Oktyabrın 6-da Bakı Biznes Mərkəzində
Kənd Təsərrüfatı və Qida Sənayesi İşçiləri
(“Kənd-Qida”) Həmkarlar İttifaqının VI qurultayı keçirilmişdir.
Qurultaya beynəlxalq və xarici ölkə həmkarlar ittifaqlarından 15 qonaq dəvət
olunmuşdu. Hesabat məruzəsi ilə sahə Hİ Federasiyasının sədri Tofiq Quliyev
çıxış edib.
Çıxışının əvvəllərində o, kadr məsələlərinə toxundu.
Dedi ki, bu gün sahə həmkarlar ittifaqında fəaliyyət göstərən komitə
sədrlərindən 93,3 faizi ictimai əsaslarla çalışır. Onların bilik və təcrübələrə
yiyələnməsindən ötrü AHİK-in və müxtəlif nazirliklərin mütəxəssisləri və rayon
icra hakimiyyəti nümayəndələrinin iştirakı ilə ölkənin bütün bölgələrini əhatə
edən 135 seminar və dəyirmi masa keçirilmişdir. Seminarlarda 1902 həmkarlar
ittifaqı kadr və fəalı iştirak etmişdir. 175 həmkarlar ittifaqı fəalı isə
istehsalatdan ayrılmaqla Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında
təşkil olunan ixtisasartırma kurslarını bitirmişdir. Son hesabat-seçkilər
zamanı ilk həmkarlar ittifaqının seçkili orqanlarında 484 nəfər gənc irəli
çəkilmişdir ki, bunlardan da 139 nəfəri sədr vəzifəsinə seçilmişdir. Qadınlar
sahə həmkarlar ittifaqı üzvlərinin 35 %-ni təşkil edir. Həmkarlar ittifaqında
rəhbər vəzifələrdə, ictimai əsaslar da daxil olmaqla, çalışanların 29,5 faizini
zərif cinsin nümayəndələri təşkil edir.
Natiq üzvlərin əmək və sosial hüquqlarının
müdafiəsindən danışarkən dedi ki, Federasiyaya işçinin müdiriyyətin təşəbbüsü
ilə işdən azad olunması ilə bağlı 35 şikayət ərizəsi daxil olmuşdur. Araşdırma
aparılmış, 13 işçi işinə bərpa edilmişdir. Bəzən müdiriyyət işçilərə qarşı
qərəzli münasibətindən əl çəkmək istəməyib. Belə vəziyyətlərdə həmkarlar
ittifaqı daha prinsipial mövqe tutub, işçinin pozulmuş hüquqlarının bərpası
uğrunda axıra qədər mübarizə aparıb. Məsələn, Bakı Şəhər Baytarlıq İdarəsinin
kadrlar üzrə inspektoru R.Rzayeva münaqişə zəminində işdən getmək barədə ərizə
yazmağa məcbur edilib. Sonradan fikrini dəyişsə də, müdiriyyət tərəfindən həmin
əsasla işdən azad olunub. Həmkarlar ittifaqının idarə rəhbərliyi ilə
danışıqları nəticə vermədiyi üçün məsələnin həlli məhkəmə müstəvisinədək
çatdırılıb. Federasiyanın mütəxəssisi həmin məhkəmədə nümayəndə qismində
iştirak etmiş və məsələ işçinin işə bərpası ilə nəticələnib.
Məruzəçi daha sonra dedi ki, işçilərin əməyinin
mühafizəsi daimi diqqətdə saxlanılIb. Federasiyanın əmək müfəttişliyi
hesabat dövründə 71 müəssisədə yoxlama aparıb. İşçilərin fərdi mühafizə
vasitələri ilə təmin edilməsinin vəziyyəti, aqreqat və mexanizmlərin hərəkət
edən və təhlükə törədən hissələrində qoruyucu vasitələrin mövcudluğu, yanğın
təhlükəsizliyi tələblərinə əməl olunması və s. ilə bağlı ümumilikdə 354 çatışmazlıq
aşkar edilmişdir. 282-si işəgötürən tərəfindən aradan qaldırılmışdır. İcrası
üçün vaxt tələb olunan çatışmazlıqlar nəzarətdə saxlanılıb.
T.Quliyev Federasiyanın üzvlərinin sağlamlığı, idman,
bədən tərbiyəsi sahəsində həyata keçirdiyi tədbirlər və beynəlxalq əlaqələri
barədə də danışıb.
Məruzə ətrafında çıxışlarda Federasiyanın və üzv
təşkilatların hesabat dövründəki fəaliyyəti bütövlükdə qənaətbəxş
dəyərləndirilib.
Təklif olunub ki, AHİK-in gələn il fevralın 5-də
keçiriləcək qurultayında Səttar Möhbalıyevin sədr vəzifəsinə namizədliyi irəli
sürülsün və dəstəklənsin.
Ardınca söz qonaqlara verilib. Kənd Təsərrüfatı, Qida
və Turizm İşçiləri Avrasiya Federasiyasının prezidenti, Türkiyə
"TOLEYİS" Sendikasının genel başkanı Cemail Bakındı, Aqrar Sənaye
Həmkarlar İttifaqlarının MDB ölkələri üzrə Beynəlxalq Birliyinin sədri, Rusiya
Aqrar Sənaye Kompleksi İşçiləri Həmkarlar İttifaqının sədri Natalya Aqapova
çıxış edərək bildiriblər ki, işəgötürənlər, milliyyətindən, irqindən,
məkanından asılı olmayaraq, daha çox qazanmaq istəyirlər. Ekoloji problemlər də
onlar üçün çox halda önəmli olmur. “Çox qazan, az xərclə” prinsipi ilə
fəaliyyət göstərirlər. Həmkarlar ittifaqı üçün də milli, irqi sərhəd yoxdur.
Dünya həmkarlar ittifaqlarını bir məqsəd birləşdirir: işçi insanların layiqli
əməklə təmin edilməsi.
Tədbirdə Azərbaycan Həmkarlar
İttifaqları Konfederasiyasının sədri, millət vəkili Səttar Möhbalıyev çıxış
etdi. Çıxışında həmkarlar ittifaqının güclü ictimai quruma çevrilməsində ilk
təşkilatların rolunun əhəmiyyətinə geniş yer ayırdı. Dedi ki, ilk təşkilatlar
nə qədər fəal və nüfuz sahibi olarsa həmkarlar ittifaqı mərkəzləri də bir o
qədər güclü olar. Biz ilk təşkilatların daha güclü olmasına çalışırıq. Buna
nail olmaq üçün maarifləndirmə işinə geniş yer veririk. Bakıda, bölgələrdə
seminarlar, dəyirmi masalar keçiririk. Bu tədbirlərə yüzlərlə, minlərlə üzv
dinləyici qismində cəlb edilir. İstər respublikamızda, istərsə də xarici
ölkələrdə baş tutan beynəlxalq tədbirlərə də hər il həmkarlar ittifaqı
əməkdaşları göndərilir.
S.Möhbalıyev yeri gəlmişkən bir məsələni də diqqətə
çatdırdı ki, beynəlxalq tədbirlərdə iştirak edən həmkarlar ittifaqı işçiləri
mənimsədiyi təcrübəni, bilikləri qayıtdıqdan sonra həmkarları ilə bölüşməlidir.
S.Möhbalıyev yerlərdə həmkarlar ittifaqına qarşı təzyiqlərin
olduğunu söylədi: “Siz bu təzyiqlərə qarşı müqavimət göstərmək gücündəsiniz. Bu
gücü sizə qanunlarımız verir. Sizin dəstəyiniz ilə biz qanunlarımıza
hüquqlarımızı daha da genişləndirən əlavə və dəyişikliklər etməyə nail olmuşuq.
İndi üzvlük haqlarını həmkarlar ittifaqının hesabına köçürməyən, işçini işdən həmkarlar
ittifaqının razılığı olmadan azad etmək niyyətinə düşən müəssisə rəhbərləri,
demək olar ki, yoxdur. Belə bir addımı atmaq istəyənlərin və atanların
qarşısında qanunlarımız durur”.
AHİK sədri çıxışında digər mühüm məsələlərdən də danışıb.
Qurultay təşkilati məsələyə baxdı. Tofiq Quliyev yenidən
Federasiyanın sədri seçildi. Ona Aqrar Sənaye Həmkarlar İttifaqlarının MDB ölkələri
üzrə Beynəlxalq Birliyin yubiley gümüş döş nişanı təqdim olundu.