AZ | RU | EN
AZ | EN | RU

I Avropa Oyunları Azərbaycanın imicinin daha da yüksəlməsinə töhfə verdi

10 Jul 2015

sedr135Azərbaycanın evsahibliyi etdiyi I Avropa Oyunları uğurla başa çataraq öz möhtəşəmliyi ilə dünyaya səs saldı. Əlbəttə, tarixdə ilk dəfə keçirilən bu idman tədbirinin ən yüksək səviyyədə baş tutacağı əvvəldən gözlənilən idi. Lakin tək Avropanın deyil, bütün dünyanın yaxından izlədiyi bu Oyunlar proqnozlaşdırıldığından da gözəl təşkil olunaraq Azərbaycana və xalqımıza başucalığı gətirdi.

 

2012-ci ilin dekabrında Avropa Olimpiya Komitəsinin I Avropa Oyunlarının Bakıda keçirilməsi ilə bağlı qərarı Azərbaycanda idmanın inkişafına göstərilən qayğının və ölkəmizin mötəbər tədbirlərin təşkilində ortaya qoyduğu yüksək nümunənin və Prezident İlham Əliyevin uğurlu siyasəti sayəsində ölkəmizin inkişafının beynəlxalq miqyasda etirafı idi. Bu idman yarışında 50 ölkədən idmançıların iştirakı isə onun nə qədər möhtəşəm və miqyasının böyük olmasından xəbər verirdi. Bu mənada Avropa Oyunları müasir olimpiya oyunlarına bərabər tutulan beynəlxalq idman hadisəsi idi. Amma olimpiya oyunları zamanı ev sahibi olan ölkənin hazırlıq işləri üçün ən azı 7-8 il vaxtı olsa da, Azərbaycanın qarşıda cəmi 2 il yarım vaxtı var idi. Lakin Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın rəhbərlik etdiyi I Avropa Oyunlarının Təşkilat Komitəsi bu qısa müddətdə hazırlıq işlərini ən yüksək səviyyədə başa çatdırdı. I Avropa Oyunlarının yarışlarının keçirildiyi bütün idman arenaları yenidən quruldu, 5 yeni idman kompleksi inşa olundu. Təsadüfi deyil ki, bu günlərdə ölkəmizdə səfərdə olan Avropa Olimpiya Komitəsinin rəsmiləri Azərbaycanın qısa müddətdə həyata keçirdiyi hazırlıq və təşkilatçılıq işlərinə heyranlıqlarını gizlədə bilmirdilər. Bu uğurlar Prezident İlham Əliyevin vətəndaşlarımızın daha xoşbəxt gələcəyinə hesablanmış uzaqgörən və müdrik siyasətinin nəticəsidir. 
O da məlumdur ki, indiyədək yalnız Avropa ölkələrinin təmsil olunduğu bu cür möhtəşəm idman yarışması keçirilməmişdi. Nümunəvi və qüsursuz təşkilatçılığı, olduqca möhtəşəm açılış və bağlanış mərasimləri ilə yadda qalan 
I Avropa Oyunları keçirildiyi günlərdə dünyanın əsas idman hadisəsinə çevrildi. Respublikamız Avropanın 50 ölkəsindən 6 mindən çox idmançının mübarizə apardığı bu idman yarışını layiqincə təşkil etməklə sübut etdi ki, istənilən kütləvi tədbiri, o cümlədən yay olimpiya oyunlarını da keçirməyə qadirdir.
I Avropa Oyunları Azərbaycanın istənilən beynəlxalq tədbiri ən ideal şəkildə təşkil etmək imkanlarının növbəti təsdiqi olmaqla yanaşı, həm də ölkəmizdə idmanın inkişafda olduğunu, Olimpiya hərəkatının geniş vüsət aldığını bütün dünyaya nümayiş etdirdi. İdmançılarımızın 21-i qızıl, 15-i gümüş və 20-si bürünc olmaqla qazandıqları 56 medalla Azərbaycan I Avropa Oyunlarının ikincisi oldu. Bu bir daha göstərdi ki, ölkəmizdə həyata keçirilən idman siyasəti öz bəhrəsini verir.
“Eurovision” Mahnı Müsabiqəsində olduğu kimi, I Avropa Oyunları ərəfəsində də antiazərbaycançı şəbəkə yenidən fəallaşaraq ölkəmizə və bu idman yarışmasına qarşı qarayaxma kampaniyasına başlamışdı. Azərbaycanın hazırlıq işlərini vaxtında və yüksək təşkilatçılıqla apardığını və Oyunları ideal səviyyədə keçirəcəyini anlayan ermənipərəst dairələr və siyasətçilər ölkəmizə qarşı qara piar başladaraq dəridən- qabıqdan çıxdılar, böhtandan belə çəkinmədilər. Lakin Azərbaycan dövlətinə hansısa bəyanatlarla, qərarla təsir və ya təzyiq etmək mümkün deyil və ola da bilməz. Bu məkrli fəaliyyət yenə də puç oldu, nə qədər çapalasalar da, hər cür fitnə-fəsada cəhd göstərsələr də, Azərbaycan öz yolu ilə inamla addımladı. Başqa sözlə, ölkəmiz I Avropa Oyunlarını ən yüksək səviyyədə təşkil etməklə antiazərbaycançı dairələrin bütün məkrli planlarını alt-üst etdi. 
Azərbaycanda keçirilən I Avropa Oyunlarında “Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları” İctimai Birliyinin (AHİT İB) idmançı və məşqçi-müəllimləri də fəal iştirak etmişlər. Yarışların açılış mərasimində Azərbaycan nümayəndə heyətinin qarşısında respublikamızın bayrağını AHİT İctimai Birliyinin nəzdindəki “Atilla” idman klubunun cüdoçusu Elmar Qasımov aparmışdır. Ümumilikdə isə I Avropa Oyunlarında həmkarlar ittifaqlarının idman təşkilatlarından 11 idmançı iştirak etmişdir. Onlardan “Atilla” idman klubunun nümayəndəsi, cüdo üzrə 60 kq çəki dərəcəsində mübarizə aparan Orxan Səfərov ikinci yeri, “Zenit” İdman Cəmiyyətinin nümayəndəsi, sərbəst güləş üzrə 74 kq çəki dərəcəsində mübarizə aparan Cəbrayıl Həsənov isə üçüncü yeri tutmuşdu.
Bundan başqa, Oyunların proqramına daxil olan idman növlərində həmkarlar ittifaqlarının idman təşkilatlarında, cəmiyyətlərində, klublarında çalışan məşqçi-müəllimlər hakimlik və məşqçilik etmişlər. Onlardan Tofiq Əliyev (“Spartak” İC) atletika üzrə, Olqa Stepanova və Səadət Məmmədova (“Spartak” İC) atıcılıq üzrə, Mahmud Məmmədov (AHİT İB) badminton üzrə yarışlara hakimlik etmişlər. Leyla Fazilova (“Məhsul” İC) oxatma üzrə, Fərhad Məmmədov, Əli Dərvişov və Hacıağa Həcıəhmədov (“Atilla” İK) isə cüdo yarışlarında məşqçi kimi iştirak etmişlər.
Bizim üçün çox qürurverici haldır ki, Avropa Oyunları tarixdə ilk dəfə olaraq Azərbaycanda keçirildi. Ona görə bundan sonra keçirilən bütün Avropa Oyunlarında hər dəfə mütləq Azərbaycan xatırlanacaq, yarışmanın məşəli isə Bakıdakı “Atəşgah”dan yandırılacaq. Respublikamızın bu mötəbər idman yarışmasındakı nümunəvi evsahibliyi isə Bakıya gələnlərin hamısını heyran etdi. Müasir dövrdə belə tədbirlər ölkənin təbliği üçün ən gözəl vasitədir. Bu mənada Bakıya gələn xarici qonaqlar xalqımızı daha yaxından tanıdılar, milli-mənəvi dəyərlərimizlə tanış oldular. Bütövlükdə I Avropa Oyunları Azərbaycanın beynəlxalq imicinin daha da yüksəlməsinə töhfələr verən mühüm hadisə kimi tarixə yazıldı.

 

"AZƏRBAYCAN" qəzeti 

10.07.2015

ПОЛЕЗНЫЕ ССЫЛКИ