Hesabat ili qənaətbəxş sayıldı
20 Feb 2020
Fevralın 20-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) əsas binasında Azad Həmkarlar İttifaqının (AHİ) Məclisi keçirilib.
Məclisdə AMEA Azad Həmkarlar İttifaqının sədri, hüquq
elmləri doktoru, professor Habil Qurbanov rəhbərlik etdiyi təşkilatın 2019-cu
ilə dair hesabatını təqdim edib. Bildirib ki, ötən il elmi fəaliyyətlə məşğul
olan şəxslərə dəstək vermək, onların əməyini qiymətləndirmək, maddi-sosial
problemlərini həll etmək, mədəni-kütləvi tədbirlərdə iştirakını, asudə
vaxtlarını səmərəli keçirmələrini təmin etmək məqsədilə bir sıra işlər görülüb.
Qeyd edib ki, hesabat ilində 379 nəfər sanatoriyalara göndərilib, 215 nəfər
pulsuz tibbi müayinə aksiyalarından yararlanıb, həmçinin elmi müəssisə və təşkilatlar
zəruri dərman və ilkin tibbi yardım avadanlıqları ilə təmin olunub.
Akademiya əməkdaşlarının sosial rifahının
yaxşılaşdırılması istiqamətində görülən işlərdən danışan H.Qurbanov 2019-cu ildə
bir çox maddi yardımların edildiyini, “Ərzaq Məhsullarının Tədarükü və Təchizatı”
Açıq Səhmdar Cəmiyyəti ilə birgə təşkil olunmuş yarmarkalar vasitəsilə bazar
qiymətindən 30% ucuz meyvə-tərəvəz və ərzaq məhsullarının satışa çıxarıldığını
söyləyib. Bundan əlavə, alimlərin mədəni istirahətini təmin etmək məqsədilə
1645 nəfərin teatr və konsertlərə göndərildiyini, eyni zamanda AMEA əməkdaşlarının
övladları üçün Yeni il şənliklərinə 4 mindən çox biletin alındığını vurğulayıb.
Məruzəçi bildirib ki, AHİ-nin dəstəyi ilə ötən il 8 Mart
Beynəlxalq Qadınlar Günü təntənəli qeyd edilib. Gender bərabərliyi, qadınlar
elmdə və sair mövzulara həsr olunan konfranslar keçirilib. Həmçinin cari ildə
Respublika Gigiyena və Epidemiologiya mərkəzlərindən dəvət olunmuş
epidemioloqlar tərəfindən AMEA-nın 20 müəssisəsində koronavirusa qarşı maarifləndirici
tədbirlər təşkil edilib.
Akademiyada idman oyunlarına xüsusi diqqət yetirdiklərini
deyən H.Qurbanov gənc alim və mütəxəssislər arasında mütəmadi futbol
çempionatlarının keçirildiyini, AMEA Şəhərciyinin həyətində voleybol və
basketbol meydançalarının salındığını diqqətə çatdırıb.
Sonra hesabat məruzəsi ətrafında müzakirələr aparılıb,
suallar cavablandırılıb. Hesabat Məclis üzvləri tərəfindən qənaətbəxş hesab
olunaraq qəbul edilib.
İclasda həmçinin 9 May Faşizm üzərində Qələbənin 75
illiyi münasibətilə elmi müəssisə və təşkilatlarda tədbirlərin keçirilməsi qərara
alınıb. Bundan əlavə, AMEA Yüksək Texnologiyalar Parkının həmkarlar ittifaqı təşkilatının
yeni sədri məclis tərəfindən təsdiqlənib.
Sonda bir sıra cari məsələlərə baxılıb.