AZ | RU | EN
AZ | EN | RU

Həmkarlar ittifaqları kadr və fəallarının 2011-ci il üçün təhsil planının yerinə yetirilməsi və 2012-ci il üçün təhsil planı haqqında

16 May 2012

 

İcraiyyə Komitəsinin 11 mart 2011-ci il tarixli «Həmkarlar ittifaqları kadr və fəallarının 2010-cu il üçün təhsil planının yerinə yetirilməsi və 2011-ci il üçün təhsil planı haqqında» qərarı ilə təhsilləndirmə sahəsində əsas vəzifələr kimi dinləyici dairəsinin genişləndirilməsi, kadrların mütəmadi olaraq yenidən hazırlanması, həmkarlar ittifaqları fəaliyyətlərinin müasir metodlarının öyrənilməsi, praktiki məşğələlərin aparılması üçün müxtəlif sahələrdə baza həmkarlar təşkilatlarının müəyyənləşdirilməsi bir vəzifə olaraq üzv təşkilatlarına və Əmək və Sosial Münasibətlər Akademiyasına tövsiyə edilmişdir.

AHİK-in İcraiyyə Komitəsinin müvafiq qərarının yerinə yetirərkən, Akademiyanın müvafiq strukturu 2011-ci ildə həmkarlar ittifaqı kadrlarının təhsilləndirilmə planını hazırlamış və AHİK-in İcraiyyə Komitəsində təsdiqlənmişdir.

Həmin planda müxtəlif kateqoriyalı həmkarlar ittifaqı fəalları üçün 2, 3, 5 və 10 günlük kurslar nəzərdə tutulmuşdur.

«Liderlik problemləri və həmkarlar ittifaqı işinin səmərəli qurulması», «Həmkarlar ittifaqlarının cəmiyyətlə əlaqə texnologiyası», «Həmkarlar ittifaqları və gender bərabərliyi», «Gənclər və həmkarlar ittifaqları», «Həmkarlar ittifaqlarında üzvlüyün motivasiyası» və digər mövzularda kurslar təşkil edilmişdir.

Həmkarlar ittifaqlarında təhsilləndirmə sistemi AHİK-in, Əmək və Sosial Münasibətlər Akademiyası və sahə həmkarlar ittifaqı birliklərinin qarşılıqlı fəaliyyəti üzərində qurulmuşdur. Proqramlar və tədris planları həmin strukturların mütəmadi əməkdaşlığı şəraitində ortaya çıxan təkliflər əsasında tərtib olunub. Eyni zamanda AHİK-in, sahə həmkarlar ittifaqı birliklərinin rəhbərləri müəllim-məşqçi qismində Akademiya ilə sıx əməkdaşlıq etmişlər.

Ümumilikdə Akademiyanın kurslarında 2011-ci tədris ilində 307 həmkarlar ittifaqı işçisi və fəalı təhsilləndirilmişdir ki, onların da əksəriyyəti Neft və Qaz Sənayesi, Təhsil, «Kənd-Qida-İş» Hİ Federasiyası, İnşaat Kompleksi və Rabitə İşçiləri Müstəqil Həmkarlar İttifaqının nümayəndələridirlər.

2011-ci tədris ilində Akademiyanın kadr hazırlığı kurslarında 181 həmkarlar ittifaqı komitəsinin sədri, o cümlədən 30 nəfər ilk dəfə seçilənlər, 17 nəfər isə mühasib və xəzinədarlar iştirak etmişlər.

Akademiyanın professor – müəllim heyəti çalışmışlar ki, dinləyicilər həmkarlar ittifaqı hərəkatının nəzəriyyəsi və praktikası, iqtisadiyyat, hüquq, konfliktologiya və sosialogiya sahəsində hərtərəfli biliklərə yiyələnsinlər.

Akademiya və sahə həmkarlar ittifaqları rəhbərlərinin səyi nəticəsində 4500-dən artıq təhsilləndirmə seminarlar, konfranslar keçirilmiş, 10 sahədə 15 yeni baza həmkarlar ittifaqı təşkilatları müəyyən edilmişdir.

Bütün bunlarla yanaşı AHİK-in İcraiyyə Komitəsi qeyd edir ki, 2011-ci ildə üzv təşkilatların kadr və fəallarının Akademiyanın təkmilləşdirmə kursları ilə birgə işlərini uğurlu hesab etmək olmaz.

Belə ki, sahə həmkarlar ittifaqlarının sifarişlərinə əsasən, 2011-ci ildə planlaşdırılan 336 dinləyicidən yalnız 307-si kurslarda iştirak etmişlər.

Təhsilləndirmə ilə əlaqədar «Kənd-Qida-İş» Hİ Federasiyası, Təbii Sərvətlər və Ekologiya İşçiləri, Azərbaycan Milli Elmlər Akademiyası, Azərbaycan Su Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqları öz öhdəliklərini yerinə yetirməmişlər.

Akademiya tərəfindən təşkil edilən 10 günlük seminarda cəmi 14 nəfər iştirak etmişdir ki, onların da 7-si təhsil sahəsinin nümayəndələri olmuşlar.

Dəmiryolçuların Müstəqil, Dövlət İdarələri və İctimai Xidmət, Toxucu və Yüngül Sənaye İşçiləri Respublika Komitələri, «Metal-İş» Hİ Federasiyası Akademiyanın kurslarında təhsilləndirmə imkanlarından lazımınca istifadə etməmişlər.

AHİK-in İcraiyyə Komitəsi qərara alır:

1. Əmək və Sosial Münasibətlər Akademiyasının həmkarlar ittifaqları kadr və fəallarının 2012-ci il üçün təhsil planı təsdiq edilsin (əlavə olunur).

2. AHİK-in üzv təşkilatlarının, Əmək və Sosial Münasibətlər Akademiyasının rəhbərliyinə tapşırılsın ki, 2012-ci ildə ixtisasartırma və yenidən hazırlanma kurslarında dinləyicilərin sayı əsaslı surətdə artırılsın. Təkliflər bir ay ərzində AHİK-ə təqdim edilsin.

3. Həmkarlar ittifaqı təşkilatlarında 2012-2013-cü illərdə keçiriləcək hesabat-seçki kampaniyasının Əmək və Sosial Münasibətlər Akademiyasının kurslarının tədris planı və proqramlarında nəzərə alınması Akademiyanın rektorluğuna tapşırılsın.

4. Əmək və Sosial Münasibətlər Akademiyasının rektorluğu tərəfindən AHİK-ə təqdim edilən həmkarlar ittifaqlarında iş təcrübəsinin öyrənilməsi üçün baza həmkarlar ittifaqı təşkilatlarının siyahısı nəzərə alınsın (əlavə olunur).

5. Qərarın icrasına nəzarət AHİK-in təşkilat işləri və məlumat şöbəsinə, Əmək və Sosial Münasibətlər Akademiyasının rektorluğuna tapşırılsın.

FAYDALI KEÇİDLƏR