Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə keçirilmiş konfransda 24 ali məktəbin 120 tələbəsi iştirak etmişdir
15 May 2014
“Vətənim Azərbaycan” mövzusuna həsr edilmiş konfransa ölkəmizdəki 24 ali məktəbin 120 tələbəsi qatılmışdır. Konfrans iştirakçıları arasında Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin müdavimləri də olmuşlar.
Komitənin sədr müavini Şaiq Əskərov tədbiri giriş sözü açaraq Ulu Öndərin Azərbaycan xalqı qarşısında misilsiz xidmətlərindən, o cümlədən respublika elminin inkişafına göstərdiyi qayğıdan bəhs etmişdir. Bildirilmişdir ki, ölkəmizdə elmi potensialın gücləndirilməsi üçün bir sıra sərəncamlar imzalayan Ulu Öndər bu sahənin inkişafını daim diqqətdə saxlamışdır. Dahi rəhbərimiz yenidən siyasi hakimiyyətə qayıdandan sonra Azərbaycan təhsilinin inkişafına xüsusi önəm vermiş, müstəqil respublikamızın dünya ölkələrinə inteqrasiyası üçün savadlı və intellektual gənclərin yetişdirilməsini ön plana çəkmişdi. Bu gün iftixarla demək olar ki, görkəmli dövlət xadiminin arzuları gerçəkləşmiş, Azərbaycan elmi və təhsili sürətlə inkişaf etməyə başlamışdır.
Qeyd olunmuşdur ki, bu mövzuda konfrans artıq ikinci ildir keçirilir və bu dəfə daha çox tələbəni əhatə etmişdir.
Daha sonra Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin gənclər sektorunun müdiri Vüsal Quliyev, Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri Seymur Orucov çıxış edərək Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş gənclər siyasəti haqqında danışmışlar. Bildirmişlər ki, Ulu Öndər gənclərin imkan və bacarıqlarını daim yüksək qiymətləndirmiş, onların problemlərinin həlli ilə yaxından məşğul olmuş, bu siyasəti müstəqil Azərbaycan dövlətinin fəaliyyətinin ən mühüm istiqamətlərindən biri kimi dəyərləndirmişdir.
Diqqətə çatdırılmışdır ki, bu gün ölkəmizdə gənclər siyasəti mahiyyət və keyfiyyətcə yeni mərhələyə qədəm qoymuşdur. Prezident İlham Əliyev Ulu Öndərin gənclər siyasətinə sadiqliyini öz qərarları ilə təsdiqləyir. Gənclərin mənəvi inkişafı, vətənpərvərlik tərbiyəsi, xarici ölkələrdə təhsili, sosial problemlərinin həlli istiqamətində görülən işlər, gənclər təşkilatlarının formalaşması və inkişafı üçün yaradılan şərait və imkanlar bu sahəyə böyük diqqətin nəticəsidir.
Keçmiş korpus komandiri, iki dəfə “Azərbaycan bayrağı” ordenli polkovnik Şair Ramaldanov ölkəmizdə həyata keçirilən ordu quruculuğundan danışaraq qeyd etmişdir ki, Azərbaycan işğal olunmuş torpaqlarını geri qaytarmağa, ərazi bütövlüyünü təmin edilməyə qadir güclü orduya malikdir.
Çıxışlardan sonra ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən film nümayiş etdirilmişdir.