Gəncədə üçtərəfli komissiyanın yaradılmasında həmkarlar ittifaqlarının rolu ilə bağlı seminar keçirilib
13 Nov 2014
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının Beynəlxalq Əmək Təşkilatı ilə birlikdə təşkil etdiyi seminarda AHİK-in sədr müavini Aqil Dadaşov çıxış edərək təmsil etdiyi qurumun əmək münasibətlərinin tənzimlənməsində, əmək şəraitinin yaxşılaşdırılmasında, işçilərin mənafelərinin müdafiəsində gördüyü işlərdən danışıb. AHİK-in Beynəlxalq Əmək Təşkilatı ilə qurduğu əlaqələrin müsbət nəticələr verdiyini diqqətə çatdıran A.Dadaşov üçtərəfli komissiyanın yaradılmasının da bu əməkdaşlıq nəticəsində mümkün olduğunu söyləyib. Qeyd edilib ki, yaxın vaxtlarda öz həllini tapacaq bu məsələ ölkəmizin sosial-iqtisadi həyatında da mühüm rol oynayacaq.
Seminarda Litva Həmkarlar İttifaqları Konfederasiyasının sədri Arturas Çerniauskas çıxış edərək Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının əmək, sosial-iqtisadi münasibətlərin tənzimlənməsi istiqamətində fəaliyyətini yüksək qiymətləndirib, üçtərəfli komissiyanın yaradılmasının önəmini vurğulayıb.
Sonra AHİK-in katibi Həsən Cəfərovun “Həmkarlar İttifaqlarının üçtərəli sosial dialoqun formalaşmasında və üçtərəfli komissiyanın yaradılmasında rolu”, Beynəlxalq Əmək Təşkilatının eksperti Odra Mikalauskaytenin “Milli sosial dialoqa dair institutların səmərəli inkişafında dövlət qurumlarının rolu” mövzularında məruzələri dinlənilib.
Sonda seminar iştirakçılarının üçtərəfli komissiyanın yaradılması ilə bağlı təklifləri dinlənilib.