Həmkarlar ittifaqı təşkilatlarının 2011-ci il üzrə statistik hesabatı haqqında
16 May 2012
AHİK-in üzv təşkilatlarında 17278 həmkarlar ittifaqı təşkilatı fəaliyyət göstərir.
Həmkarlar ittifaqı üzvlərinin ümumi sayının 9,1%-ni tələbələr təşkil edir.
Hesabat ilində respublika üzrə 94 müəssisədə həmkarlar ittifaqı təşkilatı yaradılmışdır ki, onlardan 69,1%-i qeyri - dövlət sektoruna aiddir.
Özəl sektorda fəaliyyət göstərən həmkarlar ittifaqı üzvlərinin sayı 3,3% artmışdır.
Həmkarlar ittifaqı təşkilatlarının seçkili orqan üzvlərindən yalnız 2,8%-i əmək haqqı alır ki, onların da 42,3%-i həmkarlar ittifaqı komitəsinin sədrləridir.
Cari ildə faktiki olaraq həmkarlar ittifaqı təşkilatlarında aparılan struktur dəyişiklikləri nəticəsində azsaylı təşkilatların sayı 9,8% artmış, ilk həmkarlar ittifaqı təşkilatlarının sayı isə 0,3% azalmışdır.
Son üç ildə üzvlük haqqı ödəyən təşkilatların sayında azalma halı müşahidə olunsa da, 2011-ci ildə belə təşkilatların sayı 2010-cu illə müqayisədə 0,8% artmışdır.
İqtisadiyyatda aparılan islahatlar, işçilərin ixtisarı, həmkarlar ittifaqı təşkilatlarının ləğvi, işəgötürənlər tərəfindən müəssisələrdə həmkarlar ittifaqının yaradılmasına və fəaliyyətinə göstərilən maneçiliyə baxmayaraq, həmkarlar ittifaqı təşkilatlarının ümumi sayı 0,1% artmış, üzvlərinin sayı isə sabit qalmışdır.
2011-ci ilin yekunlarına görə təhsilə yönəldilənlərin sayı 21,4% təşkil etmişdir. Həmkarlar ittifaqı komitə sədrlərinin təhsilə cəlb olunmasında isə ötən illə müqayisədə 19,9% azalma müşahidə olunmuşdur.
Kadrların təhsilinə üzv təşkilatlar tərəfindən kifayət qədər diqqət yetirilməməsi nəticəsində yeni seçilənlərin təhsilə cəlb olunması ilbəil azalır. Hesabat ilində təhsilə cəlb olunmuş 177 HİK sədrindən yalnız 38 nəfəri yeni seçilənlərdir. İl ərzində yeni seçilən 410 HİK sədrindən 9,3%-nin maarifləndirilməsi təhsilə olan laqeydliyi nümayiş etdirir.
Kollektiv müqavilə bağlamış ilk həmkarlar ittifaqı təşkilatlarının sayı ötən illə müqayisədə 1,2% azalmış və ümumi həmkarlar ittifaqı təşkilatlarının 68,0%-ni təşkil etmişdir.
Həmkarlar ittifaqlarına daxil olmuş ərizə və şikayətlərin 98,2%-i müsbət həll olunmuşdur.
AHİK-in İcraiyyə Komitəsi qərara alır:
1. Həmkarlar ittifaqı təşkilatlarının 2011-ci il üzrə statistik hesabatlarının yekunları barədə AHİK-in Təşkilat işləri və məlumat şöbəsinin arayışı nəzərə alınsın və 2011-ci il üçün həmkarlar ittifaqı təşkilatlarının statistik hesabatı təsdiq edilsin. (əlavə olunur)
2. AHİK-in üzv təşkilatlarına tövsiyə edilsin:
- həmkarlar ittifaqı üzvlüyünə cəlb olunmasını, yeni həmkarlar ittifaqı təşkilatlarının yaradılmasını, müəssisə və təşkilatlarda işçilərin sosial-iqtisadi hüquqlarının müdafiəsini daim nəzarətdə saxlamaq;
- həmkarlar ittifaqı üzvlərinin daha çox kollektiv müqavilə və sazişlərlə əhatə olunmasına nail olmaq;
- həmkarlar ittifaqları kadr və fəallarının təhsilinin təşkil edilməsinə yönələn tədbirləri davam etdirmək;
- bütün imkanlardan istifadə edərək ilk növbədə yeni seçilən həmkarlar ittifaqı komitəsi sədrlərini təhsilə cəlb etmək;
- illik statistik hesabatın tərtibinə, vaxtında təqdim olunmasına və təhlil edilməsinə nəzarəti gücləndirmək, bu istiqamətdə ilk təşkilatlara lazımi köməklik göstərmək.
3. Qərarın icrasına nəzarət AHİK-in Təşkilat işləri və məlumat şöbəsinə tapşırılsın.