AZ | RU | EN
AZ | EN | RU

Günün aktual məsələləri müzakirəyə çıxarılıb

06 Jul 2018

İyulun 6-da “Xidmət-İş” Həmkarlar İttifaqları Federasiyasının Əməyin Mühafizəsi üzrə Komissiyasının növbəti iclası olub. Federasiyanın I vitse-prezidenti Sadət Tahirova gündəlikdə duran məsələləri təqdim edib. 

O, əvvəlcə baş nazir Novruz Məmmədovun, bir neçə gün davam etməsi gözlənilən, anomal istilərlə əlaqədar imzaladığı sərəncamı diqqətə çatdırıb. Bu sərəncamdan irəli gələn tapşırıqların icrasının həmkarlar ittifaqları tərəfindən diqqətdə saxlanılmasının vacibliyini vurğulayıb. Deyib ki, ilk təşkilatlar işçilərə qanunvericilik çərçivəsində yaradılan iş şəraitini, onlara müəyyən olunan vaxtlarda qısamüddətli istirahətin verilib-verilmədiyini və sairə tələblərin yerinə yetirilməsini nəzarətdə saxlamalıdırlar. Bu barədə Federasiya müntəzəm məlumatlandırılmalıdır.
Federasiyanın baş texniki əmək müfəttişi Rüfət Məmmədov “Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üzrə 2018-ci ilin ən yaxşı müəssisəsi (təşkilatı)” Respublika müsabiqəsinin gedişi barədə iclas iştirakçılarını məlumatlandırıb.

Deyib ki, müsabiqəyə qoşulmuş müəssisələrdə əməyin təhlükəsizliyi ilə bağlı vəziyyət, bu istiqamətdə həyata keçirilən tədbirlər Federasiyanın rayon, şəhər komitələrinin, ilk təşkilatların müvafiq işçiləri tərəfindən yoxlanılır. Lazımi metodiki və təşkilati köməkliklər göstərilir.
Rüfət müəllim müsabiqənin məqsədlərindən də danışıb. Əsas məqsədimiz işəgötürənləri işçilər üçün sağlam və təhlükəsiz əmək şəraiti yaratmağa stimullaşdırmaq, əməyin mühafizəsi üzrə komissiyaların və ictimai müvəkkillərin işini canlandırmaqdan ibarətdir.

Federasiyanın xidmətinə daxil olan sağlamlıq ocaqlarında yerləşən binalarda, hovuzlarda, idman qurğularında təhlükəsizlik qaydalarının tətbiqi istiqamətində görülən işlər nə səviyyədədir?
Bu suala “Kurort” Səhmdar Cəmiyyətinin aparıcı mütəxəssisi Xanımnənə Abdullayeva aydınlıq gətirib. Respublika Dezinfeksiya Mərkəzinin əməkdaşları, bağlanmış müqaviləyə əsasən, “Xəzər” Turist Bazasında dezinfeksiya və deratizasiya işləri aparıblar. Bazanın işçiləri təhlükəsiz əmək qaydaları ilə təlimatlandırılıblar. “Abşeron”, “Günəşli”, “Qaranquş”, “Naftalan” sanatoriyaları və “Şəki” İstirahət Evinin binaları yanğın əleyhinə avadanlıqla təmin edilib.

“Bilgəh” Kardioloji Sanatoriyasının çimərliyində Fövqəladə Hallar Nazirliyinin və Bakı Şəhəri Təcili Tibbi Yardım Stansiyasının dəstələri gün ərzində növbə çəkir.
İclasda digər məsələlərə də baxılıb. Müzakirələrdə Federasiyanın Sumqayıt şəhər, paytaxtın Səbail, Binəqədi rayon komitələrinin sədrləri iştirak ediblər.

 

FAYDALI KEÇİDLƏR