İlham Əliyevin yeni islahatlar paketi dünyanın ən mükəmməl sosial dəstək modellərindəndir
06 Oct 2019
Prezident İlham Əliyev ölkə vətəndaşlarının sosial müdafiəsinin mütəmadi gücləndirilməsini fəaliyyətinin başlıca məqsədlərindən biri kimi diqqətdə saxlayır.
Onun düşünüb ortaya qoyduğu ideyalar və şəxsi təşəbbüsü
sayəsində inqilabi iqtisadi, sosial islahatlar aparılır ki, bu da son nəticədə əhalinin
yaşayışını yaxşılaşdırır və dövlətimizin qüdrətini artırır.
Modern dövlət quruculuğu xəttini seçən və bu yolda
fenomen bacarıq nümayiş etdirən cənab İlham Əliyev ölkəmizi nəinki regionun, hətta
qitənin və dünyanın qabaqcıl dövlətləri sırasına çıxarmışdır. Cənab İlham
Əliyevin dövlət quruculuğu modelinin digər coğrafiyalarda da öyrənilməsi, təqdir
və tətbiq edilməsi bizdə qürur hissi doğurur. Artıq Azərbaycanda dövlət idarəetmə
sistemində mövcud olan brend modellər dünya dövlətlərinə ixrac edilməkdədir.
Buna misal kimi "Asan xidmət”i göstərmək olar. Siyasi, sosial, iqtisadi, hərbi
sahədə aparılan islahatlar Azərbaycanın bütün komponentləri ilə müasir dünyanın
sivil ölkələri sırasında layiqli yerini tutmasını təmin etdi.
Məlum olduğu kimi, hətta Avropanın özündə belə islahatlar
heç də həmişə istənilən nəticəni vermir. Bəzən əks göstəricilərə gətirib
çıxarır. Bəs Azərbaycanda aparılan islahatların uğurlarının sirri nədədir? Bu,
ilk növbədə cənab İlham Əliyevin proseslərə kompleks yanaşması, islahatları
qısa və uzun müddətlərə hesablanmış dövlət proqramları vasitəsilə həyata keçirməsi
sayəsində mümkün olur. Bu proqramlar təkcə iqtisadi prosesləri deyil, həm də mənəvi,
milli, tarixi sərvətlərimizin bərpasını, tərəqqisini özündə ehtiva edir. Bütün
bunlar insanlarda sovet dövrünün unutdurduğu dövlətçilik hisslərini gücləndirir,
daha böyük iqtisadi uğurlara səfərbər edir.
Neft kapitalının insan kapitalına çevrilməsi, informasiya
texnologiyalarının inkişafı bütün sahələrdə İKT-dən istifadə qeyri-neft
sektorunun dövlət büdcəsində çəkisini artırır. Bu da ciddi sosial islahatlara
yol açır. Büdcə gəlirləri ölkə başçısının dediyi kimi, əhalinin rifah halının
daha da yaxşılaşdırılmasına yönəldilir. Cənab İlham Əliyev islahatların nəticələrini
qabaqcadan hesablamaq istedadına malikdir. Təsadüfi deyil ki, o, hələ bir müddət
əvvəl xalqa müjdə vermişdi ki, 2019-cu il sosial inkişaf, əhalinin sosial
müdafiəsi baxımından başqa illərdən fərqli olacaq. Xalq bu müjdənin
reallaşmasını çox gözləmədi. Cari ilin ilk aylarından başlayaraq iki sosial
paket təqdim olundu.
Birinci sosial islahatlar paketi nəticəsində minimum əməkhaqqı
martın 1-dən 40 faizədək artırılaraq 130 manatdan 180, pensiyanın minimum məbləği
isə 40 faizədək artırılaraq 116 manatdan 160 manata çatdırılıb. Bu gün həmin
artımlardan 830 min insan yararlanır. Həmçinin aprelin 1-dən 14 kateqoriyaya
aid şəxslər üzrə sosial müavinətlər, 9 kateqoriyaya aid şəxslər üzrə isə
Prezidentin aylıq təqaüdlərinin məbləği orta hesabla 100 faiz artırılıb. Sosial
təminat sisteminin əhatə dairəsi daha da genişləndirilib, 2 yeni təqaüd növü -
sağlamlıq imkanları məhdud uşaqlara və I dərəcə əlilliyi olan şəxslərə qulluq
edənlərə Prezidentin aylıq təqaüdü təsis olunub. Habelə aylıq sosial müavinət
alan I dərəcə əlilliyi olan şəxslər üçün Prezidentin aylıq təqaüdü pensiya alan
I dərəcə əlilliyi olan şəxslərə də şamil edilib. Sayı 80 minədək olan müharibə
veteranlarına aylıq təqaüdlər təsis olunub. Sosial müavinət və təqaüd
artımları, təsis olunan yeni təqaüdlər 300 min əlilliyi olan şəxslərdən ibarət
600 minədək vətəndaşın rifahını yaxşılaşdırıb. Bunlardan əlavə, məcburi köçkünlərin
aylıq müavinəti 50 faiz artırılıb, 800 min vətəndaşın problemli kreditləri həll
olunub, tələbələrin təqaüdlərində əhəmiyyətli artımlar edilib.
Ümumilikdə cari ilin ilk rübündə reallaşdırılan və
artımların təmin edilməsi üçün əlavə olaraq dövlətin illik 1,9 milyard manat
maliyyə yükünü üzərinə götürdüyü birinci sosial paket 3 milyona yaxın insanın
rifahına mühüm dəstək oldu.
Prezident İlham Əliyevin ikinci sosial paketini əhatə edən
18 iyun 2019-cu il tarixli sərəncamları, minimum pensiyanın artırılması üçün
yeni qanunvericilik təşəbbüsü isə əhalinin rifah halının yaxşılaşdırılması
istiqamətində inqilabi addımların ardıcıl xarakter aldığını göstərir.
"Minimum aylıq əməkhaqqının artırılması haqqında” sərəncama əsasən, ölkədə
minimum əməkhaqqının məbləği cari il sentyabrın 1-dən 40 faizədək artırılaraq
180 manatdan 250 manata çatdırıldı. Bununla da cari ildə reallaşan iki sosial
paket nəticəsində Azərbaycanda minimum əməkhaqqının məbləği 93 faiz artırılmış
oldu. Bununla ölkəmizdə ilk dəfə olaraq minimum əməkhaqqının məbləği yaşayış
minimumunu (180 manat) üstələdi. Yəni minimum səviyyədə olan əməkhaqqı belə
yaşayış minimumundan 70 manat və ya 40 faiz çox oldu. Bu, Azərbaycan dövlətinin
sosial siyasətinin növbəti uğuru olmaqla ölkəmizdəki sosial inkişafın daha bir
göstəricisidir. Digər tərəfdən, yeni artımla Azərbaycan minimum əməkhaqqının
alıcılıq qabiliyyətinə görə (PPP) MDB ölkələri arasında 2-ci yerə qalxdi.
Minimum əməkhaqqının bu artımı 950 min nəfərin (muzdla çalışanların azı 63
faizini) maaşlarının artımına səbəb oldu ki, onlardan da 600 mini dövlət, 350
mini qeyri-dövlət sektorunda çalışanlardır.
Beləliklə, Azərbaycan minimum əməkhaqqının səviyyəsinə
görə təkcə qonşu yox, MDB-yə üzv ölkələrlə də müqayisə edildikdə alıcılıq
qabiliyyəti indeksi üzrə ikinci yerə sahiblənmiş oldu.
18 iyun 2019-cu il tarixində imzalanan digər sərəncamlarla
eyni zamanda dövlət sektorunda işləyən müəllimlər, dövlət büdcəsindən maliyyələşən
bir sıra təşkilatlarda çalışanlar, hərbi qulluqçular, hüquq mühafizə orqanları əməkdaşları,
həm ümumi, həm də xüsusi növ üzrə dövlət qulluqçuları, hakimlər və digərlərindən
ibarət 400 min nəfərin əməkhaqları da cari il sentyabrın 1-dən 20-100 faiz səviyyəsində
artırıldı. Ümumilikdə ikinci sosial paket 1 milyon 350 min nəfəri əhatə edir
ki, onlardan da 1 milyonu dövlət, qalanları özəl sektorda işləyənlərdir. Onu da
qeyd edək ki, 2019-cu ildə reallaşan iki sosial paket nəticəsində minimum əməkhaqqının
və dövlət sektorunda işləyənlərin əməkhaqlarının artımı üçün dövlət tərəfindən
illik 2 milyard manat vəsait ayrılıb. Digər mühüm fakt: 2003-cü ilə nisbətən
ölkə üzrə minimum əməkhaqqı 27,7 dəfə artırılaraq 250 manata çatdırılıb, orta
aylıq əməkhaqqı isə 7,5 dəfə artaraq 77,4 manatdan 581,2 manata çatıb.
Qeyd etdiyimiz kimi, ikinci sosial paket çərçivəsində
Prezident İlham Əliyevin yeni qanunvericilik təşəbbüsü kimi əmək pensiyasının
minimum məbləğinin 25 faiz artırılaraq cari il oktyabrın 1-dən 160 manatdan 200
manata çatdırılması təmin edildi.
Bir qədər əvvəl dediyim kimi, dövlətimiz,
iqtisadiyyatımız inkişaf etdikcə sosial islahatların da miqyası və sayı
artacaq. Çünki bu tərəqqinin təməlində Ümummilli Lider Heydər Əliyevin Azərbaycanın
tarixi ənənələrini və Avropa dəyərlərini özündə birləşdirən dövlətçilik
konsepsiyası durur.
Səttar MÖHBALIYEV,
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı
Azərbaycan qəzeti
06.10.2019-cu il