AZ | RU | EN
AZ | EN | RU

Gənclərin məşğulluğu məsələləri müzakirə olunub

19 Apr 2019

Azərbaycan Hökuməti ilə Beynəlxalq Əmək Təşkilatı (BƏT) arasında imzalanmış “2016-2020-ci illər üçün Layiqli Əmək üzrə Ölkə Proqramı” çərçivəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti orqanlarının əməkdaşları üçün “Dövlət Məşğulluq Xidmətinin potensialının gücləndirilməsi” layihəsi çərçivəsində VI təlim kursuna başlanılıb.

Budəfəki təlim “Gənclərin məşğulluğu, ömürboyu təhsil və gənclərin əmək bazarına çıxışı” mövzusuna həsr olunub.
Təlim kursunun açılışında çıxış edən əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev deyib ki, bu il 100 illik yubileyi qeyd olunan BƏT-lə Azərbaycan arasında geniş əməkdaşlıq gündəliyi mövcuddur. “2016-2020-ci illər üçün Layiqli Əmək üzrə Ölkə Proqramı” da birgə layihələrin miqyasını xeyli genişləndirib. Proqram çərçivəsində təşkil olunan bu növbəti təlim kursu gənclərin əmək bazarına çıxışının, məşğulluğunun dəstəklənməsi sahəsində Dövlət Məşğulluq Xidmətinin əməkdaşlarının bilik və peşəkarlıq səviyyələrinin artırılmasına, onların bu sahədə dünyada olan qabaqcıl təcrübələri öyrənmələrinə dəyərli töhfədir.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası sədrinin müavini Cavanşir Alxasov həmkarlar ittifaqının gənclər siyasətinin əsas hədəfləri və bu hədəflərə nail olmaq üçün həyata keçirdiyi tədbirləri diqqətə çatdırıb. Deyib ki, həmkarlar ittifaqı üzvlərinin təxminən 1/4-i 30 yaşına qədər gənclərdir. İşləmək qabiliyyətinə malik oğlan və qızların əmək bazarında rəqabətə tab gətirmələri üçün real addımlar atılır. Müntəzəm tədqiqatlar aparılır, problemlər müəyyənləşdirilir.

C.Alxasov deyib ki, tərəfdaşlarımızla bağladığımız Baş Kollektiv Sazişdə də gənclərin məşğulluğu, əmək hüquqları geniş yer alıb. Bu sənəddə gənclərin məşğulluq imkanlarını artırmağa, ordudan tərxis edilmiş gənclərin əvvəlki iş yerlərinə və vəzifələrinə bərpa olunmasına nəzarəti gücləndirmək, dövlət uşaq müəssisələrində yaşayan valideyn himayəsindən məhrum uşaqların da təhsil almasına və iş yeri ilə təminatına köməklik göstərmək və digər məsələlər nəzərdə tutulub. AHİK-in İcraiyyə Komitəsində “Azərbaycan gənclərinin məşğulluğu və həmkarlar ittifaqlarının mövqeyi” məsələsi müzakirə olunub və üzv təşkilatlar qarşısında bu istiqamətdə vəzifələr müəyyənləşdirilib.

Sahibkarlar Konfederasiyasının Baş katibinin müavini Fuad Hümbətov, BƏT-in “MDB-də Gənclərin Məşğulluğu üçün Tərəfdaşlıq” layihəsinin rəhbəri Ramiro Pizarro çıxış edərək, hazırkı təlim kursunun əhəmiyyətini vurğulayıblar.
 Təlim kursu dörd gün davam edib.

FAYDALI KEÇİDLƏR