“Gənclərin məşğulluq siyasətinin formalaşdırılmasında həmkarlar ittifaqlarının rolu” mövzusunda seminar keçirilmişdir
06 May 2014
İki gün davam edən seminarın açılışında AHİK-in sədri, Milli Məclisin deputatı Səttar Mehbalıyev çıxış edərək dünyada gedən maliyyə böhranının layiqli əmək uğrunda mübarizədə gənclər üçün maneələr yaratdığını söyləmişdir. Böhranın meydana çıxardığı əsas problem odur ki, bu gün dünyada gənclər arasında işsizliyin səviyyəsi orta yaşlılar arasındakı işsizliyin səviyyəsindən üç dəfə çoxdur. Hazırkı şəraitdə gənclərin rastlaşdıqları problemlər özünün müxtəlifliyi ilə seçilir. Yaxşı təhsil almaq və layiqli iş yeri tapmaq imkanını itirən gənclər daha az müdafiə olunur və adətən natamam iş vaxtı və qeyri-adekvat sosial müdafiə sistemi olan az maaşlı, müvəqqəti iş yerlərində çalışırlar. Gənclər təhsildən əmək fəaliyyətinə keçərkən böyük çətinliklərlə üzləşirlər. Təhsil almayan, işləməyən və peşə hazırlığı keçməyən gənclər arasında iş tapmaq ümidini itirənlərin və ali təhsilli işsiz gənclərin sayının artması narahatlıq doğurur.
Səttar Mehbalıyev bildirmişdir ki, bu gün Azərbaycan Gənclərin Məşğulluq Şəbəkəsinə daxil olan qabaqcıl ölkələr sırasındadır. O demişdir ki, təhsildən əmək fəaliyyətinə keçid, gənclərin məşğulluq vəziyyətinin təhlili üzrə sorğunun nəticələri, eləcə də gənclərin məşğulluğuna təsir üzrə milli plan Azərbaycanda məşğulluq siyasətinin üstün cəhətləri kimi gənclər arasında işsizliyin azaldılmasını, onların məşğulluq və sahibkarlıq fəaliyyətinə təsirini, peşə hazırlığı kurslarının təşkilini müsbət amil kimi önə çəkir. Gənclərlə bağlı müxtəlif məsələlərin, o cümlədən məşğulluq probleminin həlli üçün ölkədə 2015-ci ilədək fəaliyyət göstərəcək Dövlət Gənclər Proqramı qəbul edilmişdir.
Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin gənclər təşkilatları ilə iş sektorunun müdiri Vüsal Quliyev ölkəmizdə həyata keçirilən uğurlu gənclər siyasətindən danışmışdır. O demişdir ki, bu gün dövlət büdcəsindən gənclər üçün xeyli miqdarda vəsaitin ayrılması, müvafiq proqramların icrası, islahatların həyata keçirilməsi ölkə rəhbərliyinin gənclərimizin inkişafı, onların problemlərinin həlli, məşğulluğunun və sağlamlığının təmini istiqamətində göstərdiyi diqqətin bariz nümunəsidir.
V.Quliyev bildirmişdir ki, “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının hazırlanması da əvvəlkilərdən çox fərqlənir. Çünki əvvəlki proqramların hazırlanmasında aidiyyəti dövlət qurumları iştirak edirdi, ancaq indi bu proqramın hazırlanması bilavasitə gənclərə həvalə olunmuşdur.
BƏT-in nümayəndəsi Sergeyus Qlovaskas gənclər arasında işsizliyin aradan qaldırılmasının vacibliyini qeyd etmiş, bu istiqamətdə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası ilə əməkdaşlığın önəmini vurğulamışdır.