AZ | RU | EN
AZ | EN | RU

İcbari tibbi sığortanın tətbiqinə hazırlıq başlayıb

12 Apr 2019

Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin aprelin 12-də keçirilmiş növbəti Məclisində “İcbari tibbi sığortanın tətbiqinə hazırlıq” məsələsinə baxılıb. 

Tədbirdə çıxış edən Respublika Komitəsinin sədri Emin Əfəndiyev deyib ki, icbari tibbi sığortanın tətbiqi barədə ölkə başçısının fərmanı həmkarlar ittifaqı tərəfindən dəstəklənib. Ötən iki ildə Mingəçevir şəhərində, Yevlax və Ağdaş rayonlarında tətbiq olunmuş icbari sığorta ilə bağlı pilot layihənin icrasında həmkarlar ittifaqları da fəal iştirak ediblər.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Tibbi sığorta departamentinin rəhbəri Vüqar Qurbanov icbari tibbi sığortanın mahiyyəti, sistemin tətbiqinin səhiyyənin inkişafına töhfəsi və pilot ərazilər üzrə tibbi statistik göstəricilər barədə iştirakçılara məlumat verib. O həmçinin, tibb işçilərinin nüfuzunun, sosial rifahının və peşəkarlığının artırılması istiqamətində pilot layihə çərçivəsində atılan addımlardan danışıb, tibb personalının iş şəraitinin yaxşılaşdığını, xəstəxanalarda qeydiyyat sisteminin yenidən qurulduğunu və onların maddi-texniki bazalarının gücləndirildiyini diqqətə çatdırıb.

İcbari tibbi sığorta çərçivəsində tibb müəssisələrinin yeni maliyyələşdirilməsi qaydalarından danışan Agentliyin Monitorinq, təhlil və aktuari departamentinin rəhbəri Araz Nəsirov icbari tibbi sığorta modelləri, universal tibbi təminat, ölkəmizdə və digər ölkələrdə mövcud səhiyyə sistemləri barədə çıxış edib. Onun sözlərinə görə, icbari tibbi sığortahaqqı muzdlu işçilər üçün əməkhaqqından faiz tutulmaqla, digər vətəndaşlar üçün isə illik 120 manat müəyyənləşdirilib. A.Nəsirov eyni zamanda icbari tibbi sığortahaqqını ödəməkdən azad olunan əhali qrupları barədə də danışıb.

Agentliyin səhiyyə siyasəti və kliniki kodlaşdırma şöbəsinin müdiri Şərafət İsmayılova icbari tibbi sığortanın xidmətlər zərfi barədə də məlumat verib. 
Mingəçevir şəhər Mərkəzi Xəstəxanasının direktoru Könül Ələkbərov deyib ki, rəhbərlik etdiyi tibb müəssisəsində çevik idarəetmənin təmin olunması üçün şöbələr yeni struktura uyğun formalaşdırılıb, kadrlar yeni struktura uyğun yerləşdirilib və tibb müəssisəsinin maddi-texniki bazası yenilənib. 
Sonra Məclis üzvlərini maraqlandıran suallar cavablandırılıb.

ПОЛЕЗНЫЕ ССЫЛКИ