustun 26-da Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar
İttifaqının sədri Mehman İsmayılov şəhid Orxan Həmidovun ailəsi ilə görüşüb.
Görüş zamanı Mehman İsmayılov Azərbaycan xalqının Vətən
uğrunda canını fəda edən şəhidlərimizin xatirəsini hər zaman uca tutduğunu
bildirib. O qeyd edib ki, Orxan Həmidov da öz qanı bahasına torpaqlarımızın
azad olunması uğrunda iştirak edərək şəhidlik zirvəsinə ucalıb. Vətən, torpaq
yolunda canını qurban verənlərin xatirəsi qəlbimizdə daim yaşayacaq, onların şücaəti
Azərbaycan xalqının tarixinə qızıl hərflərlə yazılacaq.
M.İsmayılov Azərbaycan dövlətinin şəhid ailələrinə göstərdiyi
diqqət və qayğıdan, onların üzləşdikləri problemlərin həlli istiqamətində görülən
işlərdən də danışıb. O bildirib ki, Azərbaycan Həmkarlar İttifaqları
Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyevin təşəbbüsü
ilə həyata keçirilən layihəyə əsasən 23 şəhidin 41 övladı himayəyə götürülüb. Şəhid
Orxan Həmidovun 2 övladını da FHN HİK himayəyə götürüb.
Şəhidin anası Tamella Məmmədova, öz növbəsində, şəhid ailələrinə
göstərilən dövlət qayğısından danışaraq minnətdarlığını bildirib. O, fəxr hissi
ilə deyib ki, Orxan Həmidov öz istəyi ilə Vətənin keşiyində durmağı qarşısına məqsəd
qoydu və bu məqsədlə də mülki işindən çıxaraq hərbidə qulluq etməyə başladı. O,
Aprel döyüşləri zamanı Lələtəpə zirvəsinin azad edilməsində iştirak edərkən qəhrəmancasına
şəhid olub. Şəhid anası bu xeyirxah təşəbbüsə görə minnətdarlığını ifadə edib.
Şəhid ailəsinə yardım paketləri təqdim olunub.
Sonra FHN HİK-in sədri və şəhidin ailə üzvləri Orxan Həmidovun
məzarını ziyarət edərək xatirəsini anıblar.
Şəhid
Orxan Həmidov 1980-ci ildə Füzuli rayonunun Əhmədallar kəndində anadan olub.
Orta məktəbi Əhmədalılar kəndində bitirdikdən sonra hərbi hissəyə yollanıb. Həqiqi
hərbi xidməti bitirdikdən sonra 2000-ci ildə ANAMA-da sapyor olaraq 7 il çalışıb.
Daha sonra mülki sahədə işləməyə başlayan Orxan Həmidov 2013-cü ildən yenidən hərbi
sahədə fəaliyyət göstərməyə davam edib. Aprel döyüşləri zamanı göstərdiyi qəhrəmanlığa
görə ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı
ilə “İgidliyə görə” medalı ilə təltif edilib.