AZ | RU | EN
AZ | EN | RU

“Heydər Əliyev məktəblilərin gözü ilə”

04 May 2013

04.05.13.2Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi ilə əlaqədar orta ümumtəhsil məktəbləri və peşə liseyləri şagirdləri arasında “Heydər Əliyev məktəblilərin gözü ilə” mövzusunda keçirilmiş inşa yazı müsabiqəsinin qalibləri mükafatlandırılıb. Mayın 4-də “Gülüstan” sarayında təşkil olunmuş mükafatlandırma mərasimində Milli Məclisin deputatları, ali məktəb rektorları, təhsil işçiləri və şagirdlər iştirak ediblər.

 

Mərasimdə əvvəlcə ulu öndərin zəngin həyat və fəaliyyətindən bəhs edən film nümayiş olunub.

Təhsil naziri Mikayıl Cabbarov müasir müstəqil dövlətimizin memarı və qurucusu, dahi rəhbər Heydər Əliyevin Vətən və xalq qarşısında müstəsna xidmətlərindən danışıb. Bildirib ki, misilsiz idarəetmə istedadına malik olan Ümummilli Lider Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə quruculuğun, sosial-iqtisadi inkişafın, ictimai-siyasi sabitliyin, dövlətçiliyin təminatçısı olmuş, ən çətin məqamlarda ölkəmizin mənafeyi naminə böyük xilaskarlıq missiyasını üzərinə götürüb.

Ulu öndər Heydər Əliyevin təhsilə daim xüsusi önəm verdiyini vurğulayan M. Cabbarov Ümummilli Liderin ideyalarının Prezident İlham Əliyev tərəfindən əzmlə həyata keçirildiyini bildirib. Nazir ölkəmizdə təhsil üzrə reallaşdırılan Dövlət proqramlarının əhəmiyyətindən bəhs edib.

Sonra müsabiqə barədə məlumat verilib. Heydər Əliyev Fondu, Yeni Azərbaycan Partiyası, Təhsil, Rabitə və İnformasiya Texnologiyaları nazirlikləri, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin təşkilatçılığı ilə reallaşdırılan müsabiqədə respublikanın müxtəlif şəhər və rayonlarının orta ümumtəhsil müəssisələrinin və peşə liseylərinin şagirdləri iştirak edib. Müsabiqə üç mərhələdə (məktəb, rayon (şəhər) və respublika mərhələlərində) aparılmış, yekun mərhələdə 108 nəfər iştirak etmiş, 90 nəfər qalib seçilib.

04.05.13 04.05.13.1

Yeni Azərbaycan Partiyası sədrinin müavini-icra katibi Əli Əhmədov ümummilli lider Heydər Əliyevin müstəsna tarixi rolundan danışıb. Dahi rəhbər Heydər Əliyev irsinin əhəmiyyətini vurğulayan Ə. Əhmədov Ulu Öndərin irsinin təhsil müəssisələrində daha da dərindən öyrənilməsinin zəruriliyini diqqətə çatdırıb.

Müsabiqə barədə fikirlərini bildirən Ə. Əhmədov deyib ki, gənclər Ümummilli Liderin zəngin siyasi irsindən, parlaq ideyalarından bəhrələnməklə vətənpərvərliyi öyrənirlər.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Mehbalıyev ulu öndər Heydər Əliyevin gənclərə, onların təhsilinə böyük diqqət və qayğı göstərdiyini xatırlatmış, müdrik rəhbərin siyasi xəttinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini söyləyib. Qeyd edib ki, istedadlı uşaq və gənclərin aşkara çıxarılması, onların potensial imkanlarının inkişaf etdirilməsi Azərbaycanda hər zaman diqqət mərkəzində olmuş, bu vacib iş prioritet istiqamətlərdən biri kimi seçilib və bu istiqamətində ciddi addımlar atılıb. Azərbaycanda dövlət müstəqilliyinin bərpasından sonra, xüsusən görkəmli dövlət xadimi, xalqımızın ümummilli lideri Heydər Əliyevin respublikamızda siyasi rəhbərliyə qayıdışı ilə milli-mənəvi dəyərlərin dirçəlişinə, iqtisadiyyatın, sosial sahələrin inkişafına güclü stimul verilmiş, bunlarla bərabər, ölkənin təhsil sisteminin yenidən qurulmasına, qabaqcıl dövlətlərin təhsil sistemlərinə inteqrasiya olunmasına geniş imkanlar açılmış, istedadlı uşaq və gənclərə diqqət və qayğının artırılması ölkə Konstitusiyasında təsbit edilərək təhsil sahəsində dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrilib. Ümummilli liderimiz Heydər Əliyevin layiqli davamçısı olan Prezident İlham Əliyevin yürütdüyü məqsədyönlü siyasətin tərkib hissəsi olaraq son illərdə də istedadlara qayğı göstərilməsi baxımından ciddi addımlar atılıb. Bu işlər hazırda da davam etdirilir. Azərbaycanda istedadlı uşaq və gənclərin səmərəli təhsil almasını təmin etmək məqsədilə hər il yeni-yeni məktəb binaları, təhsil kompleksləri tikilib istifadəyə verilir. Təhsil müəssisələrimiz qabaqcıl texnologiya ilə təmin edilir.

AHİK sədri qeyd edib ki, istedad qayğı tələb edir. İstedadlı uşaqlarımıza göstərilən qayğı hər bir fərdin bacarıq və biliklərinin aşkara çıxarılmasına xidmət etməlidir. İstedadın müəyyən edilib üzə çıxarılmasına və onlarla sistemli işin aparılmasına təkan verən məktəbdir. Məktəb hər bir şagirdin inkişafı, gələcəyin müəyyənləşdirilməsi üçün zəruri bir məkandır. Bu məkan şagird üçün onun potensialının üzə çıxarılması yolunda çox işlər görür. Bu baxımdan gənc istedadların üzə çıxarılması, onların potensial imkanlarının inkişaf etdirilməsi ilə bağlı təhsil ictimaiyyəti olaraq bizlərin də üzərimizə böyük vəzifələr düşür.

Rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə dövlətimizin başçısı İlham Əliyevin təhsilin inkişafına böyük əhəmiyyət verdiyini bildirib, bu sahənin müasir dünyada mühüm rolundan bəhs edib.

Heydər Əliyev Fondunun nümayəndəsi İlqar Mustafayev Fondun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təbrikini tədbir iştirakçılarına çatdırıb. Heydər Əliyev Fondunun Azərbaycanın tərəqqisi naminə reallaşdırdığı tədbirlərdən, layihələrdən bəhs edən İ. Mustafayev müsabiqənin əhəmiyyətini qeyd etmiş, qaliblərə təhsildə yeni nailiyyətlər arzulayıb.

Sonra müsabiqə qaliblərinə mükafatlar təqdim olunub.

FAYDALI KEÇİDLƏR