Hüquqi dövlət quruculuğuna böyük töhfə
27 Jul 2016
Hər bir fəaliyyətin hüquqi çərçivəyə salınması tarix boyu özünü doğrultmuş obyektiv zərurətdir. Təsadüfi deyil ki, dünyada ilk qanunların qəbulundan başlayaraq hüquqi nizamlama məhz həyatın bütün sferalarında münasibətlərin tənzimlənməsində, sivil xarakter almasında və cəmiyyətin inkişafında özünəməxsus rol oynamışdır.
Hüquqi nizamlama prosesindən çıxış edən sənədlər arasında ən alisi isə dövlətin mahiyyətini açıqlayan, qanunvericilik, icra və məhkəmə orqanlarının funksiyalarını əks etdirən cəmiyyət, şəxsiyyət və dövlət arasındakı qarşılıqlı sivil münasibətləri müəyyən edən Konstitusiyadır.
1995-ci il noyabrın 12-də Azərbaycan xalqı özünün çoxəsrlik dövlətçilik ənənələrinə sadiq qalaraq bütün cəmiyyətin və hər kəsin firavanlığının təmin edilməsini, ədalətin, azadlığın və təhlükəsizliyin bərqərar olmasını istəyərək ümumxalq səsverməsi yolu ilə müstəqil dövlətimizin Konstitusiyasını qəbul etdi. Konstitusiyanın qəbulu müstəqillik tariximizin ən mühüm hadisələrindən biri olmaqla, ulu öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı böyük xidmətlərindən sayılır. Tariximizə Heydər Əliyev Konstitusiyası kimi daxil olan Əsas Qanunun qəbulu cəmiyyət həyatında demokratik dəyişikliklərə böyük yol açdı, bütün sahələrin inkişafına təkan verdi, xalqın tarixi ənənələrinə, milli və mədəni dəyərlərinə uyğun olan, eyni zamanda ölkədə müasir dünyəvi və vətəndaş cəmiyyəti quruculuğu tələblərinə cavab verən dövlətçiliyin formalaşması, siyasi və hüquq sistemlərində sabit özülün yaradılması işində mühüm addım oldu.
Konstitusiyaya zaman-zaman bəzi əlavə və dəyişikliklərin edilməsi, onun müasir tələblərə uyğunlaşdırılması demokratik inkişaf yolunda olan bütün dövlətlər üçün səciyyəvi haldır. Çünki normativ hüquqi aktlardan, qanunlardan daha üstün hüquqi qüvvəyə malik olan, cəmiyyətin hüquq sisteminin əsasını təşkil edən Konstitusiya xalqın və dövlətin inkişaf prioritetləri ilə yanaşı, cəmiyyətin zamanla uzlaşan inkişaf xüsusiyyətlərini, obyektiv sosial tələbata çevrilən yenilikləri özündə əks etdirməli, insan və vətəndaş hüquq və azadlıqlarına daha etibarlı təminat mexanizmləri formalaşdırmalıdır.
1995-ci ildən sonra ölkəmizdə iki konstitusiya islahatı aparılıb. İlk dəfə 2002-ci ildə Azərbaycanda konstitusion dəyişikliklərə yaranan ehtiyac məhz bütün sahələrdə qabarıq nəzərə çarpan sürətli inkişafdan irəli gəlirdi. Həmin dəyişikliklər məhkəmə islahatlarına, Milli Məclisin fəaliyyətinin, seçki sisteminin təkmilləşdirilməsinə, insan hüquq və azadlıqlarının daha səmərəli müdafiəsinə xidmət etmişdir.
Növbəti dəfə 2009-cu il martın 18-də Konstitusiyaya əlavə və dəyişikliklərə münasibəti öyrənən ümumxalq səsverməsi Azərbaycan xalqının demokratikləşmə və liberallaşmaya xidmət edən, insan hüquqlarının qorunmasında əlavə imkanlar açan islahatları dəstəklədiyini bir daha təsdiqlədi. Yeni əlavə və dəyişikliklər mahiyyətcə Konstitusiyanın daha da təkmilləşməsinə, insan və vətəndaş hüquq və azadlıqları ilə bağlı prinsipial əhəmiyyətli məsələlərin bu sənəddə daha dolğun ifadəsini tapmasına xidmət etməklə yanaşı, onun müddəalarının liberallığı, demokratik səciyyə daşıması ilə seçildi.
Ötən 7 ildə Azərbaycan dinamik inkişaf etmiş, ölkənin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında əsaslı dəyişikliklər baş vermişdir. Beynəlxalq təcrübəyə əsasən demək olar ki, dövrün tələblərinə uyğun şəkildə dövlət idarəçilik sisteminin təkmilləşdirilməsi, icra hakimiyyəti orqanlarının fəaliyyətinin yenidən təşkili, ictimai münasibətlərin tənzimlənməsi və digər bu kimi məsələlərin həlli ilə bağlı islahatların həyata keçirilməsi adi və zəruri praktikadır. Bu mənada Prezident İlham Əliyev tərəfindən rəy verilməsi üçün Konstitusiya Məhkəməsinə göndərilən “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Referendum Aktı layihəsi olduqca əhəmiyyətli, ən əsası isə, idarəçilikdə yeni məqamları özündə ehtiva edir. Belə ki, Konstitusiyaya təklif olunan dəyişikliklərin başlıca hədəfi dövlət idarəetmə sistemini daha da təkmilləşdirmək, mərkəzi icra hakimiyyətinin səmərəli fəaliyyətini təmin etmək, iqtisadi sahədə islahatlar kursuna uyğun yeni çevik və effektiv idarəetmə mexanizmi formalaşdırmaqdır.
Referendum Aktı layihəsinə əsasən Konstitusiyaya 29 dəyişiklik təklif olunur. Təhlillər göstərir ki, bunları zəruri edən səbəblər yetərincə çoxdur. Məsələn, təklif olunan dəyişikliklərdən biri Azərbaycan Respublikasının vitse-prezidentləri vəzifəsinin təsis olunmasıdır. Vitse-prezident institutunun yaradılması Azərbaycanda icra hakimiyyəti şaqulisinin və icra intizamının möhkəmləndirilməsi zərurəti ilə bağlıdır. Bu institutun təsis edilməsi həmçinin iqtisadi islahatların dairəsinin genişləndirilməsinə və onların sürətləndirilməsinə də xidmət edəcək.
Prezidentlik müddətinin 7 ilədək artırılması təklifi də dünyada artıq geniş tətbiq edilən idarəçilik formasıdır. Prezidentin səlahiyyət müddətinin 7 il olması seçilən insanın seçicilər qarşısında irəli sürdüyü proqramın həyata keçməsi üçün tam yetərlidir. Digər tərəfdən, Azərbaycan Respublikası Prezidentinin səlahiyyət müddətinin 5 ildən 7 ilədək uzadılması ölkəmizdə hər 5 ilin 3 ilinin seçkilərlə bağlı olması reallığından irəli gəlir. Bu baxımdan Azərbaycanda Prezidentin səlahiyyət müddətinin 7 il olması zamanında verilmiş, günün tələblərinə cavab verən təklifdir. Prezidentin səlahiyyət müddəti uzadıldığına görə Azərbaycan Respublikası Prezidentinin etimad votumu üçün müraciət imkanı da nəzərdə tutulur.
Bununla yanaşı, təklif olunan dəyişikliklərdə Azərbaycan vətəndaşlarının hüquq və azadlıqlarının daha etibarlı müdafiəsinin təmin olunması, fərdi məlumatların daha möhkəm qorunması önə çəkilib. Belə ki, dəyişikliklər qüvvəyə mindikdən sonra hər kəsin hüquq və azadlıqlarının məhkəmə ilə yanaşı, inzibati qaydada da müdafiəsi Konstitusiyada öz əksini tapacaq. Həmçinin dövlət qulluqçularının qanunazidd hərəkətləri və hərəkətsizliyi nəticəsində insan hüquq və azadlıqlarına dəymiş ziyana və onların təminatının pozulmasına görə mülki məsuliyyət də Konstitusiyada yer alacaq.
Ümumiyyətlə, bu cür dəyişikliklər bütün dövlətlər üçün xarakterikdir və onlar mütəmadi olaraq bu təcrübədən istifadə edirlər. Qlobal miqyasdakı yeni sosial, siyasi, hüquqi yönümlü çağırışlar, dövlət idarəçiliyinin daha müasir və effektiv trendlərinin geniş yayılması hər bir ölkənin öz çoxspektrli fəaliyyət metodlarında daha mükəmməl yenilikləri təşviq etməsinə zərurət yaradır. Hesab edirəm ki, Azərbaycan vətəndaşları təklif olunan dəyişikliklərə müsbət münasibət bildirəcək və konstitusiya islahatı Azərbaycanda hüquqi dövlət quruculuğuna böyük töhfə verəcək.
Səttar MEHBALIYEV,
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı
AZƏRBAYCAN qəzeti 27.07.2016