AZ | RU | EN
AZ | EN | RU

Hər bir azərbaycanlının Prezidenti

14 Oct 2018

- 15 oktyabr 2003-cü il. Bu təqvim həm Cənubi Qafqazın ən böyük siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyasının, həm də müasir Azərbaycanın dövlətçilik tarixinin şanlı səhifələrindən biri kimi yaddaşlara yazılıb. Həmin gün ölkədə Prezident postuna azad, ədalətli və şəffaf şəkildə keçirilən 5-ci rəsmi seçkilərdə YAP-ın namizədi cənab
İlham Əliyev seçicilərin 2 milyon 438 min 787 nəfərinin etimadını qazanaraq Azərbaycanın dövlət başçısı seçilib.
Bu, ilk növbədə, xalqın müasir Azərbaycan dövlətinin qurucusu, ümummilli lider Heydər Əliyevə olan inamının göstəricisi idi. Çünki dahi şəxsiyyət seçkilərdən öncə xalqa müraciət edərək "O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm” dedikdə, özünün alternativsiz siyasi kursunu davam etdirə biləcək ünvanı göstərmişdi. Ulu öndər tam əmin idi ki, müstəqil Azərbaycanın işıqlı gələcəyi üçün məyyənləşdirdiyi inkişaf konsepsiyasını məhz cənab İlham Əliyev uğurla davam etdirərək reallığa çevirə bilər.
Belə bir şəxsiyyətin respublikamıza rəhbər seçilməsi dünyanın tərəqqipərvər, sabitlik, demokratiya, sülh, rifah, inteqrasiya şəraitində yaşamağa üstünlük verən bütün mütərəqqi qüvvələri tərəfindən həm Azərbaycanda, həm də regionda ictimai-siyasi proseslərin məntiqindən doğan labüd hadisə kimi qarşılandı.
Bu gün Azərbaycan xalqı ona görə xoşbəxtdir ki, dahi şəxsiyyət özünün qurub-yaratdığı şah əsəri olan müstəqil respublikamızın taleyini öz məktəbinin layiqli davamçısı cənab İlham Əliyevə əmanət edib. Heydər Əliyev dühasından bəhrələnərək onun siyasi kursunu 15 ildir ki, ləyaqətlə davam etdirən cənab İlham Əliyevin dövlətçilik bacarığı və rəhbərlik qabiliyyəti sayəsində bu gün müstəqil Azərbaycan dünyada qüdrətli dövlət kimi tanınır. Möhtərəm Prezident İlham Əliyev 15 il ərzində ulu öndərin müəyyən etdiyi inkişaf konsepsiyasını uğurla icra edərək Azərbaycanı tarixinin ən qüdrətli dövlətinə çevirib.
Ötən dövr Azərbaycanda bütün istiqamətlərdə böyük inkişafın müşahidə edilməsi, ölkəmizin bölgədə və dünyada mövqelərini gücləndirməsi ilə müşahidə olunur. Müstəqilliyimizin və ideoloji dayaqlarımızın daha da möhkəmləndirilməsinin, vətəndaş həmrəyliyinin bərqərar olmasının təməlində isə Azərbaycan dövlətinin milli maraqlarının qorunması dayanır.
Son 15 il ərzində Prezident İlham Əliyevin yürütdüyü siyasət Azərbaycanın müttəfiqlərinin və dostlarının sayını artırıb, ölkəmizin beynəlxalq müstəvidə layiqli yerini möhkəmləndirib. Bu gün regional təşəbbüslər Azərbaycanın möhkəmlənməsinə, həm də bölgədəki əməkdaşlığın inkişafına xidmət edir.
Azərbaycan Prezidentinin yürütdüyü uğurlu xarici siyasət nəticəsində ölkəmiz BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçildi, dünyada nüfuzu artdı, beynəlxalq təşkilatlar Ermənistanı işğalçı dövlət kimi tanıdı. Azərbaycan Prezidentinin bu məsələdəki birmənalı mövqeyi təsdiqlədi ki, Dağlıq Qarabağın Azərbaycandan ayrılmaq mexanizmi yoxdur. Bununla belə, Azərbaycanın Dağlıq Qarabağ bölgəsində Ermənistanın apardığı etnik təmizləmə və işğal siyasəti nəticəsində doğma torpaqlarından qovulan bir milyon insanın həyat şəraitinin yaxşılaşdırılması, yeni qəsəbələrin salınması diqqətdə saxlanıldı.
Azərbaycanda ordu quruculuğu istiqamətində həyata keçirilən tədbirlər, Silahlı Qüvvələrin hərbi hazırlıq səviyyəsinin artırılması ilə bağlı görülən işlər Dağlıq Qarabağın Azərbaycandan qoparılması ilə bağlı bəzi dairələrdə yaranan əminliyi darmadağın etdi, xalqımızı ordumuzun etibarına inandırdı. Azərbaycanda güclü müdafiə sənayesi quruldu.
Bu dövrdə Azərbaycanın iqtisadi uğurları daha da böyüdü. İqtisadi nailiyyətləri ilə hər zaman diqqət mərkəzində olan ölkəmizin valyuta ehtiyatları, o cümlədən Azərbaycana qoyulan sərmayələrin həcmi artdı, güclü sahibkarlıq sinfi yarandı. 2003-cü ildə regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının icrasına başlayarkən Azərbaycan cəmi 1,8 milyard dollar valyuta ehtiyatlarına sahib idi. Ancaq bu gün həmin rəqəm 26,6 faiz artaraq 45 milyard dollara yüksəlib. Azərbaycan iqtisadiyyatına 250 milyard dollar investisiya yatırılıb. Bunun böyük hissəsi xarici sərmayədir. Yəni, Azərbaycanda yaradılan biznes və investisiya mühiti hər zaman xarici sərmayədarların diqqətini cəlb edib.
Son 15 ildə iqtisadiyyatın 3,2 dəfə artması isə dövlət başçısının söylədiyi kimi rekord göstəricidir. Bu, onu təsdiq edir ki, son 15 ildə iqtisadi cəhətdən Azərbaycan qədər inkişaf edən ikinci ölkə yoxdur. Bütün bunların sayəsində respublikanın bölgələrində inkişaf prosesləri sürətləndi, kənd təsərrüfatının müxtəlif sahələri ilə bağlı konkret proqramlar icra olundu. İşsizliyin və yoxsulluğun səviyyəsi aşağı düşdü, Azərbaycanda 1 milyon 600 mindən çox yeni iş yeri açıldı.
Ölkədə qeyri-neft sektorunun inkişafı neft strategiyasının məntiqi davamı oldu. Güclü iqtisadiyyatın hər bir ölkənin inkişafında mühüm amil olduğunu bəyan edən Prezident İlham Əliyev ölkə iqtisadiyyatında qeyri-neft sektorunun çəkisinin artırılması ilə bağlı tədbirlər gördü. Yüzlərlə səhiyyə ocağının, müalicə-diaqnostika mərkəzlərinin inşası səhiyyə sisteminin inkişafını göstərdi. Ölkədə minlərlə məktəb tikildi, təhsil müəssisələrinin maddi-texniki bazası gücləndirildi. Azərbaycanda nəqliyyat sisteminin yenidən qurulması ölkəmizin dünyaya çıxışını təmin etdi. Bütün bunların təməlində isə uğurlu enerji siyasəti dayandı.
Bakı-Tbilisi-Qars dəmir yolu, "Cənub qaz dəhlizi”, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının fəaliyyətə başlaması, "Şimal-Cənub”, "Şərq-Qərb” nəqliyyat dəhlizləri, ümumiyyətlə, nəhəng infrastruktur layihələrinin icrası Azərbaycanı regionun nəqliyyat-tranzit, eləcə də logistik mərkəzinə çevirdi.
Əgər 1994-cü ildə ulu öndər Heydər Əliyev Azərbaycanın iqtisadi inkişafının təməl daşı hesab olunan "Əsrin müqaviləsi”ni reallaşdırdısa, 23 il sonra, 2017-ci ilin sentyabrın 14-də cənab İlham Əliyev bu müqavilənin 2049-cu ilə kimi uzadılması ilə bağlı yeni "Əsrin müqaviləsi”nin imzalanmasına nail oldu.
Əgər 1971-ci ildə ölkəmizdə 1 milyard ton neft hasil olunması ilə bağlı tədbiri ulu öndər Heydər Əliyev keçirmişdirsə, 46 il sonra 2017-ci ildə 2 milyard ton neftin hasilatı ilə əlaqədar mərasimi Prezident İlham Əliyev təşkil etdi.
Bu tarixi reallıqlar bir daha təsdiq edir ki, dövlət başçısı 15 il müddətində yürütdüyü tam müstəqil siyasətlə Azərbaycanı tarixinin ən qüdrətli dövlətinə çevirib.

Səttar MÖHBALIYEV,
Milli Məclisin deputatı,
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri:
AZƏRBAYCAN qəzeti 14.10.2018-ci il

ПОЛЕЗНЫЕ ССЫЛКИ