AZ | RU | EN

“Həmkarlar ittifaqlarında qadınların rolunun artırılması” mövzusunda beynəlxalq konfrans keçirilib

01 Mar 2015

02.03.15.2Martın 2-də Bakıda Beynəlxalq Əmək Təşkilatının və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının birgə təşkilatçılığı ilə “Həmkarlar ittifaqlarında qadınların rolunun artırılması” mövzusunda beynəlxalq konfrans keçirilib.

Konfransın açılışında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası sədrinin müavini Aqil Dadaşov çıxış edərək gender bərabərliyinin təmin olunmasının dünyanın bir sıra ölkələrində aktual problemlər sırasında durduğunu söyləyib.

 

Vurğulanıb ki, Azərbaycan “Qadınların siyasi hüquqları haqqında” və “Qadınlara münasibətdə ayrı-seçkiliyin bütün formalarının ləğv olunması haqqında” konvensiyalara qoşulub. Azərbaycan Respublikasının Konstitusiyasında kişi və qadınlara bərabər hüquq və imkanlar verilib. Milli qanunvericilikdə qadınların hüquq bərabərliyini təmin edən və hər cür ayrı-seçkiliyi qadağan edən islahatlar həyata keçirilib. Gender siyasətinin həyata keçirilməsi məqsədi ilə xüsusi dövlət qurumu - Ailə, Uşaq və Qadın Problemləri üzrə Dövlət Komitəsi fəaliyyət göstərir.

A.Dadaşov deyib: “Azərbaycanda bərqərar olan demokratik mühit qadınların zəngin potensialının gerçəkləşdirilməsi üçün əlverişli zəmin yaradır. Məhz belə bir zəmin əsasında AHİK yarandığı gündən qadınların ölkənin sosial-iqtisadi həyatında fəal iştiraklarına, həmkarlar ittifaqlarının strukturlarında daha çox təmsil olunmalarına, onların rolunun gücləndirilməsinə xüsusi diqqət yetirib”.

02.03.15.1 02.03.15

Bildirilib ki, ötən illər ərzində gender məsələlərinin həlli üzrə beynəlxalq təşkilatlarla, dövlət qurumları və qeyri-hökumət təşkilatları ilə birlikdə keçirilən 40-dan çox konfrans, seminar, “dəyirmi masa” və digər tədbirlər iştirakçılar tərəfindən rəğbətlə qarşılanıb. Ötən 10 ildə gender bərabərliyinin təmin olunmasına yönəlmiş sosial tərəfdaşlıq fəaliyyəti, qanunvericilik islahatları, qadınların təhsil və işlə təmin olunma imkanlarının artması, qadın hüquqlarının qorunmasına dair görülmüş tədbirlər nəticəsində Azərbaycan bu sahədə dünyanın inkişaf etmiş ölkələri ilə bir sıraya yüksəlib. BMT-nin İnkişaf Proqramının 2012-ci ildə açıqlanmış “Gender bərabərliyi” indeksinə əsasən, Azərbaycan bu göstərici üzrə dünyanın 148 ölkəsi arasında 54-cü yeri tutub.

Vurğulanıb ki, gələcəkdə də həmkarlar ittifaqının əsas məqsədi strukturlarında gender problemləri ilə məşğul olan bütün qurumları eyni mövqedən çıxış etməyə, bərabər imkan və şəraitin yaradılması üzərində nəzarəti gücləndirməyə, beynəlxalq təcrübədən səmərəli istifadə etməyə, qadınların həmkarlar ittifaqı üzvlüyünə cəlb olunmasına istiqamətləndirməkdir.

Pan Avropa Regional Şurasının Qadınlar Komitəsinin üzvü Həmidə Yüsra, Qazaxıstanın Həmkarlar İttifaqları Federasiyasının Qadınlar Şurasının sədr müavini Roza Kuanışbayeva və başqaları çıxış edərək konfransın əhəmiyyətindən danışıb, təmsil etdikləri təşkilatların fəaliyyəti barədə məlumat veriblər.

Tədbirdə Azərbaycanda qadınların əmək bazarında vəziyyəti, qadınların həmkarlar ittifaqlarında rolu, AHİK-in qadınlar cəmiyyətinin fəaliyyət proqramı barədə Azərbaycan Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri, AHİK-in Gender Bərabərliyi və Qadın Problemləri üzrə Mərkəzinin rəhbəri Cəmilə Səttarova ətraflı məlumat verib. Bildirilib ki, ötən il Berlin şəhərində sıralarında 161 ölkədən 178 milyon üzvü birləşdirən Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının III ümumdünya qurultayı keçirilib. Qurultayda gender bərabərsizliyinə qarşı mübarizəni gücləndirməyin, həmkarlar ittifaqı mərkəzlərinə tabe olan hər bir həmkarlar ittifaqı təşkilatında qadınların sayının artırılmasının vacibliyi vurğulanıb. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının bu fəaliyyət kursu ilə həmrəy olduğunu bildirərək bir daha qurultayda qəbul edilmiş sənədlərin həyata keçirilməsi üçün var qüvvəsini sərf edəcəyini bəyan edib.

C.Səttarova qeyd edib ki, Azərbaycanda qadın hərəkatının formalaşmasında, qadınların hüquqlarının qorunmasında, gender problemlərinin həlli, qadınlara qarşı bütün zorakılıq hallarının aradan qaldırılması yolunda dövlətimiz və Azərbaycan Həmkarlar İttifaqları tərəfindən mühüm tədbirlər həyata keçirilir. Ulu öndər Heydər Əliyevin qətiyyətli addımları nəticəsində qadınların ictimai-siyasi həyata daha fəal transformasiyası, onların dövlət idarəçiliyində, ictimai sahədə təmsilçiliyi, hər yerdə kişilərlə bərabər hüquqlara malik olması dövlət quruculuğunun prioritet istiqamətlərindən birinə çevrilib. Hazırda Azərbaycanda dövlət qadın siyasəti Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirilir.

Bildirilib ki, AHİK–in gender siyasəti konsepsiyasında gender bərabərliyi məsələləri ilə bağlı təşkilatçılıq fəaliyyətinin gücləndirilməsi sahəsində qadınların ictimai-siyasi fəaliyyətdə təmsilçiliyi, gender elmi haqqında biliklərin yayılması və cəmiyyətdə gender təfəkkürünün formalaşması, həmkarlar ittifaqında gender və qadın problemləri ilə məşğul olan qurumlar və onların vəzifələri, bu sahədə qanunvericilik bazasının formalaşması, milli proqramların həyata keçirilməsi önə çəkilib.

Qeyd edilib ki, bu gün AHİK öz sıralarında 1,6 milyondan çox həmkarlar ittifaqı üzvünü birləşdirir. 2015–ci ilin 1 yanvar tarixinə həmkarlar ittifaqları üzvlərinin sayında kişilər 48,1 faiz, qadınlar 51,9 faiz təşkil edib. Hər il gender bərabərliyini səciyyələndirən statistik hesabatların araşdırılması onu deməyə əsas verir ki, yerlərdə qadın və kişilər üçün bərabər hüquq və imkanların təmin olunması məsələləri daim nəzarət altındadır.

Konfransda qadınların həmkarlar ittifaqlarında və Pan Avropa Regional Şurasının əhatə etdiyi ölkələrdə aktiv fəaliyyəti və rəhbər vəzifələrdə rolu və digər mövzularda çıxışlar olub, müzakirələr aparılıb. İştirakçılar müzakirə olunan sahələrdə Gürcüstanın, Bolqarıstanın, Litvanın, Türkiyənin, Qazaxıstanın iş təcrübəsi ilə tanış olublar.