AZ | RU | EN

HESABAT MƏRUZƏSİ

17 Mar 2008

 

II qurultaydan ötən beş il ərzində ölkəmizin sosial-iqtisadi həyatında köklü dəyişikliklər baş vermiş, əhalinin maddi vəziyyəti daha da yaxşılaşmış, bütövlükdə cəmiyyətdə böyük yeniləşmə müşahidə olunmuşdur. İşsizliyin və yoxsulluğun səviyyəsi nəzərəçarpacaq dərəcədə azalmış, əhalinin real gəliri, o cümlədən bütün sahələr üzrə əməkhaqqı, pensiya və müavinətlər, eləcə də aspirant və tələbələrin təqaüdləri artırılmışdır. Bütün bunlarla paralel olaraq Azərbaycan həmkarlar ittifaqlarının nüfuzu yüksəlmiş, təşkilatın fəaliyyətini tənzimləyən, səlahiyyət dairəsini və hüquqlarını müəyyən edən normativ-hüquqi baza təkmilləşmişdir. Bunu təşkilatın hər bir üzvü öz fəaliyyətində aydın hiss edir.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası könüllülük və bərabərlik prinsipləri əsasında 28 sahə həmkarlar təşkilatını birləşdirən müstəqil ictimai qurum kimi cəmiyyətdə böyük təsir gücünə malikdir. Həmkarlar ittifaqları əhalinin sosial-iqtisadi problemlərinin həllində yaxından iştirak edir. Bununla yanaşı, müasir dövr həmkarlar təşkilatlarının qarşısında çox ciddi vəzifələr, təcili həllini gözləyən məsələlər qoymuşdur. Bu istiqamətdə gərgin iş aparmaq lazımdır.

Hesabat məruzəsində bu məsələlər barədə ətraflı danışılacaqdır.

Əminəm ki, sizin ümumi fikrinizi ifadə edərək deyə bilərəm ki, əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulan və hazırda Azərbaycan Prezidenti cənab İlham Əliyevin uğurla həyata keçirdiyi sosial-iqtisadi islahatların daha səmərəli nəticələr verməsi üçün həmkarlar ittifaqları bundan sonra da əzmkarlıq, birlik və həmrəylik nümayiş etdirəcəklər.

Xalqımızın müdrik oğlu Heydər Əliyevin qətiyyəti, dərin zəkası və titanik fəaliyyəti ilə əbədi müstəqillik qazanmış Azərbaycan Respublikasının qüdrəti və nüfuzu Prezident İlham Əliyevin yeritdiyi uğurlu daxili və xarici siyasət nəticəsində getdikcə artmaqdadır. Dövlətçiliyimizin daha da möhkəmlənməsi və beynəlxalq aləmdə nüfuzunun daha da artması üçün biz bundan sonra da öz köməyimizi əsirgəməyəcək və Prezident İlham Əliyevin siyasətini qətiyyətlə müdafiə edəcəyik. Çünki, xalqımız və onun tərkib hissəsi olan çoxsaylı həmkarlar ittifaqı üzvləri Prezident İlham Əliyevə inanır və ona böyük etimad göstərirlər. Bu inamın bir neçə səbəbi var.

Əvvəla, İlham Əliyev öndərimiz Heydər Əliyevin ənənələrinə sadiq qalaraq ölkədə demokratiyanın və iqtisadi islahatların daha da dərinləşməsi istiqamətində çox böyük işlər görmüşdür və bu işi indi də uğurla davam etdirir.

İkincisi, ölkədə işsizliyin aradan qaldırılması üçün ötən prezident seçkiləri kampaniyası dövründə verdiyi vədi layiqincə yerinə yetirmişdir. Son dörd il ərzində Azərbaycanda 640 mindən çox yeni iş yeri açılmışdır ki, onların da 460 mini daimi iş yeridir.

Üçuncüsü, Azərbaycanda yoxsulluğun səviyyəsi dörd ildə 49 faizdən 16 faizə endirilmişdir.

Dördüncüsü, məhz cənab İlham Əliyevin hakimiyyəti dövründə ölkənin hər bir regionunun spesifik xüsusiyyətləri və ölkənin sosial problemləri nəzərə alınmaqla dövlət proqramları qəbul olunmuş və sərəncamlar imzalanmışdır. Həmin proqramların yerinə yetirilməsinə ölkə Prezidentinin özü şəxsən nəzarət edir. Azərbaycanın ən ucqar kəndinin hər sakininin taleyi, həyat şəraiti, hansı qayğılarla yaşaması Prezident İlham Əliyevi düşündürür. Bölgələrə çoxsaylı səfərləri, görüşləri, açıq söhbətləri, hər yerdə böyük səmimiyyətlə qarşılanması xalqın öz dövlətinə, liderinə dərin inamının və İlham Əliyevin özünün dediyi kimi, «hər bir Azərbaycan vətəndaşının Prezidenti» kimi üzərinə götürdüyü böyük missiyanı yerinə yetirməsinin ifadəsi deyilmi?!

Beşincisi, xalq öz sərvətinin əsl sahibinə çevrilmişdir, neftdən əldə olunan gəlirin bir hissəsi artıq ölkənin sosial-iqtisadi inkişafına, aztəminatlı əhalinin, xüsusən qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılmasına xərclənir, digər hissəsi isə gələcək nəsillər üçün qorunur.

Altıncısı, bir az əvvəl dediyim kimi, İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasət Azərbaycanın beynəlxalq aləmdə siyasi və iqtisadi çəkisini daha da artırmışdır. Avropanın iqtisadi və enerji təhlükəsizliyinə mühüm töhfə olan Bakı-Tbilisi-Jeyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin istifadəyə verilməsi, Bakı-Tbilisi-Qars dəmir yolunun təməlinin qoyulması Azərbaycanı regionda lider dövlətə və əsl söz sahibinə çevirmişdir. Bu gün Azərbaycanın mövqeyi nəzərə alınmadan regionda böyük transmilli layihələrin həyata keçirilməsi mümkün deyil.

Son beş ildə Azərbaycanın əldə etdiyi uğurlardan saysız-hesabsız misallar gətirə bilərəm. Ölkənin davamlı inkişafı, əhalinin güzəranının getdikcə yaxşılaşdırılması istiqamətində həyata keçirdiyi məqsədyönlü tədbirlərə görə 2008-ci ildə prezident seçkilərində cənab İlham Əliyevin namizədliyinin irəli sürülməsini təklif edirəm. Qətiyyətlə bəyan edirəm ki, həmkarlar ittifaqlarının bir milyon altı yüz minə yaxın üzvü bu dəfə də yekdilliklə ümummilli lider Heydər Əliyev siyasi məktəbinin layiqli davamçısı İlham Əliyevə səs verəcəkdir.

Hesabat dövrü Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və onun üzv təşkilatları üçün Azərbaycan həmkarlar ittifaqları hərəkatının mühüm tarixi yubileylərini qeyd etməklə əlamətdar olmuşdur. Azərbaycan həmkarlar ittifaqlarının təşəkkül tapmasının 100, həmkarlar ittifaqı mərkəzinin yaranmasının 85 illiyi münasibətilə Heydər Əliyev adına Sarayda hökumət və dövlət nümayəndələrinin, bir çox xarici ölkələrdən gəlmiş qonaqların iştirakı ilə təntənəli yığıncaq keçirilmişdir. Tədbir ərəfəsində Azərbaycan həmkarlar ittifaqı hərəkatının inkişafındakı xidmətlərinə görə 35 nəfər respublikanın müxtəlif orden və medalları ilə təltif olunmuş, fəxri adlara layiq görülmüşdür. Ölkənin sosial, ictimai həyatında, səhiyyənin və idmanın inkişafındakı xidmətlərinə görə daha 30 nəfər medal və fəxri adlar almışdır. Eyni zamanda həmkarlar ittifaqları sistemində uzun illər fəaliyyət göstərmiş üç nəfərə prezident təqaüdü verilmişdir. Azərbaycan həmkarlar ittifaqları hərəkatına verdiyi bu yüksək qiymətə görə ölkəmizin başçısı cənab İlham Əliyevə hamımızın adından bir daha minnətdarlığımızı bildirmək istəyirəm.
Hörmətli qurultay nümayəndələri!

Hörmətli qonaqlar!

Bu gün bir tarixi faktdan da yan keçə bilmirik. Düz 15 il əvvəl bu salonda əyləşənlərin bir çoxunun iştirakı və istəyi ilə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasını qurduq. İndi 15 illik yola nəzər salanda xatırlamalı, qürur duymalı çox hadisələri yada sala bilərik. Biz bu yolu sizlərlə birlikdə keçdik. İlk vaxtlar bizə qarşı olan hücumlar, əmlakımızla bağlı yaranan problemlər hamımızın yaxşı yadındadır. Hamımız çox gözəl bilirik ki, öndərimiz Heydər Əliyev hakimiyyətə gəlməsəydi, həmkarlar ittifaqlarını dəstəkləməsəydi bizi hansı kəskin problemlər gözləyirdi. Məhz öndərin təşkilatımıza xeyirxah münasibəti, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının I qurultayına təbrik məktubu göndərməsi, xarici ölkələrdən gəlmiş qonaqlarımızı qəbul edərək təşkilatımız haqqında xoş sözlər deməsi bu problemləri önlədi. Ölkə Prezidenti cənab İlham Əliyev bu sahədə də öndərimizin yolunu davam etdirir. Məhz cənab İlham Əliyevin xeyir-duası ilə transmilli şirkətlərdə, özəl müəssisələrdə həmkarlar ittifaqlarına yaşıl işıq yandırıldı.

Həmkarlar ittifaqı təşkilatları Azərbaycan dövlətinin, Azərbaycan hökumətinin, şəxsən Prezident İlham Əliyevin diqqətini, qayğı və köməyini daim hiss edir. II qurultaydan keçən dövr ərzində əldə etdiyimiz bütün uğurlarda möhtərəm Prezidentimiz İlham Əliyevin böyük xidməti vardır. Əhalinin sosial-iqtisadi məsələlərinin həlli istiqamətində Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının təklifləri hökumət və şəxsən Azərbaycan Prezidenti tərəfindən daim müdafiə olunur. Əmək hüquqlarının, əhalinin sağlamlığının qorunması, bütün kateqoriyalardan olan insanların əməkhaqlarının, pensiya və təqaüdlərin, eləcə də işsizliyə görə müavinətlərin həcminin artırılması məqsədi ilə verdiyimiz təkliflərin əksəriyyəti qəbul olunmuşdur. Əmək Məcəlləsinə edilən bir sıra əlavə və dəyişikliklər nəticəsində cəmiyyətdə həmkarlar ittifaqlarının rolu və statusu daha da artmışdır. Məsələn, «Azərbaycan Respublikasının Əmək Məcəlləsinə dəyişiklik və əlavə edilməsi haqqında» 10 oktyabr 2006-cı il tarixli Azərbaycan Respublikasının Qanunu ilə işçinin əmək müqaviləsinə (kontraktına) xitam verilməsi hallarında həmkarlar ittifaqı təşkilatının səlahiyyətləri genişləndirilmişdir. Belə ki, Əmək Məcəlləsinin 80-ci maddəsinin 1-ci hissəsi yeni redaksiyada verilmiş və müəyyən edilmişdir ki, Əmək Məcəlləsinin 70-ci maddəsinin «b» bəndinə əsasən işçilərin sayı və ştatları ixtisar edildikdə və «ç» bəndinə görə işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsi müəssisənin həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla həyata keçirilməlidir. Həmkarlar ittifaqı təşkilatı əmək müqaviləsinin ləğvi üçün Əmək Məcəlləsində nəzərdə tutulan əsasın düzgün tətbiq edildiyini, Məcəllənin 77-79-cu maddələrinin müvafiq normalarına əməl edildiyini, işçinin təqsirini və məsuliyyətini obyektiv və qərəzsiz araşdıraraq özünün yazılı qərarını üç gün müddətində işəgötürənə təqdim etməlidir.

Əmək Məcəlləsinin 79-cu - «Əmək müqaviləsinin ləğv olunması qadağan edilən işlər və hallar» maddəsində isə həmkarlar ittifaqı təşkilatının üzvü olması motivinə görə işçinin əmək müqaviləsinin (kontraktının) ləğvi işəgötürənə qadağan edilmişdir.

İşçinin məzuniyyət hüququnun və sosial təminatının gücləndirilməsi ilə bağlı Əmək Məcəlləsinə dəyişikliklər olunarkən də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının mövqeyi həm qanunverici orqan, həm də hökumət tərəfindən dəstəklənmişdir. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının təşəbbüsü ilə «Həmkarlar ittifaqları haqqında» Qanunda təşkilatımızın hüquqi statusunun artırılması baxımından çox əhəmiyyətli əlavələr və dəyişikliklər edilmişdir. Belə ki, dövlət orqanlarının və vəzifəli şəxslərin həmkarlar ittifaqlarının hüquqlarını məhdudlaşdıran hərəkətlərinə və onların fəaliyyətinə müdaxilə etmələrinə qadağa qoyulmuşdur. Həmkarlar ittifaqları geniş səlahiyyətlərə malik olan və əmək qanunvericiliyinin tətbiqinə, sözün həqiqi mənasında, ictimai nəzarəti həyata keçirən bir quruma çevrilmişdir.

Aparılan müşahidələr və təhlillər göstərir ki, həm dövlət orqanlarının, həm də özəl müəssisələrin əksəriyyətində həmkarlar ittifaqları və onların liderləri böyük nüfuza malikdirlər. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası sədrinin növbəti dəfə Milli Məclisin üzvü seçilməsi bunu bir daha nümayiş etdirir. Bütün bunlar Azərbaycanda artıq reallığa çevrilməkdə olan vətəndaş cəmiyyətinin verdiyi imkanlar nəticəsində mümkün olmuşdur. Mən fürsətdən istifadə edərək ölkədə vətəndaş cəmiyyətinin formalaşmasında, demokratiya institutlarının inkişafında göstərdiyi əvəzsiz xidmətlərə görə qurultay nümayəndələri və həmkarlar ittifaqları liderləri adından bir daha Azərbaycan Prezidenti cənab İlham Əliyevə dərin minnətdarlığımı bildirirəm. Həmkarlar ittifaqlarının nümayəndəsinə səs vermiş seçicilərə də ən xoş arzularımı çatdırır və onları əmin edirəm ki, bundan sonra da sosial-iqtisadi problemlərinin həlli üçün əlimdən gələni etməyə çalışacağam.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının II qurultayından keçən dövrdə həmkarlar ittifaqları hakimiyyətin bütün strukturları ilə əməkdaşlıq və sosial tərəfdaşlıq prinsipləri əsasında işləmişdir. Bildiyiniz kimi, Baş Kollektiv Sazişin məqsədi sosial-iqtisadi və sosial-əmək münasibətləri üzrə tərəflərin, yəni hökumətin, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının və Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının mövqelərinin və fəaliyyət istiqamətlərinin uyğunlaşdırılmasından ibarətdir. Əgər dövlətin sosial siyasətinin başlıca məqsədi olan yoxsulluğun azaldılması, işsizliyin aradan qaldırılması, insanların layiqli yaşayışının, bütün sahələrdə gender bərabərliyinin təmin edilməsində tərəflərin mövqeləri həmişə üst-üstə düşərsə, şübhəsiz ki, problemlərin həlli də asanlaşar. Həm Beynəlxalq Əmək Təşkilatının konvensiyalarında, həm də yenidən işlənmiş Avropa Sosial Xartiyasında əməyinin müqabilində işçiyə onun özünə və ailəsinə layiqli həyat səviyyəsi təmin edəcək dərəcədə haqq ödənilməsi üçün şərait yaratmaq tələbi qoyr. Kifayət qədər sərt tələbdir. Lakin onun yerinə yetirilməsi zəruridir. Hesab edirəm ki, öz vətəndaşlarının həyat səviyyəsinin daim yüksəldilməsini, onların rifah halının yazşılaşdırılmasını prioritet məqsəd sayan Azərbaycan hökuməti BƏT-in konvensiyalarının, Xartiyanın tələblərinin yerinə yetirilməsi istiqamətində ardıcıl və məqsədyönlü iş aparır.
Baş Kollektiv Sazişin öhdəliklərinə uyğun olaraq ölkə üzrə ümumdaxili məhsn 2006-cı ildə 30,5%, 2007-ci ildə 27,3%, o cümlədən əhalinin pul gəlirlərinin müvafiq olaraq 26,4% və 20,4% artımına nail olmaq məqsədi ilə sosial tərəfdaşlığın gücləndirilməsi və mövcud potensialın səfərbər edilməsi tərəflərin qarşısında duran əsas vəzifələrdən idi. Mən fərəh hissi ilə vurğulamaq istərdim ki, qarşıya qoyulan məqsədə nail olmaq istiqamətində böyük irəliləyişlər vardır və bir çox problemləri həll etmək mümkün olmuşdur. Belə ki, 2007-ci ildə ölkədə ÜDM-in istehsalı 25 % artaraq adambaşına 2981 manat olmuşdur. Əhalinin hər bir nəfərinə düşən gəlir 1690 manat və ya ayda 141 manat təşkil edir ki, bu da əvvəlki illə müqayisədə 39,3 % çoxdur. Ölkə üzrə işçilərin orta aylıq əməkhaqqı 214 manat təşkil etməklə 2006-cı illə müqayisədə 42 faiz çox olmuşdur.

Baş Kollektiv Sazişdə nəzərdə tutulan öhdəlikləri yerinə yetirmək üçün Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası sosial-iqtisadi vəziyyəti və əhalinin həyat səviyyəsini vaxtaşırı təhlil edir, nəticələri kütləvi informasiya vasitələri ilə əhaliyə, həmkarlar ittifaqları fəallarına və hökumətə çatdırır. Yaşayış minimumunun göstəricisini isə ildə iki dəfə hesablayaraq mətbuatda dərc etdiririk. Son hesablamalarımız göstərir ki, yaşayış minimumu işləyənlər üçün 109 manat, pensiyaçılar üçün 63 manat, uşaqlar üçün 73 manat təşkil edir. Lakin etiraf etməliyik ki, əhalinin müxtəlif sosial qrupları arasında pul gəlirləri üzrə ciddi fərqlər hələ də qalmaqdadır.

Təbii ki, istehlak qiymətlərinin sürətli artımı ilə əhalinin gəlirləri arasında kəskin fərqin olması həmkarlar ittifaqlarını ciddi narahat edir. Yoxsulların sayı 2003-cü ilin başlanğıcındakı 49 faizdən 16 faizədək azalmışdır. Buna baxmayaraq, yoxsulluq hələ də ciddi problem olaraq qalır. Çox önəmlidir ki, ölkə büdcəsinin tərkibində əməyin ödənilməsinə yönəldilən vəsaitin həcmi ötən ilki təqribi 20%-dən artaraq 23,5 faiz təşkil etmişdir. Hədəf isə inkişaf etməkdə olan dövlətlərin çoxundakı 40-45 faiz nisbətinə çatmaqdır.

Bilirsiniz ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin sərəncamı ilə bu ilin əvvəlindən minimum əməkhaqqı və əmək pensiyalarının baza hissəsi artırılaraq 60 manata çatdırılmışdır. Əmək qabiliyyətli əhalinin yaşayış minimumu 2008-ci il üçün 79 manat təsdiq olunmuşdur. Ümid edirik ki, il boyu bu fərq tədricən aradan qaldırılacaqdır.

Nəzərə almaq lazımdır ki, yenidən işlənmiş Avropa Sosial Xartiyasının tələbinə görə, Xartiyaya qoşulmuş dövlətlərdə minimum əməkhaqqının məbləği orta aylıq əməkhaqqının 60%-indən, yaşayış minimumu isə 50%-indən aşağı olmamalıdır. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası həm minimum əməkhaqqının, həm də yaşayış minimumunun Xartiyanın tövsiyələrinə uyğun hesablanmasını təklif etmişdir. Bu təklif 2008-2009-cu illər üçün hazırlanmış Baş Kollektiv Sazişin layihəsinə daxil edilmişdir. Vurğulamaq istərdim ki, Baş Kollektiv Sazişi imzalayan digər tərəflər – Nazirlər Kabineti və Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası da bu məsələdə eyni mövqedən çıxış edirlər. Əməyin ödənilməsi sistemində islahatların davam etdirilməsi, minimum əməkhaqqının yaşayış minimumu göstəricisinə uyğun təyin edilməsi və vergiyə cəlb olunmaması, qiymətlərin artımının qarşısının alınması məqsədi ilə təsirli tədbirlərin görülməsinə tərəfdardırlar. Yalnız bu halda Beynəlxalq Əmək Təşkilatının 131 saylı Konvensiyasının tələblərini də yerinə yetirmiş olarıq.

Biz ölkədə məşğulluq siyasətinin həyata keçirilməsinə, regionların gələcək inkişaf perspektivləri nəzərə alınmaqla davam etdirilməsi işinə yaxından köməklik göstərməliyik. Yuxarıda qeyd etdiyimi kimi, son 4 ildə ölkəmizdə 640 mindən çox yeni iş yeri açılmışdır ki, onlardan 460 mini daimi iş yerləridir. Düzdür, cənab Prezidentimiz İlham Əliyev ötən prezident seçkiləri öncəsi beş ilə bu qədər iş yeri yaradılmasına söz vermişdi. Amma, gördüyünüz kimi, bu proqram 4 ilə yerinə yetirildi. Buna görə cənab Prezidentimizə qurultay iştirakçıları adından bir daha təşəkkür edirik.

Bununla yanaşı, əhalinin məşğulluğu, xüsusilə də gənclərin məşğulluğu sahəsində mövcud problemlər həmkarlar ittifaqlarını ciddi narahat edir. Bu problemin səciyyəvi xüsusiyyəti ondan ibarətdir ki, işsizliyin səviyyəsinə görə regionlararası fərqlər var. Bölgələrdə yaşayan əhalinin bir hissəsi ailəsini saxlamaq məqsədi ilə hələ də Bakıya və xarici ölkələrə üz tutur. Doğrudur, adamlar bu yolla maddi problemlərini qismən həll edirlər, lakin öz gələcəkləri üçün müəyyən problemlər yaradırlar. Belə ki, məcburiyyət üzündən qeyri-rəsmi iş yerində işləyən işçi xəstələndikdə, iş üstündə xəsarət aldıqda və digər hallarda onun sosial müdafiəsi ilə bağlı heç bir təminat olmur. Həmçinin gələcəkdə pensiya hesablanarkən də çox ciddi çətinliklər yaranacaqdır.

Ona görə də hesab edirəm ki, bu qəbildən olan əhali qrupu ilə xüsusi iş aparılmalı, onların sayı dəqiqləşdirilməli, gələcəkdə pensiya təminatına zəmanət verən spesifik tədbirlər planı işlənib hazırlanmalı və həyata keçirilməlidir. Bu məsələnin həllində bələdiyyələr böyük rol oynaya bilərlər. Eyni zamanda bu sahədə Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası, Vergilər Nazirliyi və Dövlət Əmək Müfəttişliyi tərəfindən birgə koordinasiya olunan tədbirlər işin xeyrinə olardı. Lakin hər bir halda özünə qeyri-rəsmi iş yeri tapan adamlar kimlər üçünsə gəlir mənbəyinə çevrilməməlidir. Əksinə, ona nail olmaq lazımdır ki, qeyri-rəsmi işsizlər məşğuliyyətləri barədə açıq danışa bilsinlər. Başa düşürəm ki, bu iş son dərəcə çətindir, hətta ilk baxışdan həyata keçirilməsi mümkünsüz görünə bilər. Amma istəsək və bu məsələyə ciddi yanaşsaq, uğurlu nəticə əldə etmək mümkündür.

Bizcə, ötən ilin sonlarında Milli Məclisin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə etdiyi dəyişikliklər bu sahədə nəzərəçarpacaq irəliləyişlər əldə etməyə imkan verəcəkdir. Məsələn, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsini (kontraktı) bağlamadan işəgötürənlər tərəfindən fiziki şəxsin hər hansı işin (xidmətin) yerinə yetirilməsinə cəlb edilməsinə görə-vəzifəli şəxslər şərti maliyyə vahidi məbləğinin üç min mislindən (3300 man.) beş min mislinədək (5500 man.) miqdarında, hüquqi şəxslər şərti maliyyə vahidi məbləğinin iyirmi min mislindən (22000 man.) iyirmi beş min mislinədək (27500 man.) miqdarında cərimə edilir; işçiyə qanunvericiliklə müəyyən edilmiş minimum əməkhaqqından aşağı məbləğdə əməkhaqqı verilməsinə görə – vəzifəli şəxslər şərti maliyyə vahidi məbləğinin min mislindən (1100 man.) min beş yüz mislinədək (1650 man.) miqdarında cərimə olunur; işçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsinə görə – vəzifəli şəxslər şərti maliyyə vahidi məbləğinin min beş yüz mislindən (1650 man.) iki min mislinədək (2200 man.) miqdarında cərimə ödəyirlər; işəgötürən tərəfindən əmək qanunvericiliyində müəyyən edilmiş müddətdə işçiyə əmək kitabçasının açılmamasına görə - vəzifəli şəxslər şərti maliyyə vahidi məbləğinin beş yüz mislindən (550 man.) min mislinədək (1100 man.) miqdarında cərimə edilir.

2008-ci il yanvarın 1-nə işsiz statusu alanların sayı 50651 nəfərdir. Əvvəllər olduğu kimi, işsizlərin tərkibində qadınların xüsusi çəkisi yenə də yüksəkdir. Əlbəttə, qadınlar arasında işsizliyin səbəblərindən biri milli mentalitetlə bağlıdır. Bununla belə, qadınlar arasında işsizliyin azaldılması istiqamətində xüsusi tədbirlər görülməlidir və həmkarlar ittifaqları öz səlahiyyətləri çərçivəsində problemin həllinə köməklik göstərməlidir.

Hörmətli qurultay nümayəndələri!

Baş Kollektiv Sazişə uyğun olaraq tərəflər sosial-əmək münasibətləri sahəsində müəyyən edilmiş öhdəlikləri sosial dialoq çərçivəsində yerinə yetirməlidirlər.

Göstərilən Sazişin müddəti başa çatmışdır və əlamətdar haldır ki, götürülən öhdəliklər əsasən yerinə yetirilmişdir. Ölkə iqtisadiyyatının inkişafı üzrə nəzərdə tutulan göstəricilərin dünya miqyasında analoqu olmayan səviyyəyə qalxması, regionların tərəqqisi ilə bağlı qəbul olunan proqramlar, yeni iş yerlərinin açılması, bölgələrdə beynəlxalq standartlara cavab verən iri sənaye müəssisələrinin istifadəyə verilməsi, əhalinin illik gəlirlərinin hissolunacaq dərəcədə artması Baş Kollektiv Sazişin əhəmiyyətini bir daha önə çəkir. Qeyd etmək lazımdır ki, qeyri-neft sektorunun inkişafı üçün dövlət başçısının sərəncamlarından irləi gələn tədbirlər tələb olunan səviyyədə yerinə yetirilir.

Kənd təsərrüfatı məhsullarının istehsalının artırılması üçün ayrılan dövlət yardımından daha səmərəli istifadə olunmasına nəzarət gücləndirilir. Yeni iş yerlərinin açılmasında mühüm faktor olan kiçik və orta sahibkarlığın inkişafına qayğı daha da artırılır, ardıcıl olaraq məqsədli maliyyə yardımı göstərilir. İlbəil vergi qanunvericiliyinin təkmilləşdirilməsi həyata keçirilir və bilavasitə istehsalçıların vergi yükünün yüngülləşdirilməsi istiqamətində aparılan işlər davam etdirilir.

Gənclərin və qadınların sahibkarlıq fəaliyyəti ilə məşğul olmaları məqsədi ilə yeni infrastrukturlar yaradılır, beynəlxalq təcrübə, milli mentalitet və yerli şərait əsas götürülməklə uzunmüddətli proqramlar hazırlanır, mövcud proqramlar yenidən işlənilərək təkmilləşdirilir.

Ölkədə fəaliyyət göstərən transmilli şirkətlərin, xarici sərmayəli birgə müəssisələrin fəaliyyətlərinin milli siyasətə və işçilərin maraqlarına uyğunlaşdırılması istiqamətində başladığımız işin müsbət nəticələr verməsinə nail olmalıyıq.

Mən iqtisadi siyasət sahələri ilə bağlı Baş Kollektiv Sazişdən irəli gələn bir sıra vacib məqamlara toxundum. Yuxarıda sadalananlar əhalinin iqtisadi vəziyyətinin yaxşılaşdırılmasında əhəmiyyətli məsələlərdir. Təbii ki, onların həllində hələlik müəyyən çətinliklər, gecikmələr, hətta subyektivizm hallarına rast gəlinir.

Ümid edirəm ki, sahə, milli və regional səviyyədə birliyimizin, həmrəylimizin və bərabərliyimizin sayəsində daha artıq nailiyyətlər əldə edəcəyik.

Hörmətli qurultay nümayəndələri!

2008-ci ilin dövlət büdcəsi bütövlükdə sosial yönümlü büdcə hesab olunur.

Azərbaycanın mövcud iqtisadi potensialı və büdcəsi çox böyük və geniş miqyaslı məsələlərin həllinə imkan verir. Ölkəmizin güclü iqtisadi resursları vardır. Lakin iqtisadiyyatımızın daha da güclü olmasına çalışmalıyıq. Çünki Azərbaycan Prezidenti möhtərəm İlham Əliyevin çox müdrik bir kəlamı var: « Azərbaycanda bütün məsələləri həll etmək üçün ilk növbədə iqtisadiyyat güclü olmalıdır».

Ölkənin valyuta ehtiyatları 4,5 dəfə artaraq 7,2 milyard dolları üstələmişdir. 2008-ci ilin dövlət büdcəsinin gəlirləri 2003-cü illə müqayisədə 6,1 dəfə, 2006-cı illə müqayisədə 1,9 dəfə artmışdır. 2007-ci ildə işləyənlərin orta aylıq əmək haqqı 2003-cü ilə nisbətən 2,8 dəfə artaraq 214 manat olmuşdur. Son beş ildə Azərbaycan iqtisadiyyatına 33 milyard dollar həcmində investisiya qoyulmuşdur. Bu vəsaitin 21,9 milyardını xarici investisiyalar təşkil edir. Adambaşına düşən investisiyanın həcminə görə ölkəmiz MDB məkanında yenə də irəlidə gedir.

Əhalinin vəziyyətinin yaxşılaşdırılması məqsədi ilə dövlət büdcəsində kifayət qədər vəsait nəzərdə tutulmuşdur. 2003-cü ildə dövlət büdcəsi 1 milyard dollardan bir az artıq idi. 2008-ci ilin icmal büdcəsi isə 12 milyard dollar səviyyəsindədir. Dövlət büdcəsindən 1439 milyon manat elm, təhsil, səhiyyə, mədəniyyət və incəsənət sahələrinə ayrılmışdır. Ümumilikdə əməkhaqqına 6080 mln manat xərclənməsi proqnozlaşdırılıbdır. Bu il işləyən əhalinin bütün təbəqələrinin, o cümlədən müəllimlərin və həkimlərin əməkhaqlarının orta hesabla 30 faiz artırılması nəzərdə tutulmuşdur.

2008-ci ildə Dövlət Sosial Müdafiə Fonduna ayrılmış büdcə xərclərinin 95,8 faizi pensiyaların artırılmasına yönəldiləcəkdir ki, bu da 2007-ci ilə nisbətən 29,3 faiz çoxdur. 2008-ci ildə pensiyaların nəzərdə tutulduğundan daha çox artırılması məqsədi ilə mövcud imkanlar bir daha araşdırılır. Minimum əməkhaqqının və sosial müavinətlərin məbləğlərinin artırılması üçün də dövlət büdcəsindən kifayət qədər vəsait ayrılmışdır. Keçən il sosial müavinətlərin orta aylıq məbləği 23,2 manat, işsizliyə görə müavinətin orta məbləği 95,6 manata çatdırılmışdır. Bu il isə bu məbləğ 30% artacaqdır.

Dövlət Proqramına uyğun olaraq ötən ilin sonlarında Saatlı və Sabirabad rayonlarında axırıncı çadır düşərgələri ləğv edilmişdir. Bu məsələdə də möhtərəm Prezidentimiz İlham Əliyev öz sözünə sadiq qalmışdır.
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası, onun üzv təşkilatları Ermənistanın təcavüzü nəticəsində yaranmış süni Dağlıq Qarabağ probleminin həllində ölkə rəhbərliyinin ədalətli mövqeyini dünya ictimaiyyətinə çatdırmaq üçün iştirak etdiyi bütün beynəlxalq tədbirlərdən istifadə edir, öz imkanları çərçivəsində təbliğati işlər görür.

Müharibədə şəhid olmuş vətəndaşlarımızın ailələrinin, Ermənistandan qovulan və işğal olunmuş ərazilərdən məcburi qaçqın düşmüş soydaşlarımızın problemlərinin həlli daim diqqətdə saxlanılır. Həmkarlar ittifaqlarının nümayəndələri qaçqın və məcburi köçkünlərin müvəqqəti məskunlaşdıqları yerlərdə olur, onlara maddi və mənəvi yardımlar göstərirlər.

14 şəhid ailəsi, 43 nəfər qaçqın və məcburi köçkün həmkarlar ittifaqları tərəfindən himayəyə götürülmüşdür. Hesabat müddətində himayəyə götürülmüş şəhid ailələri və qaçqınlar da daxil olmaqla ümumilikdə imkansızlara 10837810 (10 milyon 837 min 810) manat maddi yardım olunmuşdur.

Hörmətli nümayəndələr!

Əgər hər birimiz öz iş yerimizdə bizdən asılı olanları layiqincə yerinə yetirsəydik və «dəymə mənə, dəyməyim sənə» prinsipi ilə yaşayanlara qarşı barışmaz olsaydıq, onda ölkə əhalisinin rifah halı indikindən qat-qat yaxşı ola bilərdi. Təəssüf ki, bir çox hallarda bunun əksinin şahidi oluruq, xüsusən, həmkarlar ittifaqları heç də həmişə lazımi prinsipiallıq göstərmir. Digər tərəfdən, son 10-15 il ərzində iqtisadiyyatda aparılan islahatlar da həmkarlar ittifaqlarından yan keçməmişdir. Bu da ki, üzvlərimizin sayının xeyli azalmasına səbəb olmuşdur. Belə ki, islahatlar nəticəsində öz iş yerini itirənlər ya qeyri-formal sektorda yer tapmış, ya da həmkarlar ittifaqları ilə əlaqələrini kəsmişlər.

Ötən qurultayımızda həmin insanların həmkarlar ittifaqları ilə əlaqələrini bərpa etmək, onları təşkilatlarımızın nüfuzunun əvvəlki illərlə müqayisədə qat-qat artdığına, ölkənin ictimai, sosial-iqtisadi və mədəni həyatında yaxından iştirak etdiyinə inandırmaq başlıca vəzifələrimizdən biri kimi müəyyənləşdirilmişdi.
Sizə məmnuniyyətlə bildirmək istəyirəm ki, bu vəzifələrin yerinə yetirilməsində böyük işlər görmüşük. 3340 xarici, birgə, özəl firma və şirkətdə həmkarlar ittifaqı təşkilatı yaradılmışdır ki, bu təşkilatların üzvlərinin sayı 145 min nəfərə yaxındır. «Qarasu» əməliyyat şirkətində, «Binəqədi Oyl Kompani»də, «BosŞelf» şirkətində, «Azlab» Birgə Müəssisəsində, ARDNŞ-in «Kompleks qazma işləri» trestində, Qaz əməliyyatları idarəsində, «Azbentonit» MMJ-də, «Titan» firmasında, «Sumqayıt İnşaat Servis»də, Ağcabədi Pedaqoji Texnikumunda, Lənkəran Dövlət Universitetində, Azərbaycan Milli Konservatoriyasında, Avrasiya Universitetində, Bakı Şəhər Təhsil İdarəsində, Dövlət Dəmir Yolu İdarəsi «Elektrik təchizatı» İstehsalat Birliyinin əsaslı təmir-tikinti idarəsində və «Qəza bərpa qatarı» MMJ-də həmkarlar ittifaqı təşkilatlarının yaranmasını və möhkəmləndirilməsini xüsusi qeyd etməliyik.

Hörmətli qurultay nümayəndələri!

Hörmətli qonaqlar!

Hesabat dövrü ərzində Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası öz fəaliyyətini II qurultayda təsdiq edilmiş «Azərbaycan həmkarlar ittifaqlarının fəaliyyətinin əsas istiqamətləri» çərçivəsində qurmuşdur. Həmkarlar ittifaqları təşkilatlarının strukturu təkmilləşdirilərək müasir dövrün tələblərinə uyğunlaşdırılmışdır. Bu sahədə islahatlar davam etdirilir. Əsas məqsəd işəgötürənlərin mövqelərinin möhkəmlənməsi şəraitində həmkarlar ittifaqları təşkilatlarında mobil icra strukturlarının yaradılması və fəaliyyət istiqamətləri üst-üstə düşən həmkarlar ittifaqı təşkilatlarının bir sahə həmkarlar ittifaqı çərçivəsində birləşməsi, böyüməsi imkanlarını nəzərdən keçirməkdən ibarətdir.

Yeni yaranmış həmkarlar ittifaqı təşkilatlarındakı problemlər təhlil edilir, onların aradan qaldırılması istiqamətində sahə həmkarlar ittifaqları tərəfindən müvafiq tədbirlər həyata keçirilir, gənclərin həmkarlar ittifaqlarına üzv olmaları üçün izahat işləri aparılır. Eyni zamanda həmkarlar ittifaqı üzvlərinin hüquqi cəhətdən müdafiəsi gücləndirilir. Hesabat dövründə təşkilati- hüquqi formasından asılı olmayaraq bütün müəssisələrdə, o cümlədən Azərbaycanda fəaliyyət göstərən və azərbaycanlı işçilərin də çalışdıqları şirkətlərdə həmkarlar ittifaqları təşkilatının yaradılmasına xüsusi diqqət yetirilmişdir. Bəzi hallarda maneələr olsa da, bu sahədə nəzərəçarpacaq dərəcədə irəliləyişə nail olmuşuq.

Azərbaycan Su Təsərrüfatı İşçiləri və «Baku Steel Jompany» işçiləri həmkarlar ittifaqlarının Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına üzv qəbul edilmələri barədə müraciətlərinə müsbət cavab verilmişdir. Üzv təşkilatlarda sahə prinsiplərinə əməl olunması daim nəzarətdə saxlanılır. Yeni yaranan Müdafiə Sənayesi Nazirliyinin nəzdində fəaliyyət göstərən təşkilatlar Müdafiə Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin tərkibinə daxil edilmişdir.

«Əsrin müqaviləsi» imzalandıqdan sonra respublikanın neft sənayesində 50-dən çox xarici şirkət fəaliyyətə başlamışdır. Qeyd etmək lazımdır ki, hazırda MDB ölkələrində, o cümlədən Azərbaycanda transmilli şirkətlərin təsiri artmaqdadır. Hər bir ölkə kapitalı öz əlində cəmləşdirməyə çalışır, iqtisadi cəhətdən güclü olan ölkələr isə işçilərə əməkhaqqı az ödənilən ölkələrdə yeni iş yerləri açmaqda maraqlıdırlar.
Etiraf etmək lazımdır ki, xarici şirkətlər ölkəyə ən yeni və təkmil texnologiya gətirirlər. Onların fəaliyyəti həm də yeni iş yerlərinin açılması deməkdir. Lakin bu da faktdır ki, Azərbaycanda fəaliyyət göstərən xarici şirkətlərdə güclü həmkarlar ittifaqı yoxdursa, azərbaycanlı işçilərin sosial və əmək hüquqlarının müdafiəsi bir o qədər də səmərəli təşkil edilmir. Aparılan müşahidələr və mövcud faktlar göstərir ki, xarici şirkətlərdə çalışan Azərbaycan vətəndaşlarının hüquqları bir çox hallarda pozr, milli qanunvericilik aktlarının tələblərinə riayət olunmur, əməkhaqqının ödənilməsində ayrı - seçkiliyə yol verilir. Müəssisələrin bir çoxunda işəgötürənlər işçilərin təşəbbüsü ilə həmkarlar ittifaqı yaradılmasına və kollektiv müqavilələrin bağlanılmasına mane olurlar.

Buna baxmayaraq, 2007-ci ildə həmkarlar ittifaqları 11965 kollektiv müqavilə, 74 tarif sazişi bağlamağa nail olmuşlar.

Yuxarıda xatırlatdığım İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliklər bu sahədə artıq müəyyən tərpəniş yaratmışdır. İndi işçinin məzuniyyət hüquqlarının pozulmasına, işçiyə əmək məzuniyyətinin verilməməsinə, habelə istifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən olunmuş kompensasiyanın ödənilməməsinə görə - vəzifəli şəxslər şərti maliyyə vahidi məbləğinin beş yüz mislindən (1650 man.) iki min mislinədək (2200 man.) miqdarında cərimə edilir; işçinin əmək və məzuniyyət haqlarının hesablanmasında və ödənilməsində riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə - vəzifəli şəxslər şərti maliyyə vahidi məbləğinin beş yüz mislindən (770 man.) min beş yüz mislinədək (1650 man.) miqdarında cərimə olunur; kollektiv müqavilənin (sazişin) bağlanmasından əsassız olaraq imtina edilməsinə görə – şərti maliyyə vahidi məbləğinin min mislindən (1100 man.) iki min mislinədək (2200 man.) miqdarında cərimə edilir; kollektiv müqavilədən (sazişdən) irəli gələn öhdəliklərin işəgötürən tərəfindən yerinə yetirilməməsinə və ya pozulmasına görə – şərti maliyyə vahidi məbləğinin min mislindən (1100 man.) min beş yüz mislinədək (1650 man.) miqdarında cərimə ödənilir.

İndi işçilərlə işəgötürənlər arasında dialoqun baş tutması, həmkarlar ittifaqının səmərəli fəaliyyətinin təmin olunması bizi narahat edən məsələlərdəndir. Bu sahədə çoxlu problem mövcuddur.

Hesabat dövründə yoxsulluğun azaldılması, məşğulluq strategiyası və onunla bağlı müvafiq fəaliyyət planı kimi mühüm dövlət sənədlərinin hazırlanmasında da fəal iştirak etmişik. Hazırda BƏT-in iştirakı ilə ölkəmizdə fəaliyyət göstərən transmilli şirkətlərlə sosial dialoq imkanlarını araşdırırıq və bu məsələyə dair yaxın vaxtlarda respublika konfransı keçiriləcəkdir.

Azərbaycanda BƏT-in üçtərəflilik prinsipi əsasında əməkdaşlıq edən sosial tərəfdaşlar birlikdə Beynəlxalq Əmək Təşkilatı ilə əməkdaşlıq çərçivəsində «2006-2009-cu illər üçün Layiqli Əməyin Təminatı üzrə Ölkə Proqramı»nı işləyib hazırlamışlar. Bu Proqram «Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004-2008-ci illər)», «Azərbaycan Respublikasının Məşğulluq Strategiyası (2006-2015-ci illər)», Minilliyin İnkişaf Məqsədləri və Birləşmiş Millətlər Təşkilatının İnkişafa Yardım Mexanizminin müəyyənləşdirdiyi prioritet vəzifələr əsasında yaradılmışdır.

2006-cı il noyabrın 15-də Jenevrə şəhərində imzalanmış Proqramın yerinə yetirilməsində sahə respublika komitələrinin daha geniş şəkildə iştirakı zəruridir. Nəzərdə tutulan tədbirlərin həyata keçiriləcəyi təqdirdə, ölkənin sosial-iqtisadi uğurlarının miqyası xeyli genişləndiriləcəkdir. Nəzərə alınmalıdır ki, həmin Proqramda prioritet məsələlər kimi məşğulluq strategiyasının həyata keçirilməsi, gənclərin məşğulluğunun artırılmasına dair siyasətin təkmilləşdirilməsi, yeni layiqli iş yerlərinin yaradılması, sosial dialoqun gücləndirilməsi və beynəlxalq əmək standartlarının iş yerlərində tətbiq edilməsinin genişləndirilməsi nəzərdə tutr.

Göründüyü kimi, yuxarıda sadalanan məsələlərin hamısı həmkarlar ittifaqlarının «Həmkarlar ittifaqları haqqında» Azərbaycan Respublikasının Qanununda əks olunan fəaliyyət dairəsinə aiddir. Odur ki, həmkarlar ittifaqları bu məsələləri daim diqqət mərkəzində saxlamalıdır.

Təcrübə göstərir ki, sosial tərəfdaşların birgə fəaliyyəti olmadan yuxarıda qeyd edilən məsələlərin həlli çətinləşir. Bu baxımdan «Məşğulluq haqqında» Qanunda nəzərdə tutulan müvafiq icra hakimiyyəti orqanı - işəgötürənlər təşkilatları, həmkarlar ittifaqları və digər ictimai təşkilatların nümayəndələrindən ibarət əlaqələndirmə komitələrinin təsis edilməsi və tezliklə fəaliyyətə başlaması sürətləndirilməlidir. Eyni zamanda ölkədə sosial dialoqu gücləndirmək və danışıqları beynəlxalq normalara uyğun aparmaq məqsədi ilə Azərbaycanda «Sosial tərəfdaşlıq haqqında» Qanunun qəbul edilməsi zəruridir. Bu məsələdə bizim mövqeyimiz Beynəlxalq Əmək Təşkilatının tövsiyələri ilə üst-üstə düşür. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası həmin Qanun layihəsini hazırlayaraq baxılmaq üçün aidiyyəti orqanlara təqdim etmişdir. Göstərilən Qanunun qəbul edilməsi transmilli şirkətlərin Azərbaycanda fəaliyyət göstərən müəssisələrində əmək münasibətləri sahəsində mövcud problemlərin həllinə kömək edəcəkdir. Bir qədər əvvəl qeyd edildiyi kimi, müştərək və xarici investisiyalı müəssisələrin bəzilərində sosial-əmək münasibətləri respublikada qüvvədə olan əmək qanunvericiliyinin tələblərinin pozulması ilə səciyyələnir: yerli fəhlə və qulluqçular üçün uzadılmış iş günü tətbiq olunur. Xarici mütəxəssislərlə müqayisədə əməkhaqlarının səviyyəsi aşağı müəyyən edilir. Onlara ödənişli əmək məzuniyyətləri verilmir və ya qanunvericiliklə nəzərdə tutulan müddətlərdən xeyli az olur. İşçilər işdən qanunsuz olaraq azad edilir. İşçi əmək qabiliyyətini müvəqqəti itirdikdə, peşə xəstəliyinə tutulduqda müavinətlər ödənilmir, müvəqqəti əmək müqavilələrinin bağlanması adi hala çevrilmişdir. Bu məsələ ilə sıx bağlı olan və onun böyük hissəsini təşkil edən problemlərdən biri miqrantların əmək hüquqlarının qorunmasıdır. Burada həmkarlar ittifaqlarının mövqeyi xarici işçilərlə müvafiq əmək münasibətlərini rəsmiləşdirmədən onların əməyə cəlb edilməsi təcrübəsinə son qoymaqdan, məşğulluq və miqrasiya xidmətinin qanuni, sosial və iqtisadi cəhətdən səmərəli istifadəsi məqsədilə qeyd edilən məsələlərə dövlət orqanlarının təsirini artırmaqdan ibarətdir. Xarici ölkələrdə, o cümlədən MDB məkanında yurddaşlarımızın məskunlaşmasında və onların əmək hüquqlarının qorunmasında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası sahə respublika komitələri ilə birlikdə ardıcıl tədbirlər həyata keçirməlidir.
Hörmətli qurultay nümayəndələri!

Hörmətli qonaqlar!

Əməkçilərin hüquq və mənafelərinin müdafiəsi, layiqli əmək uğrunda mübarizə, əmək şəraitinin yaxşılaşdırılması, istehsalatda bədbəxt hadisələrin qarşısının alınması həmişəki kimi Azərbaycan həmkarlar ittifaqlarının mühüm vəzifələrindən biri olaraq qalır. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının II qurultayının qəbul etdiyi qərarların icrasını təmin etmək məqsədi ilə hələ 2003-cü ilin dekabrında Konfederasiyanın II Məclisində «Müasir mərhələdə əməyin mühafizəsi problemlərinin həllində həmkarlar ittifaqlarının rolu» barədə məsələ müzakirə olunmuşdur. Həmkarlar ittifaqı təşkilatlarına əməli kömək göstərilməsi, əməyin mühafizəsinin və ətraf mühitin yaxşılaşdırılması, sağlamlığa ictimai nəzarətin gücləndirilməsi, informasiya təminatı sahəsində həmkarlar ittifaqlarının qarşısında duran ən vacib vəzifələr müəyyənləşdirilmişdir. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının 2006-cı ilin dekabrında keçirilən növbəti V Məclisində isə həmin qərarların yerinə yetirilməsinin gedişi haqqında məsələyə baxılmış, müvafiq qərar və tövsiyələr qəbul olunmuşdur. Biz bu sahədə BƏT-in planlarını dəstəkləyərək 2004-cü ili «Təhlükəsiz əmək uğrunda mübarizə ili», «Xəsarətsiz və qəzasız il» elan etmişik. 8 zona üzrə təşkil olunmuş seminarların işində 1150 rayon, müəssisə və idarə həmkarlar ittifaqı komitələrinin sədrləri, respublikanın 68 rayon və şəhərindən nəzarət orqanlarının mütəxəssisləri iştirak etmişlər. O cümlədən əməyin mühafizəsi məsələləri üzrə 700-dək dinləyici təlim keçmişdir. «2006-2009-cu illər üçün Layiqli Əməyin Təminatı üzrə Ölkə Proqramı»na uyğun olaraq tikinti-inşaat komplekslərində əməyin mühafizəsi və təhlükəsizliyi məsələləri üzrə yoxlamalar keçirilmişdir.

Statistik göstəricilərə görə, 2006-cı ildə istehsalatda ümumi iş günləri sayının 44%-ni itirilmiş əmək qabiliyyətli günlər təşkil etmişdir.

Konfederasiyanın təklifi ilə «Azərbaycan Respublikasının qadın problemləri üzrə 2000-2005-ci illər üçün milli fəaliyyət Planı»nın yerinə yetirilməsi üçün həmkarlar ittifaqı orqanlarında qadın və kişilərin hüquq bərabərliyinə dair hesabat forması tətbiq olunmuşdur. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının təşəbbüsü ilə sahə həmkarlar ittifaqları qadınlar üçün sanitar-gigiyenik normalara cavab verən iş yerlərinin yaradılmasına dair ictimai nəzarəti öz üzərlərinə götürmüşlər. Həmkarlar ittifaqlarının səyləri nəticəsində sahə (tarif) sazişləri bağlanılarkən həmin sazişlərdə anadan olmuş uşağa görə, habelə yeni ailə quran gənc işçilərə əlavə müavinətlər verilməsi, o cümlədən sanatoriya və istirahət evlərinə yollayışların birinci növbədə onlara pulsuz paylanması və s. müddəaların daxil edilməsi mümkün olmuşdur.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası istehsalatda baş verən bədbəxt hadisə, yaxud peşə xəstəliyi nəticəsində sağlamlığa dəyən zərərə görə kompensasiyanın ödənilməsi üzrə göstəricilərin dövlət statistik hesabatına daxil edilməsini hökumətlə razılaşdırmışdır. Lakin bədbəxt hadisələrdən və peşə xəstəliklərindən sığorta olunmuş işçilərin say göstəricisi barədə məlumatlar rəsmi statistik hesabata yalnız müvafiq Qanun qəbul olunduqdan sonra daxil ediləcəkdir. Bununla yanaşı, kollektiv müqavilələrdə əmək şəraitinin yaxşılaşdırılması və mühafizəsi ilə bağlı nəzərdə tutulan tədbirlərin icra olunması xərclərinə dair göstəricilərin hesabata daxil edilməsi haqqında danışıqları davam etdirmək niyyətindəyik. Zənnimizcə, kollektiv müqavilədə və sahə (tarif) sazişində əməyin mühafizəsi üzrə tədbirlərin yerinə yetirilməsinin həmkarlar ittifaqı orqanı, yaxud əmək kollektivinin nümayəndəsi ilə əvvəllər müəyyən edilmiş razılaşdırılma qaydası bərpa olunmalıdır. Hesabat dövründə əmək şəraitinin və onun mühafizəsinin, eləcə də ətraf mühitin yaxşılaşdırılması məsələlərini Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası sosial partnyorluq, bütün səviyyələrdə əməyin mühafizəsi sahəsində bağlanan müqavilələr vasitəsilə həyata keçirmişdir. Bu iş bundan sonra da davam etdiriləcəkdir.

Əvvəlki dövrlə müqayisədə son vaxtlar bağlanan sahə (tarif) sazişləri əməyin mühafizəsi üzrə öhdəliklərin keyfiyyət və məzmununun yaxşılaşması, sağlamlığa vurulan zərərə görə əlavə müavinət ödənişlərinin həcminin artırılması ilə səciyyələnir. Əməyin mühafizəsi problemlərinin maddi-texniki və maliyyə təminatı üzrə tədbirlərin nəzərdə tutulması müsbət hal kimi qeyd edilə bilər.

Tarif sazişləri və kollektiv müqavilələrin icrasına nəzarətin gücləndirilməsi nəticəsində, demək olar ki, hər yerdə işəgötürənlərdən fərdi mühafizə vasitələrinin, süd və ona bərabər tutulan ərzağın pulsuz verilməsinin sahə normativlərinin, əməyin mühafizəsi ilə bağlı rəhbər heyətin vəzifələrini və məsuliyyətini müəyyən edən vəzifə təlimatlarının işlənib hazırlanması və ya onlara yenidən baxılması mümkün olmuşdur.

Görülən tədbirlər nəticəsində «Azərbaycan Hava Yolları», Dövlət Neft Şirkəti, Dövlət Dəmir Yolu, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Dövlət Xəzər Dəniz Gəmiçiliyi, Bakı Metropoliteni, «Baku Steel Jompany»a aid istehsalat müəssisələrində çalışan işçilər istehsalatda bədbəxt hadisələrdən sığorta olunmuşlar. Göstərilən sahələrin həmkarlar ittifaqları işçi vəfat etdikdə, yaxud istehsalatda bədbəxt hadisə zamanı həlak olduqda, qanunvericiliklə onların ailələrinə nəzərdə tutulmamış əlavə müavinətlərin ödənilməsi barədə tarif sazişlərinə xüsusi bəndlərin daxil edilməsi istiqamətində uğurlu iş aparmışlar.

Biz əmək şəraiti zərərli, ağır olan işlərdə çalışan işçilərin pulsuz müalicə-profilaktik yeməklərinə, xüsusi geyim, ayaqqabı və digər fərdi mühafizə vasitələrinə xərclənən vəsaitlərin məhsn maya dəyərinə daxil edilməsi haqqında üzv təşkilatlardan daxil olan çoxsaylı müraciətləri nəzərə alaraq hökümətə müvafiq təkliflər ünvanladıq. Aparılan danışıqlar nəticəsində təklifimiz qismən də olsa nəzərə alındı. Ali qanunvericilik orqanında müalicə-profilaktik yeməklərlə bağlı Vergi Məcəlləsinə müvafiq dəyişikliklər edilmiş, Nazirlər Kabinetində isə qərar imzalanmışdır. Hazırda 7604 nəfər müalicə-profilaktik yeməklə pulsuz təmin olunur. İndi vəzifəmiz bu işi tam həcmdə başa çatdırmaq, xüsusi geyim, ayaqqabı və digər fərdi mühafizə vasitələrinə xərclənən vəsaitlərin də məhsn maya dəyərinə daxil edilərək pulsuz verilməsinə nail olmaqdır.

Respublikamızın sənaye, ali təhsil müəssisələrində, məktəblərdə güzəştli və ya pulsuz yeməyin verilməsi Baş Kollektiv Sazişdə, kollektiv müqavilələrdə öz əksini taparaq bir neçə istiqamətdə həyata keçirilir. İndi 25094 əməkçi pulsuz yeməklə təmin olunur. Məsələn, Bakı Metropoliteninin 150 işçisinə pulsuz yemək verilir. Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin xidmətində olan 14 müəssisədə isə aztəminatlı, valideynlərini itirmiş, şəhid ailələrindən olan 145 tələbə gündə bir dəfə isti yeməklə təmin olunurlar. Yeməyin p Respublika Komitəsi tərəfindən ödənilir. Bakı Dövldət Universitetində bu iş rektorluğun və həmkarlar ittifaqı komitəsinin vəsaiti hesabına həyata keçirilir.

Hesabat dövründə istehsalatda xəsarət alanların illik orta sahə göstəricisi 120 nəfər təşkil etmişdir ki, bu da əvvəlki dövrlə müqayisədə 5 nəfər azdır. 2007-ci ildə 9 sahə həmkarlar ittifaqının xidmət göstərdiyi müəssisə və təşkilatlarda bir dənə də olsun bədbəxt hadisəyə, 12-də isə ölümlə nəticələnən bədbəxt hadisəyə yol verilməmişdir.

Onların əksəriyyəti, nəinki ənənəvi olaraq təhlükəsiz sahələr hesab edilən (dövlət idarələri, bələdiyyə təşkilatları), həmçinin əməyin mühafizəsinin təmin olunmasında xüsusi diqqət tələb olunan (yüngül və toxucq, inşaat və müdafiə kompleksi, qaz sənayesi) sahələridir.

2007-ci ildə müəssisə və təşkilatlar üzrə istehsalatda xəsarət alanların sayı 35,7 faiz azalmışdır. 2006-cı ildə müxtəlif ağırlıq dərəcəli zədə alanların sayı 154 idisə, 2007-ci ildə bu kimi zədələnən işçilərin sayı 99 olmuşdur.

2007-ci ildə həmkarlar ittifaqlarının xidmətinə daxil olan müəssisə və təşkilatlarda istehsalatda ölümlə nəticələnən 35 hadisə baş vermişdir. Bu 2006-cı ilə nisbətən 27% aşağı göstəricidir.

Hesabat dövründə 26 sahə və bir ərazi həmkarlar ittifaqı orqanlarının texniki əmək müfəttişləri tərəfindən müəssisə və təşkilatlarda 4 minə yaxın müayinə aparılmışdır. İctimai nəzarəti həyata keçirən texniki əmək müfəttişliyi əmək qanunvericiliyinin, həmçinin sənaye, ekologiya və sanitar-gigiyena təhlükəsizliyinə dair qanunvericilik aktlarının tələblərinin pozulması ilə bağlı 12 mindən çox fakt aşkara çıxarmış və işəgötürənlərə 1,8 min təqdimat göndərilmişdir. Həmkarlar ittifaqları tərəfindən görülən tədbirlər nəticəsində üzə çıxarılmış nöqsanların 81%-i verilmiş vaxt ərzində aradan qaldırılmışdır. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası qarşıdakı dövrdə müvafiq icra orqanları ilə birlikdə iş yerlərinin, əməyin və ətraf mühitin mühafizəsi məsələləri üzrə attestasiyasının keçirilməsini nəzərdə tutur. İş yerlərində istehsalat prosesinin iştirakçıları tərəfindən təhlükəsizlik tələblərinə ciddi riayət edilməsi məqsədilə təşkilati-hüquqi formasından asılı olmayaraq müəssisələrdə və təşkilatlarda idarədaxili nəzarət gücləndirilməli, əməyin təhlükəsizliyi təmin olunmalıdır. Respublikada ekologiya və radiasiya şəraitinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlər hələlik istənilən səviyyədə deyildir. Bu məsələlər barədə əhali kifayət qədər məlumatlandırılmır, ərzaq mallarının ekoloji təmizliyinə az diqqət yetirilir. Müəssisələrdə əmək şəraitindən asılı olaraq işçilərin müalicəvi-profilaktik yeməklərlə təmin olunmasına da diqqət artırılmalıdır. Bu sahədə Baş Kollektiv Sazişdə müəyyən edilmiş öhdəliklərin yerinə yetirilməsi üçün hələ çox iş görülməlidir. Sazişin bütün tərəfləri tezliklə əməyin mühafizəsi üzrə konkret icra müddəti müəyyən edilməklə və ciddi ictimai nəzarətin təmin olunması şərtilə xüsusi dövlət proqramının, təbii və texnogen fövqəladə vəziyyətdə əhalinin və ərazinin müdafiəsi barədə qanun qəbul edilməsinə nail olmalıdırlar. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası Baş Kollektiv Sazişin tərəflərindən biri kimi bu vacib sənədlərin hazırlanması və həyata keçirilməsi ilə bağlı təkliflər paketini təqdim etməyə hazırdır.

Hörmətli qurultay nümayəndələri!

Hörmətli qonaqlar!

Son illərdə əhalinin sosial müdafiəsi sahəsində köklü dəyişikliklər baş vermişdir. Pensiya və sığorta sistemi sosial yardım sistemindən tam ayrılmışdır. Yeni sistemin tətbiqi əmək pensiyalarının baza hissəsinin ildə bir dəfədən və istehlak qiymətləri indeksinin illik səviyyəsindən az olmamaqla, bütün pensiyalar üzrə artırılmasını, sığorta hissəsinin isə indeksləşdirilməsini nəzərdə tutur. Hələ 2003-cü ildə Azərbaycan həmkarlar ittifaqlarının II qurultayı tərəfindən irəli sürülmüş təkliflər nəzərə alınaraq işləyənlərə pensiya məbləği 50 % əvəzinə, 2006-cı ilin yanvar ayından, əmək pensiyaları haqqında yeni Qanuna əsasən, pensiyaların baza hissəsi tam məbləğdə ödənilir. Pensiyanın sığorta hissəsi isə pensiyaçının şəxsi hesabında yığılır. Pensiyaların baza hissəsi 2006-cı ilin yanvarında 25 manat təşkil edirdisə, 2007-ci ilin əvvəlində bu rəqəm 50 manata, bu ilin əvvəlində isə 60 manata çatdırılmışdır.
Yeni pensiya qanunvericiliyinə uyğun olaraq, pensiyaya çıxan şəxslərə pensiya hesablanarkən orta aylıq əməkhaqqına qoyulan məhdudiyyətlər götürülmüşdür və işləyən pensiyaçılara əmək pensiyası tam məbləğdə ödənilir.

Azərbaycan həmkarlar ittifaqları 2008-ci ildən etibarən pensiyaların minimum səviyyəsinin yaşayış minimumunun məbləğinə uyğun təyin edilməsi, itirilmiş qazancın 40%-indən az olmamaq şərtilə əmək pensiyaları ilə əvəzlənməsinin təmin olunması üçün müvafiq tədbirlər həyata keçirir. Bununla əlaqədar Baş Kollektiv Sazişə konkret müddəalar daxil edilmişdir. Bu ilin sonuna qədər əmək pensiyalarının baza hissəsinin və pensiyaların sığorta hissəsinin də artırılması gözlənilir. Ümumilikdə 2008-ci il üçün pensiyaların artırılması məqsədi ilə dövlət büdcəsindən təqribən 1 mlrd. 180 milyon manat ayrılmışdır. Qeyd etmək lazımdır ki, əmək pensiyaları almaq hüququ olmayan vətəndaşlar, əmək qabiliyyətini itirmiş hesab olunan şəxslər, əlillər dövlətin sosial qayğısından kənarda qalmırlar, onlar sosial müavinətlərlə təmin olunurlar. Hazırda ölkəmizdə 13 kateqoriya üzrə müxtəlif növ sosial müavinət mövcuddur. Ünvanlı sosial yardımın tətbiqi nəticəsində 78 min ailə dövlətin ünvanlı sosial yardım proqramından yararlanmaq imkanı qazanmışdır. Hər bir ailəyə orta hesabla təqribən 100 manat məbləğində yardım göstərilir, əhalinin aztəminatlı təbəqələrinə ünvanlı sosial yardım təyin etmək üçün ehtiyac meyarı 45 manat müəyyən edilmişdir. Biz həmkarlar ittifaqları olaraq hesab edirik ki, ünvanlı sosial yardımın ehtiyac meyarının minimum yaşayış dəyəri ilə ölçülməsi daha düzgün olardı. 2008-ci ilin dövlət büdcəsində yaşayış minimumunun 70 manata çatdırılması da bu istiqamətdə irəliyə atılan addımlardan biridir.

Hörmətli qurultay iştirakçıları!

Bütün dövrlərdə həmkarlar ittifaqlarının fəaliyyətində gənclərlə iş mühüm yer tutub. Hesabat dövründə gənclərin ictimai həyata və həmkarlar ittifaqlarının fəaliyyətin cəlb edilməsi işinə xüsusi diqqət yetirilib. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının IV Məclisində geniş müzakirə olunmuş və gənclər siyasətinə dair xüsusi konsepsiya və proqram qəbul edilmişdir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 30 avqust 2005-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş «Azərbaycan Gəncliyi Dövlət Proqramı (2005-2009-cu illər)» gənclərin həyatında yeni inkişaf mərhələsinin başlanğıcı olmuşdur. Proqramda nəzərdə tutulan tədbirlərin yerinə yetirilməsində, gənclərin təhsil və məişət problemlərinin həllində, əmək və istirahət hüquqlarının təmin edilməsində müvafiq dövlət orqanları ilə birlikdə həmkarlar təşkilatları da məsuliyyət daşıyırlar. Ona görə də bu gün gənclərlə aparılan iş