AZ | RU | EN
AZ | EN | RU

“Həmkarlar ittifaqı qadın zorakılığına qarşı”

23 Nov 2018

“Əlbəttə, kimi dindirsən ailə, ananın müqəddəsliyi haqqında ancaq xoş sözlər söyləyər. Amma reallıqda, əməldə heç də hamı ailəyə, qadına layiq olduğu tərzdə yanaşmır.

Bu, istər özünü insan hüquqlarının müdafiəçisi adlandıran Avropada da, Şərqdə də və təəssüf ki, Azərbaycanda da belədir. Hələ də əks-cins nümayəndələri tərəfindən qadınlar məişət zorakılığına məruz qalırlar. İş yerlərində onlara ya etimad göstərilmir, ya da bu etimad ikinci, üçüncü dərəcəli olur. İşçi qadınların əməkhaqqı da əməklərinə layiq səviyyədə ödənilmir.

Zərif cinsin şərəf və ləyaqətinə ən böyük hörmətsizlik dünya miqyasında “Qadın alveri” termininin yaranması və işlədildikcə işlədilməsidir. Bütün bunların qarşısını necə almalı, real həyatda anaların, qızların müqəddəsliyini necə təmin etməli?!”
Bu düşündürücü ittihamlar və suallar noyabrın 23-də Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqı (NQSİ Hİ) Respublika Komitəsinin akt zalında “Qadın Zorakılığına Qarşı Beynəlxalq Mübarizə Günü” ilə bağlı “Qadınlara qarşı zorakılığa yox deyək!” mövzusunda keçirilmiş seminarda AHİK-in Gender Bərabərliyi və Qadın Problemləri üzrə Mərkəzinin sədri Cəmilə Səttarovanın çıxışında səsləndirilib.

O, deyib ki, dövlətimiz həm konstitusiya, həm də qanunlar çərçivəsində qadınların hüquqlarını qoruyur. Zorakılığa yol verən və ya cəhd göstərən insanlar ciddi cəzalandırılırlar. İstehsalatda, digər fəaliyyət sahələrində çalışan qadınlara qarşı ayrı-seçkilik hallarının azaldılması, aradan qaldırılması istiqamətində səmərəli işlər aparılır. Bu işlərin həyata keçirilməsində həmkarlar ittifaqları da fəal iştirak edir.
İştirakçısı olduğumuz bu tədbiri təşkil edən sədri olduğum Mərkəz Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə birlikdə “Müasir ailənin cəmiyyətin inkişafında yeri və rolu” mövzusunda silsilə konfrans və seminarlar keçirib. Maarifləndirici xarakter daşıyan bu tədbirlərdə milli-mənəvi dəyərlərin, ailə mədəniyyətinin, nəsillərarası münasibətlərin qorunub saxlanılması, insan alveri ilə mübarizə, erkən nikahın yaratdığı fəsadlar, gündəlik həyatda zorakılıq halları və sair mövzularda mühazirələr oxunub, suallar cavablandırılıb.

C.Səttarova bildirib ki, qadınlara qarşı ayrı-seçkilik, zorakılıq bütün dünyanı düşündürən problemdir. Ona görə də bu problemə beynəlxalq səviyyədə yanaşma tələb olunur. Hazırda, bizim Mərkəz də daxil olmaqla, üzv ölkələr Beynəlxalq Əmək Təşkilatı tərəfindən qadın zorakılığına qarşı konvensiya hazırlanıb qəbul olunması barədə müzakiələr aparır. Biz də bu işdə fəal iştirak edirik.
Tədbirdə AHİK-in şöbə müdiri Namiq Hüseynov, NQSİ Hİ Respublika Komitəsinin sədri Cahangir Əliyev və başqaları çıxış edərək “Həmkarlar ittifaqı qadın zorakılığına qarşı” mövzusunda danışıblar və təkliflərini bildiriblər.

FAYDALI KEÇİDLƏR